(Əvvəli ötən sayımızda)
1927-ci ildə Əyyub Abbasovun yazdığı dram əsəri Naxçıvan şəhərindəki Karl Libknext adına komsomol klubunda tamaşaya qoyulmuş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı. "Yeni şeir"in tələbinə uymayanlar, gənc qələmlərin sıralarından uzaqlaşdırılırdı. Bu baxımdan, bir əsrlik yol qət edən "Şərq qapısı" qəzeti öz səhifələrində siyasiləşən mətbuatımızın 70 illik tarixini, XX əsrin ikinci onilliyindən sonra ölkəni bürüyən sovet ideologiyasını, cəmiyyətdə gedən proseslər: sovetləşmə, kolxozlaşma, sənayeləşmə, çağırılan qurultaylar, qurultaylardan irəli gələn məsələlər, qolçamaqlarla mübarizə və sair əks etdirir (1922-1991). Yəni "Şərq qapısı" qəzeti yaşanmış tariximizin də "salnaməsi", "Naxçıvan diyarının ən mükəmməl ensiklopediyasıdır". "Yurdun salnaməsi" sayılan "Şərq qapısı" qəzeti yaradıcılığa şeirlə başlayan, uzun müddət publisistikası ilə diqqət çəkən və uşaqlar üçün maraqlı əsərlər yazan Əyyub Abasovun ədəbi fəaliyyətinin Naxçıvan dövrünə işıq tutur
1931-ci ildə ölkədə ədəbiyyatın daha da inkişaf etdirilməsi haqqında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin ədəbiyyat haqqında yeni qərarı elan olunmasından sonra Proletar Yazıçılar cəmiyyətinin ləğv edilməsi və Sovet Yazıçılar İttifaqının təşkil olunması qərara alınır. Bu zaman Bakıdan yeni qayıtmış Ə.Abasov yenə yaradıcı gəncləri öz ətrafına toplayır.
Həmin il Ə.Abasovun "Mübarizə" adlı ilk şeirlər kitabı "Şərq qapısı" qəzetinin mətbəəsində Məmmədəli Tarverdiyevin redaktorluğu və Lətif Hüseynzadənin giriş sözü ilə nəşr edilir. Kitabın ərsəyə gəlməsində müəllimi Şeyx Məhəmməd Rasizadənin də böyük əməyi olur. Əyyub Abbasov müəllimi Şeyx Məhəmməd Rasizadəni hörmət və etiramla xatırlayır: "Mən də tez-tez Məhəmməd müəllimgilə gedib ondan dərs alırdım. o, şeirlərimlə maraqlanır, onları oxuyub təhlil edir, mənə dəyərli məsləhətlər verirdi. Məsləhəti də bu olurdu ki, yüngül şeirlər ardınca qaçma, şeir mənadan, gözəl duyğulardan maya tutmalıdır. Sevgi şeirlərinə çox uyma. Çalış daha çox vətəni, bu torpağın özəlliklərini, doğma təbiəti tərənnüm edəsən. Onun tövsiyələrini can-başla yerinə yetirir, şeirlərini oxuyub bəyəndikcə sanki mənə yeni ilham gəlirdi. Bir dəfə o, mənə dedi: - Bəlkə bu şeirlərini kitab halında dərc etdirəsən.
- Mən də bu arzudayam. Ancaq bilmirəm kimə, hara müraciət edim, - deyə inamsız halda cavab verdim.
Əlini çiynimə qoyub bir ata nəvazişi ilə dedi:
- Sən şeirlərini topla, mənə gətir. Dalısı ilə işin yoxdur..."
Beləliklə, ilk şeir kitabım onun təşəbbüsü ilə işıq üzü gördü. Həmin kitab 1932-ci ildə "Şərq qapısı"nın mətbəəsində nəşr olundu. Uçmağa qanadım yox idi. Müəllimimə necə təşəkkür edəcəyimi bilmirdim. Və heç şübhəsiz, ilk kitabımın ilk nüsxəsini Şeyx Məhəmməd Rasizadəyə bağışladım".
Əyyub Abbasovun müəllimi Şeyx Məhəmməd Rasizadəyə bağışladığı kitabı Şeyxin qızı Rəna xanım qoruyub saxlamışdı. Ömrünün son illərini Bakıda, Nizami rayonunda yaşayan Rəna xanımla evində baş tutan görüşümüzdə söhbət əsnasında Ə.Abbasovun "Şəkili" imzası ilə nəşr olunmuş avtoqrafla müəlliminə bağışladığı "Mübarizə" kitabını Rəna xanım evində qoruyub saxlayırdı. Kitabın titul vərəqində yazılmışdı: "Ədəbi yaradıcılığımın yardımçısı, müəllimim Rasizadəyə xatirəm. Müəllif Əyyub Şəkili. 31 yanvar 1932-ci il".
