
Azərbaycanın Qırğızıstandakı Səfirliyi İşenalı Arabayev adına Qırğız Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar böyük mərasim keçirib.
Səfirlikdən 525.az-a bildirilib ki, tədbirdə Qırğız Respublikası Prezident Aparatının, Hökumətinin təmsilçiləri, Parlamentin deputatları, ictimai-siyasi xadimlər, Universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirin əvvəlində mərasim iştirakçıları universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Sonra Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.
Mərasim iştirakçıları Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Mərasimin açılışın edən İşenalı Arabayev adına Qırğızstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov qeyd edib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi:
“Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi”.
Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, H.Əliyevin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb.
Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib.
Bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını deyib: “Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.
Tədbirdə çıxış edən Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Erines Otorbayev, Türkiyənin Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç, Qırğız Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, Tarix və Sosial hüquqi təhsil İnstitutunun direktoru Nazira Kurmanova, Qırğız-Türk Manas Universitetinin rektoru, professor Sebahaddin Balcı, Qırğız Respublikası əməkdar inşaat xadimi, İkinci Dünya müharibəsi veteranı Əsəd Həsənov və başqaları dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.



