
Nikolas Maduronun əmri ilə 17 ay əvvəl Venesuelada qadağa qoyulan “X” sosial şəbəkəsi ölkədə yenidən aktivləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezident Delsi Rodrigez qərar qəbul edib.
O və daxili işlər naziri Diosdado Kabello “X” sosial media platformasında paylaşımlar ediblər. Müvəqqəti prezident Rodrigez öz paylaşımında bildirib: “Biz bu kanal vasitəsilə yenidən əlaqə qururuq. Venesuela güc, qətiyyət və tarixi şüurla ayaqda qalır. Gəlin iqtisadi sabitlik, sosial ədalət və layiq olduğumuz rifah dövləti uğrunda birlikdə irəliləməyə davam edək”. Bir vaxtlar “X”ə qarşı çıxması ilə tanınan daxili işlər naziri Kabello isə paylaşımında bildirib: “Mən bura (“X”) gəlirəm ki, Venesueladakı və dünyanın hər yerindəki qardaşlarımızı qucaqlayım, onlar ölkəmizlə bağlı məsələni yaxından izləyir. Biz bu kanaldan yenidən ünsiyyət qurmaq, bizi izləmək üçün istifadə edəcəyik. Biz qalib gələcəyik”.
Xatırladaq ki, 2024-cü ildə Maduro bildirmişdi ki, “X” bütün qanunları pozur. Bu sosial şəbəkə ölkədə faşizm, vətəndaş müharibəsi, ölüm və nifrət yayır.
İbrahim Cəfərov