Şairin "Mübarizə" kitabında toplanmış şeirlərində zəhmətkeşlərin əmək qəhrəmanlığı, kollektivləşmə uğrunda gedən mübarizə öz əksini tapır. Şairin "Dar ağacı" poeması, "Mübarizə" kitabı maraqla qarşılanır, diqqəti cəlb edir, "Naxçıvan" şeiri dillərdə əzbər olur. Qeyd edək ki, yaradıcılığa şeirlə başlayan Ə.Abasovun silsilə şeirləri dövri mətbuat səhifələrində: "Şərq qapısı", "Kommunist", "Gənc işçi", "Yeni yol", "Yeni fikir", "Maarif və mədəniyyət", "Hücum", "Dan ulduzu" və sair mətbu orqanlarda "Şəkili" imzası ilə dərc edilmişdi.
Azərbaycan ədəbiyyatının görkəmli simaları Süleyman Rüstəmin, Mehdi Hüseynin Muxtar Respublikada olması, Əli Vəliyev, Mirzə İbrahimov kimi yazıçıların bölgəyə işləməyə göndərilməsi (Mirzə İbrahimov Naxçıvan MTS siyasi şöbəsinin orqanı olan "Surət", Əli Vəliyev Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetinə redaktor vəzifəsinə işləməyə göndərilmişdir), Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin katibi Süleyman Rüstəmin şairlərlə görüşü, Azərbaycan Proletar Yazıçılar İttifaqı nümayəndələrindən Ənvər Məmmədxanlı və Məmməd Rəhim tez-tez konfranslar, axşamlar, Naxçıvanın, Noraşenin (indiki Şərur), Ordubadın, Şahbuzun, Əbrəqunusun, Culfanın və onların kəndlərinin kolxozçu və işçiləri ilə görüşləri Naxçıvan ədəbi mühitində bir canlanma yaradır. Əyyub Abasov Naxçıvanda Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Süleyman Rüstəm və digər şair, yazıçılarla yaxından tanış olur. Sonralar Bakıda yaşayan və ədəbi yaradıcılıqla məşğul olan ədibin "Böhtanlar", "Qardaşlar", "Bahar nəğməsi", "Şəfəq", "Məlik Məhəmməd", "Alma ağacı", "İntiqam", "Sevinc" pyesləri, "Könül şikəstəsi" (1947, 76 səh), "Vətən suları" (1949, 40 səh), "Nailə" poeması (1951, 28 səh), "Ağ çadırlar", (1955, 64 səh), "Sevinc" 3 pərdə, 7 şəkildə pyes, ("Gənclik" 1968) kitabları nəşr olunur. M.Auezov "Abay" (1954), Jurba P. Aleksandr Matrosov (1951), K.Kirienko Alyonka məktəbi (1954), A.Necmi "Bahar əyalətləri" (1953), B.Kassis "Yaşıl əjdaha" (1968), L.Liçaşvili Ketsxovelli (1954), E.Oqnetsvet "Pioner bayrağı haqqında mahnı" (1952) və s. tərcümələr edir. Onun "Azad", "Məlikməmməd", "Aqil və Sərvinaz" pyesləri Gənc Tamaşaçılar Teatrında uğurla tamaşaya qoyulur. Sərvinaz rolunun ifaçısı Xalq artisti Abbasmirzə Şərifzadənin qızı Firəngiz xanım xatirələrində Əyyub Abbasovun bu əsərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını yazır. "Qadın azadlığı" adlı ilk dramı Naxçıvan teatrında tamaşaya qoyulur. Müxtəlif məsul vəzifələrdə çalışmaqla yanaşı, daima ədəbi yaradıcılığı da davam etdirən, daha çox şair, dramaturq kimi tanınan Əyyub Abasov sovet ideologiyasının sərt dövründə vicdanının səsi ilə və cəsarətlə 2 cildlik 980 səhifəlik "Zəngəzur" tarixi romanını yazır. Keçən əsrin əvvəllərində erməni təcavüzündə bütün ailə üzvlərini itirən yazıçı yaşadıqlarını, şahidi olduqlarını, tarixi həqiqətləri ədəbi-tarixi salnamədə, "Zəngəzur" romanında yazaraq həqiqətləri, gələcək nəsillərə bəyan edir.
