- Bahar xanım, qarşıdan-bir neçə aydan sonra Azərbaycanda növbəti - 5-ci çağırış parlament seçkiləri gəlir. Bu baxımdan, seçkiqabağı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz, bu duruma mənfi təsir göstərə biləcək amillər varmı, ola bilərmi?
- Bu gün Azərbaycanda çox normal ictimai-siyasi mühit var. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti qurulmaqdadır və bu yöndə də artıq müəyyən qədər yol keçmişik. Çox ciddi uğurlarımız var və bundan da geriyə dönən deyilik. Azərbaycanın daha çətin günləri vardı, əgər xatırlayırsınızsa, həm Heydər Əliyevin prezident olduğu dönəmlərdə, həm bu əsrin əvvəllərində Azərbaycanın çox ciddi ziddiyyətlərə və xaosa çəkmək istəyən dairələrin çox geniş planları mövcuduydu, hətta, Azərbaycanda bu istiqamətdə "çox böyük layihələr" reallaşdırılmağa cəhdlər göstərilirdi. Ancaq həmin zamanlarda Azərbaycan bu proseslərdən çox rahatlıqla çıxdı və həmin o siyasət ki Azərbaycanı irəliyə aparır, ötən illər ərzində baş verənlər doğrudan da, onun yeganə düzgün siyasət olduğunu sübut etdi.
Xalqın mütləq əksəriyyətinin istəyi ilə bu siyasəti dəstəkləyən insanlar həm rəsmi siyasi, həm də digər seçkili orqanlarda təmsil olundular. Hesab edirəm, bu il də belə olacaq. Çox rahat başlayıb 2015-ci il. Əgər biz neftin qiymətinin düşməsini, bundan da doğa biləcək müəyyən narahatlıqları nəzərə almasaq, - amma hazırda müəyyən tendensiyalar yenidən neftin qiymətinin qalxacağını və ilin ortalarına doğru normal bir həddə gəlib çıxacağını göstərir - bizi bununla bağlı kataklizmlər ciddi şəkildə gözləmir, hökumət də lazım olan addımları atır. O ki qaldı ictimai-siyasi sahəyə, burada da hər hansı problem olacağını düşünmürəm.
Azərbaycanda müxtəlif siyasi partiyalar var. Bu partiyalar özləri dəfələrlə bir neçə yerə bölünüblər, onların da çoxsaylı liderləri var, o liderlərin hər biriləri deputat olmaq istəyir. Bu baxımdan, hesab edirəm ki, seçkilərdə çox güclü bir rəqabətin, yarışın şahidi olacağıq. Çünki hər kəs özünü daha layiqli, daha vacib bir şəxsiyyət kimi dəyərləndirir və mən burada da qeyri-normal bir şey görmürəm. Demokratik cəmiyyət odur ki, hər kəsin hətta, özünə istinad edən bir şəxsin özünü sınamasına imkanı yaradır.Odur ki, dəfələrlə uğursuzluqlarını sınamış şəxslərlə birlikdə uğurlarını sınayan şəxslər seçkilərdə bərabər şəkildə rəqabət aparacaqlar və yalnız güclülər qalib gələcəklər. Bir sözlə, biz yenə də Azərbaycanı irəliyə aparmaq üçün lazım olan işlərimizi görəcəyik.
- Seçkilərə hələ rəsmi start verilməsə də, bəzi dairələrdə, xüsusilə, müxalif kəsimdə seçki hazırlıqları, daha doğrusu, "seçki bazarlıqları" məsələsi müşahidə olunmaqdadır. Müxaliflər indidən bir-birilərini hakimiyyətlə "seçki bazarlıqları"nda ittiham etməyə başlayırlar. Bir iqtidar nümayəndəsi kimi, bu söhbətlərə necə baxırsınız, doğrudanmı, "seçki bazarlıqları" gedir və ya gözlənilir?
