– Rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti, həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?
– Yerli və beynəlxalq səviyyədə mühüm layihələrdə və aparıcı platformaların idarəetmə prosesində iştirak etmək, hər şeydən əvvəl zaman, təcrübə və enerji yatırımı tələb edir. Sözsüz ki, bütün bunları bir fərdin uğurları kimi nümayiş etdirmək düzgün və inandırıcı olmazdı. Əldə olunan uğurlar, komandadakı ayrı-ayrı fərdlərin birgə və uzun müddətli strateji fəaliyyətlərinin nəticəsidir. Bu sahədə fəaliyyətimə 2006-cı ildə tələbə olarkən, DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) təşkilatında könüllü olaraq başlamışam. Qeyd edim ki, Azərbaycan gənclər siyasəti ölkənin bütün sahələrini əhatə edən uğurlu islahatların bir istiqamətidir və 2014-cü ildə də dinamik inkişafını davam etdirib. Bu da təsadüfi deyil – ölkədə siyasi stabilliyin və iqtisadi inkişafın olması, innovativ infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi, sosial siyasət sahəsində, xüsusən də ölkənin prioritet istiqamətlərindən biri olan gənclər siyasəti sahəsində uğurların əldə olunması üçün münbit zəmin yaradır.
Gənclər siyasətinin həyata keçirilməsi – ölkə başçısı tərəfindən müəyyən olunmuş “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasının vacib istiqamətlərindəndir. Bu gün ölkəmizdə birbaşa gənclərlə iş sahəsində əlaqələndirici dövlət qurumu – Gənclər və İdman Nazirliyinin mövcud olması, gənclər və gənclər təşkilatlarının təklifləri əsasında formalaşdırılan “Azərbaycan Gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması və nazirlik tərəfindən, əlaqələndirici qurum olaraq, proqramın uğurla icrası və bunun nəticəsi olaraq hal-hazırda “Azərbaycan Gəncliyi: 2016-2020-ci illərdə” Dövlət Proqramının hazırlanması işlərinə başlanmasıdır.
Bildiyiniz kimi, dünyanın bir çox aparıcı ölkələrində belə gənclərlə birbaşa işləyən dövlət qurumu və bu sahədə dövlət proqramı mövcud deyil. İkincisi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təsis olunması və daimi olaraq ölkənin gənclər təşkilatlarına və fəal gənclərə maliyyə dəstəyinin göstərilməsidir. Azərbaycan Gənclər Fondu bir sıra xüsusiyyətlərinə görə unikaldır. Belə ki, dünyanın elə bir ölkəsinin Gənclər Fondu yoxdur ki, o, ölkə xaricində həyata keçirilən layihələri və fərdi layihələri dəstəkləsin. Üçüncüsü, Prezident Administrasiyasının müvafiq şöbəsinin nəzdində Gənclər Təşkilatları ilə iş sektorunun yaradılması və gənclər siyasətinin həyata keçirilməsində aparıcı qüvvələrdən biri olan gənclər təşkilatları institutunun təkmilləşdirilməsi sahəsində mühüm bir addımdır.
Bu sadalananlar, bütöv bir mexanizm kimi həyata keçirilərək, bu gün artıq bütün dünyada uğurlu təcrübə kimi qəbul olunan Azərbaycan gənclər siyasətinin inkişafına təkan verir.
– Bəs beynəlxalq arenada gənclər sahəsində baş verən hadisələrin fonunda Azərbaycanın rolunu necə təsvir etmək olar?
