
“Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli üçlüyü xalqımıza və dövlətimizə qarşı xəyanətin simvollarına çevriliblər. Bu xəyanət o qədər dərin bir cinayət hadisəsidir ki, həmin üçlük ətrafında birləşmiş, hansısa fəaliyyət göstərmiş hər kəs məsuliyyətə cəlb edilməlidir. Çünki nəticə etibarilə bəlli oldu ki, bu üçlüyün ifşası Azərbaycan dövlətçiliyinin xilas edilməsidir".
Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, üçlük ifşa edilməsəydi, onların cinayət cəhdləri baş tutsaydı, Azərbaycan yenidən ermənilərə, yenidən rus imperiyasına təslim ediləcəkdi.
"Müstəqil iradədən, müstəqil dövlətimizdə, ərazi bütövlüyümüzdən əsər-əlamət qalmayacaqdı. Yenidən Azərbaycan torpaqları işğal altına düşəcəkdir. Ona görə də düşünürəm ki, bu dava əslində hər bir Azərbaycan vətəndaşının davasıdır. Hər bir Azərbaycan vətəndaşının istəyi budur ki, bu cinayətdə əli olanların, dövlətə xəyanət edənlərin hər biri ifşa edilsin. Mən düşünürəm ki, hadisələr bu cür də davam edəcəkdir, ictimai düşüncə platformamız, kütləvi milli şurumuz bu hadisədən bir ibrət dərsi çıxarmalıdır", - deputat söyləyib.

O əlavə edib ki, dünənə qədər özünü Qərbyönümlü siyasətçi, demokratik dəyərlərə sadiq olan siyasətçi kimi təqdim edən Əli Kərimlinin adi bir xəyanətkar olduğunu hər kəs görməlidir: "Azərbaycan xalqına məxsus olan maddi imkanlarla özünə böyük kapital toplamış Abbas Abbasovun Azərbaycan xalqına necə xəyanət etdiyi xalqımızın yaddaşına yazılmalıdır və ən nəhayət, bütün bunların başında duran Ramiz Mehdiyevin dövlətimizin içərisində dövlətimizə, millətimizə qarşı necə bir xəyanət komandası formalaşdırdığını xalqımız görməlidir.
Ona görə də düşünürəm ki, bu ibrətamiz hadisə siyasi şüur tərəfindən də obyektiv qiymətləndirilməlidir. Biz xaricdən Azərbaycan dəyərlərinə hücum edən, dəyərlərimizi dəyərsizləşdirməyə çalışan Qənimət Zahidin videolarına baxmaq istəyəndə iki dəfə fikirləşməliyik. Çünki biz o videolara baxmaqla bir növ ona reytinq qazandırmış oluruq. Başa düşməliyik ki, Qənimət Zahid və onun kimilərinin hər biri Azərbaycan xalqına qarşı bu xəyanətdə iştirak edib. Bunun sübutları, səsyazıları, videogörüntüləri var, Azərbaycanı satmaq üçün necə ucuzcasına əldən-ələ rüşvət aldıqları var. Bu, Azərbaycana xəyanətin əvəzində onlara verilən mükafatdır. Ona görə biz bunları unutmamalıyıq və Azərbaycan dövləti tərəfindən onlar mütləq cəzalandırılacaqlar".
Pərvanə Sultanova