- Vallah, mən bilmirəm onlar hansı "bazar"da edirlər alış-verişi, ancaq onu bilirəm ki, Azərbaycanda tam normal ictimai-siyasi mühit, demokratik seçki qanunvericiliyi, çox ciddi siyasi qüvvələrin çox da ciddi siyasi mövqeləri var və onlar yalnız qanun çərçivəsində bu seçkilərə hazırlaşırlar. Kimin harada kiminləsə "alış-veriş" etmək hissi də yalnız onlara bəllidir və hesab etmirəm ki, bu cür düşünənlər bu siyasi prosesdə hansısa bir mövqe əldə edə biləcəklər. Özlərini daha güclü hesab etdikləri, bu günə nisbətən daha çox sayda üzvlərinin, bəzi imkanlarının mövcud olduğu zamanlarda belə uğursuz olanlar bugünkü mühitdə, yəni, İlham Əliyevin dönəmində, onun həyata keçirdiyi siyasətin bu dərəcədə güclü və yüksək reytinqə malik olduğu bir dövrdə nələr əldə edə biləcəklərini yalnız özləri "müəyyən" edə bilərlər. Yəni, bir sıra müxalifət partiyalarının - hansı ki, özlərini hamıdan hər şeyə daha layiqli hesab edirlər, hər hansı bir uğur qazanacağını düşünmürəm. Çünki onlar özlərini uğursuzluğa düçar etmək üçün nə mümkündürsə, onların hamısını onlar ediblər və bu gün də etməkdə davam edirlər. O qədər param-parça olmuş bir düşərgədə öz daxili problemlərini həll edə bilməyənlər ölkə vətəndaşlarına nə vəd verə bilərlər? Nə təqdim edə bilərlər ki, vətəndaşlar onu müsbət dəyərləndirsinlər? Amma hər halda yenə də söyləyirəm, bu, bir prosesdir, hər kəsin burada iştirak etmək hüququ var, hər kəs bundan-qanunun yaratdığı şəraitdən, imkanlardan iştirak edəcək və nəticəni də o zaman görəcək.
- Növbəti seçkilərlə bağlı hakim komandanın, iqtidar partiyasının-Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, parlamentdəki təmsilçiləri arasında necə, ciddi narahatçılıqlar, əndişələr varmı? Qeyd edək ki, bu yöndə də müəyyən işarələr vurulur...
- Bu cür narahatlıqlar, bu cür fikirlər, bu cür əndişələr mətbuatda adətən, özünü göstərir və bu da əslində mətbuat nümayəndələrinin təşəbbüsü ilə olur. Mən düşünmürəm ki, hər hansı bir fəaliyyətdə olan millət vəkili və yaxud da deputat olmaq istəyən hər hansı bir şəxs özü-özlüyündə gedib mətbuata belə bir məlumat vermək fikrinə düşsün. Hər kəs öz işilə məşğuldur. Millət vəkili öz işini yerinə yetirir, namizəd də gələcək fəaliyyətinə hazırlaşır. Bu məsələ ilə maraqlanan mətbuat orqanları da zaman-zaman bu sualları bizə yönəldirlər. Bu baxımdan da, mən hər hansı bir narahatlıq, hər hansı bir nigarançılıq görmürəm. Belə bir müzakirələrin iştirakçısı olmamışam, eşitməmişəm. Bəlkə də hər kəs öz işini necə qurmağı planlaşdırır, düşünür, o amma bu barədə bir müzakirə açıldığını görməmişəm. Mojaritar seçki sistemi olsa da, Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərə vahid siyahı, partiyanın vahid namizədləri ilə gedirik. Bunun da bəlli bir prosedur qaydası var. O prosedur qaydası da Yeni Azərbaycan Partiyasının üzvü olan hər kəsə bəllidir. Ona görə də biz bu məsələləri kluarlarda, orda-burda kimlərinsə iştirakı ilə müzakirə etmirik. Yalnız partiyanın müvafiq qurumları və rəhbərlik tərəfindən müzakirə olunduqdan sonra qərar şəklində elan olunur.
Ondan sonra hər kəs bu qərarın icrası ilə məşğul olur. Odur ki, bu məsələləri qabaqlamaq, bu məsələlər ətrafında müzakirə açmağı məqsədəuyğun hesab etmirəm. Amma partiya olaraq biz seçkiyə hazırlığımızı heç zaman dayandırmırıq və əgər bir həftə bundan sonra seçki elan olunarsa belə, biz təşkilat olaraq seçkiyə, namizədlərin elan olunmasına hazırıq.
Kamil HƏMZƏOĞLU