– Son illər ərzində Avropada gənclər siyasətinin maliyyələşdirilməsi iqtisadi böhran nəticəsində aşağı düşsə də, Azərbaycanda bu sektorun maliyyələşdirilməsi nəinki stabil olaraq qalır, eyni zamanda müsbət artım trendi mövcuddur. Belə ki, 2015-ci il üçün dövlət büdcəsində yalnız “Azərbaycan Gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının maliyyələşdirilməsi üçün 16,9 milyon manat vəsait ayrılıb. Sözsüz ki, Azərbaycanın beynəlxalq arenada gənclər sahəsində fəaliyyəti sadəcə maliyyə yatırımı ilə məhdudlaşmır. Azərbaycan 2014-cü ildə, həm də gənclərlə bağlı bir sıra əlamətdar tədbirlərə ev sahibliyi edib.
Onu da deyim ki, Gənclər Təşkilatları Milli Şurası 19 ildir fəaliyyət göstərir və ölkənin ictimai-siyasi həyatında, xüsusilə də gənclər siyasətində mühüm rola malik 112 gənclər təşkilatını birləşdirir. ARGTMŞ fəaliyyətinin bütün mərhələlərində tərəfdaşları ilə əməkdaşlıq əsasında Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik vətənpərvər gənclərin yetişdirilməsi, onların beynəlxalq tədbir və proqramlarda, eləcə də dünyanın mühüm gənclər platformalarının qərarlarının qəbul olunma prosesində iştirakının təmin edilməsində yaxından iştirak edib.
2014-cü il ərzində təşkilatın komandasının yenilənməsi, fəaliyyətin institutlaşdırılması və üzv təşkilatlar üçün imkanlar yaradılmasında mühüm nailiyyətlər əldə olunub, dünyanın aparıcı gənclər platformaları ilə əməkdaşlıq əlaqələri qurulub. Təşkilatın strateji fəaliyyəti, onun özünü və ətraf mühitini inkişaf etdirərək birbaşa və dolayı yollarla Azərbaycan gənclər siyasətinin inkişafına öz töhfəsini verir.
Təşkilat həyata keçirdiyi proqram, layihələrin Azərbaycan gənclər siyasəti ilə yanaşı, ölkənin digər sahələrinin də inkişafında faydalı olmasına xüsusi önəm verir və ARGTMŞ fəaliyyəti ilə daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyir.
Bildiyiniz kimi, prezident 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası strategiyası çərçivəsində kənd təsərrüfatının inkişafında insan kapitalı və savadlı gənclərin inkişafının vacibliyini nəzərə alaraq “YERLİ GƏNC” – kənd gənclərinin inkişaf proqramının icrasına 2015-ci ildən start verməyi qərara alıb və yaxın zamanda sözü gedən proqram haqqında ictimaiyyət geniş məlumatlandırılacaq. Təşkilatın həyata keçirdiyi fəaliyyətin, toxunulduğu mövzuların və həll olunduğu problemlərə baxdıqda, ölkədə gənclər siyasətinin dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni səviyyədə, bəzi hallarda isə daha üstün səviyyədə olduğunu görə bilərik.
– 2015-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən hansı fəaliyyətlər həyata keçiriləcək?
– 2015-ci ildə də təşkilat 3G strategiyası üzrə fəaliyyətini daha da genişləndirəcək. Bu strategiyanın müvafiq istiqamətləri üzrə təşkilat üzv təşkilatların institutlaşdırılması, ixtisaslaşdırılması, bilik və bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərəcək. Eyni zamanda kənd gənclərinin inkişaf etdirilməsi təşkilatın əsas istiqamətlərindən biri kimi həm təşkilatın mövcud fəaliyyətində, həm də yeni fəaliyyətlərində prioritet sahə kimi diqqət ayrılacaq.
2015-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının fəaliyyətinin 20 ilinin tamam olması da xüsusilə diqqət mərkəzində saxlanılacaq. Cari ildə, həmçinin 99 gənclər platformasından 300-ə yaxın gəncin iştirakı ilə Avropanın ən böyük gənclər platforması – Avropa Gənclər Forumu üzvlərinin Məclisinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən tərəfdaşları ilə birgə Azərbaycanda həyata keçirilməsi planlaşdırılır.
PƏRVANƏ