Deyirlər, tarix təkrar olunur. "Zəngəzur" tarixi romanını oxuyanlar, əsrin sonlarında yaşadıqlarımızla qarşılaşdıranda bu sözdə nə qədər böyük bir həqiqət olduğunu görə bilər. Əyyub Abasovun yaradıcılıqda ən yüksək nailiyyəti sayılan "Zəngəzur" tarixi romanını müasir dövrümüzlə (Qarabağ müharibəsi zamanı evlərin bombalanması, dağıdılması, valideynlərini itirmiş uşaqların fəryadı, uşaqların süngüyə taxılması və sair) paraleləşdirəndə görürük ki, roman bütün dövrlər üçün aktual olan çox dəyərli əsərdir. Ötən əsrdə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri qırğınları əks etdirən kitab tarixin ədəbi dillə anladılması, oğuzların vətəni Zəngəzurun necə işğal olunmasının salnaməsi, tarixlə çağdaşlığın vəhdətidir.
"Qısa sürən XX əsr"də yaşanmış tarixi həqiqətlərin əks olunması, Zəngəzurda yaşanan qanlı qırğınlar zamanı gizlədilən faktların, təhrif edilən tarixin romanda ortaya qoyulması ilə müəllifə qarşı hücumlar başlanır. Sovet dövründə "xalqlar dostluğu" şüarını ürəkdən səsləndirən bəzi yazarlar Əyyub Abasovdan şikayət məktubları yazır. Guya Əyyub Abasovun "Zəngəzur" romanı (əslində heç zaman mövcud olmayan) Azərbaycan-Ermənistan dostluğuna kölgə salır. Çünki artıq türklərə qarşı qətliamları unudulmuş, dost cildində olan ermənilər torpaqlarımızda yaşayır, ən yaxşı vəzifələrdə çalışırdılar. Təbii ki, düşmənlər vəziyyətdən xoşlanmır. Roman Ermənistanda qadağan olunur, kitabxanalardan yığışdırılır. Rusiya və erməni tərəfdarı olan bəzi azərbaycanlı qələmdaşları da Əyyub Abasovu birbaşa şahidi olduğu reallıqları yazdığına görə qınayır. Bu qədər təzyiqə tab gətirməyən yazıçı, romanın nəşrindən az sonra işə gedərkən, 52 yaşında qəflətən ürək tutmasından dünyasını dəyişir. "Zəngəzurda doğulan, Naxçıvanda "xeyirxah insanların himayəsində yaşayan" həyatına Bakıda davam edən Ə.Abasov ölümündən sonra unudulur, sanki nə belə yazıçı olub, nə də "Zəngəzur" adlı roman". Ötən əsrdə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi qırğınları əks etdirən kitabdan və müəllif Əyyub Abasovdan gənc nəsil uzun illər xəbərsiz qalır. Amma xəbərdar olmalı idik, çünki "Zəngəzur" romanı sıradan bir kitab deyil, Zəngəzurun işğal salnaməsidir.
Tarix unudulmamalı, tarixdən dərs alınmalıdır. Çünki tarix unudulanda təkrarlanır. "Zəngəzur" romanının Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanının ardıcıl və müntəzəm şəkildə həyata keçirilməsi haqqında" 30 mart 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilən tədbirlər planına salınması da məhz bu zərurətindən yaranmış, "Zəngəzur" romanı Azərbaycan və rus dillərində təkrar nəşr edilmişdi. Tarixi həqiqətləri yazdığı üçün təqiblərə məruz qalan və şübhəli şəraitdə dünyasını dəyişən, adı unudulan Əyyub Abbasovun Ermənistanda qadağan edilən və kitabxanalardan yığışdırılan "Zəngəzur" tarixi romanını oxumaq, təbliğ etmək, tarixi yaddaşımızı təzələmək zəruridir.
Qanlı faciələrin burulğanında dünyaya gələn, ermənilər tərəfindən bütün ailəsini və qədim yurd yeri Zəngəzuru itirən, həyatı Zəngəzur, Naxçıvan, Bakı üçbucağında keçən, adının mistikasını yaşayan Əyyub Abasov özünün "Zəngəzur" romanı ilə bizim üçün gerçək tarix danışan natiqdir.
Qeyd etdiyimiz kimi, şair, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Ə.Abasovun keşməkeşli həyatı, fəaliyyəti, ədəbi yaradıcılığı haqqında publisistik məqalə və kitab yazılsa da, adı Naxçıvanın elmi, ictimai və mədəni həyatına aid tədqiqatlarda çəkilsə də, həyatı və yaradıcılığı sistemli şəkildə öyrənilməyib. Zəngəzur faciəsinin şahidi olan ədibin həyatı və ədəbi irsinin xüsusi tədqiqata ehtiyac var. Əyyub Abasovun bioqrafiyasını araşdırmaq, həm də tarixə baxışdır, tarixə qayıdışdır. Milli dövlətçilik tariximizdə həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli bir dövrün - "qısa sürən 20-ci əsr"in sakini olan, adı taleyinə çevrilən Əyyub Abasovun ruhu şad olsun!