Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilən sahələrdəndir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gənclərin sosial, mədəni, siyasi, iqtisadi və digər sferalar üzrə təşəbbüsləri maraqla dinlənilir və onların həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. Gənclərin ictimai-siyasi həyatda özlərinə layiqli yer tutması üçün yaradılan və artıq 3 yaşını qeyd edən Azərbaycan Gənclər Fondu dövlətin gənclərə göstərdiyi ən böyük qayğı və töhfələrdən biridir. Bu gün gənclərə gələcəyin dövlət qurucuları kimi baxılır. Ona görə də, Azərbaycan Gənclər Fondu ölkəmizin gəncləri və gənclər təşkilatlarına öz potensiallarını inkişaf etdirmələri, ideya və təşəbbüslərini reallaşdırmaları, ölkəmizin gələcəyi naminə faydalı işlərlə yadda qalmaları üçün əlverişli imkanlar yaradılıb.
Bugünki müsahibim də bu cür qayğı və dəstəklə əhatə olanan gənclərdən biri, Fondun elan etdiyi 5-ci qrant müsabiqəsi çərçivəsində qalib gələn layihənin rəhbəri İsmayıl İsmayılovdur. Qeyd edim ki, "Yol terroruna son" adlanan qalib layihənin əsas məqsədi Azərbaycanda hər gün baş verən və piyadaların ölümü, ən yaxşı halda isə onların ağır xəsarət alması ilə nəticələnən avtoqəzaların qarşısının qismən də olsa alınması, maarifləndirmə işlərinin aparılması, o cümlədən, əhali arasında yol və sürücü mədəniyyətinin formalaşdırılması, qaydalara riayət olunmasını qismən də olsa təmin etməkdir.
İsmayıl bəy, Azərbaycanda gənclər siyasətinin vəziyyətini necə qiymətləndirirsiz? Gənclər yetərincə dəstəklə əhatə olunubmu?
- Bu gün Azərbaycan Gənclər siyasəti dünya səviyyəsində nümunəvi bir model üzərində qurulub. Gənclərin hərtərəfli inkişafının, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün çox münbit bir şərait yaradılıb. Hazırda Azərbaycan gənci tam müstəqil şəkildə istədiyi sahədə özünü inkişaf etdirə bilir. Heç şübhəsiz ki, dövlətimizin dəstəyini daim üzərimizdə hiss edirik. Bunun bariz nümunəsi kimi dövlət başçısı cənab İlham Əliyevin sərəncamına əsasən yaradılan Gənclər Fondunu göstərmək olar. Bir gənc kimi mənim həyatımda Gənclər Fondunun böyük rolu var. Azərbaycan gənci öz təhsili, dünyagörüşü və innovativliyi ilə artıq öz sözünü deyib. Biz gənclərə göstərilən qayğı nəinki Cənubi Qafqaz regionunda, mən deyərdim ki, bütün dünya üçün bir örnək, yenilik sayılır.
Qeyd edək ki, bu il Qəbələdə Beynəlxalq gənclər forumu, Bakıda isə Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumun keçirilməsi bu sahəyə olan diqqətin daha da artırılmasına zəmin yaradıb. Bu mənada dünya gəncləri ilə əməkdaşlıq qura bilmisinizmi?
-Bəli, Azərbaycan hər bir sahədə olduğu kimi gənclər sahəsində də artıq regionun aparıcı dövlətinə çevrilib. Digər sahələrdə olduğu kimi gənclər siyasətində də möhtəbər tədbirlər artıq ölkəmizdə uğurla keçirilir. Bunun bariz nümunəsi kimi Qəbələdə beynəlxalq forumun, Bakıda Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumun keçirilməsini göstərmək kifayət edir. Azərbaycan gəncinin artıq dünyada öz sözünü deyən gənclər ordusu olduğunu artıq beynəlxalq aləm də bilir. Biz bu gün artıq ölkə hüdudlarından kənarda fəaliyyət göstərə bilirik. Nəinki qonşu dövlətlərdə, hətta minlərlə kilometr uzaqlıqda yerləşən ölkərdə də dostlar qazanıb, onların sayəsində Azərbaycanımızın tanınmasına nail ola bilmişik. Əgər 20 il əvvəl Azərbaycanı inkişafdan qalmış ölkə kimi, konservativ, dar çərçivədə tanıyırdılarsa, hal-hazırda dünya Azərbaycanımızı innovasiyalar mərkəzi, kreativ düşüncəli gənclərin formalaşdığı, sürətli inkişaf tempinə malik dövlət kimi qəbul edirlər.
İndiyədək hansı təşəbbüslərdə çıxış etmisiniz? Bildiyimə görə, "Yol terroruna son" layihəsinin rəhbərisiniz. Bu layihələrin aktuallığını, sosial əhəmiyyətini nədə görürsünüz?
