
Somali ordusu “Əş-Şəbab” terror qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Somali Milli Ordusu hava dəstəyi ilə Aşağı Şabelle bölgəsindəki Cabad Qodone yaşayış məntəqəsində “Əş-Şəbab”ın mövqelərinə zərbələr endirib.
Əməliyyat nəticəsində 17 terrorçu zərərsizləşdirilib, təşkilata məxsus çoxsaylı sığınacaq və hərbi nəqliyyat vasitələri məhv edilib.
Nazirliyin açıqlamasında Somali Milli Ordusunun “Əş-Şəbab” terror qruplaşmasına qarşı planlaşdırılan əməliyyatlarını qətiyyətlə davam etdirəcəyi və ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü təhdid edən elementlərə qarşı mübarizənin dayandırılmayacağı vurğulanıb. Qeyd edək ki, 2006-cı ildə Somalidə yaranan “Əş-Şəbab” uzun illərdir Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar həyata keçirir.
İsgəndər Həsənov



