
Məşhur ABŞ müğənnisi, pop ulduz Britni Spirs son qərarı ilə pərəstişkarlarını təəccübləndirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, piano arxasında çəkilmiş köhnə şəklini paylaşan müğənni ABŞ-da konsert verməyəcəyini açıqlayıb.
Son zamanlar sosial media paylaşımları ilə gündəmə gələn Britni Spirs 7 ildir səhnədən uzaqdır. Sonuncu dəfə 2018-ci ildə "Piece of Me" turu çərçivəsində çıxış edən 44 yaşlı müğənni gələcək konsertləri ilə bağlı qərarını da açıqlayıb.
İllər əvvəl piano arxasında çəkilmiş şəklini paylaşan Spirs bu pianonu oğluna göndərəcəyini və onunla birlikdə səhnədə çıxış etmək istədiyini bildirib.
"Son dərəcə həssas səbəblərə görə bir daha ABŞ-da çıxış etməyəcəyəm", - deyə məşhur müğənni əlavə edib.
Həmçinin o, tezliklə oğlu ilə birlikdə İngiltərə və Avstraliyada konsert verəcəyinə ümid etdiyini deyib. Oğlunun çox böyük ulduz olduğunu deyən müğənni hansı oğlu haqqında danışdığını qeyd etməsə də, sevənləri onun aylar əvvəl paylaşdığı kiçik oğlu Ceydenin pianoda ifa etdiyi videonu xatırladaraq həmin övladından bəhs edə biləcəyini iddia ediblər.
Qeyd edək ki, Britni Spirsin Kevin Federlaynla evliliyindən Şon Preston və Ceyden Ceyms adlı iki oğlu var.
ŞAHANƏ