- 30-dan artıq layihənin müəllifi olmuşam. Bu layihələr müxtəlif sahələri əhatə edir. Onlar arasında incəsənətdən - sağlamlığa, maarifləndirmədən - innovasiya və texnologiyaya qədər müxtəlif mövzular var. Bu günə qədər Gənclər Fondu mənim 4 layihəmi maliyyələşdirib. Misal olaraq, Azərbaycanda ilk dəfə keçirilən "Qum Heykəltəraşlığı", Gənc Modelyerlərin "Bakı Moda Festivalı" , tarixi şəxsiyyətlərin heykəl portretlərinin hazırlandığı "Yaşayan Tarix" və "Yol terroruna son" layihəsini göstərə bilərəm. Sonuncu layihədə Azərbaycanda ən aktual olan problemə toxunmuşuq. Təəssüflə qeyd etməliyəm ki, qəzetlərdə, televiziyalarda yol nəqliyyat hadisələri haqqında, qəzalar nəticəsində ölan və ya xəsarət alanlar haqqında hər gün məlumat alırıq. Layihənin gələcəkdə daha geniş coğrafi ərazidə, regionlarda, ali və orta ixtisas təhsil müəssisələrində, dövlət və özəl müəssisələrdə keçirilməsi də nəzərdə tutulub. Bu layihə çərçivəsində 3 qısa metrajlı sosial video- çarx hazırlanıb, bundan əlavə maarifləndirici buklet, flayer və kitabçalar çap olunaraq əhalinin sıx olduğu yerlərdə və daha çox qəzaların baş verdiyi ərazilərdə paylanılması nəzərdə tutulub. Videoçarxların isə televiziyalarda mütəmadi yayımlanması təşkil edəcəyik. Ən əsası isə hər gün bir neçə ailənin kədərinin azalmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq. Bu layihəni həyata keçirməklə düşünürəm ki, cüzi də olsa, kimisə maarifləndirə biliriksə, kiminsə qəzadan yayınmasına səbəb oluruqsa, bu artıq özü bir göstəricidir. Təsadüfi deyil ki, çəkilən filmlərə tamaşaçı baxan kimi öz reaksiyasını bildirir, hətta ətrafımda olan sürücü dostlarımız bu filmlərə baxdıqdan sonra özləri üçün nəticə çıxarırlar.
Hazırkı fəaliyyətiniz və gələcək planlarınız nədən ibarətdir?
-Hal-hazırda təhsilimi davam etdirməklə yanaşı, öz kiçik biznesimi də qurmuşam. Fəal Gənclər İctimai Birliyinin (İB) sədriyəm. Eyni zamanda, qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlaşıram. Nəsimi rayonu üzrə namizədəm. Gələcəkdə ictimai fəaliyyətimi daha da artırıb ölkəmiz üçün daim yararlı vətəndaş olmaqla yanaşı həmdə öz biznesimi inkişaf etdirmək istəyirəm. Biz gənclər üçün dövlətimiz tərəfindən yaradılan bu şəraiti yüksək qiymətləndirirəm. Bizə verilən dəyərə, göstərilən qayğıya sadiq qalaraq dövlətçiliyimiz üçün xidmət göstərməyi, bizdən sonra gələn gənclik ordusunun da dinamik inkişafı üçün əlimdən gələn dəstəyi verməyi düşünürəm.
Həyata keçirə bilmədiyiniz maraqlı bir təşəbbüsünüz olubmu?
- Dövlətimiz biz gənclər üçün çox gözəl şərait yaradıb. Bir çox ölkələrdə olmayan Gənclər Fondu bu gün nəinki ictimai təşkilatların, o cümlədən, öz təşəbbüsü ilə layihə təqdim edən fərdi şəxslərin də arzu və istəklərini həyata keçirməyə imkan yaradır. Amma bəzi layihələr var ki, bu gün nə biz gənclərdən, nədəki yaradılan şəraitdən asılıdır. Mənim bu günə qədər yazdığım və hal hazırda da həyata keçirmək istdəyim layihə mövcuddur. Bu Qarabağa aid olan bir layihədir. Hesab edirəm ki, hər bir gəncin ürəyində Qarabağ arzusu var. İnşallah, ümüd edirəm ki, ən qısa zamanda Şuşada o layihəni həyata keçirəcəm.
Azərbaycanda gənclərlə bağlı layihələrlə əlaqəli olan dövlət qurumu Gənclər Fondudur. Yaradılan şərait, birgə əməkdaşlıq səviyyəsi sizi qane edirmi?
-Gənclər fondu hər bir gəncin inkişafında və cəmiyətdə uğurlu yer tutmasında güclü bir dəstəkdir. Azərbaycanda hər bir sahəyə olduğu kimi gənclərə də böyük diqqət və qayğı var. Mən deyərdim ki, bu qayğı nəinki Azərbaycanda, hətta dünya üzrə ən yüksək göstəricilərdəndir. Bu gün Gənclər Fondunun bizə verdiyi bu dəstək sabah hər bir gəncin ölkəmiz üçün əhəmiyyətli işlər görməsini təmin edəcək. Bizə göstərilən diqqət və etimadı hər zaman doğrultmağı özümüzə borc bilməliyik.
Ceyhun ABASOV