
Gərək
Gərək o vaxt çıxaydın qarşıma,
Bu dünyaya gəlmədən yüz, beş yüz,
lap min il öncə...
Udum-udum sevəydim səni,
Sevəydim aram-aram, incə-incə.
Gərək 5-10 ömür qabaq rastlaşaydı əllərimiz,
6-7 ömür əvvəl bənd olaydı gözlərimiz.
Bizə çatana qədər neçə alın dəftərində
qovuşmalıydı taleyimiz,
Neçə həyat yolunda salıb itirməliydik bizi,
Sonra neçə ömürdən toplamalıydıq izimizi...
Gərək sözlərimiz bizdən öncə tapaydı bir-birini,
Hələ biz görüşmədən deyəydi sevdiyini.
Tanrı eşq şərabından öncə
Dirilik suyunu içirməliydi bizə,
Ya da 60-70 illik ömürlə qıymayaydı sevgimizə.
Görəsən, dodaqlarını neçə ilə kəşf edərəm,
Nəfəsindən neçə əsrə doyaram?!
Neçə ömür lazımdır ki, büsbütün
varlığına boyanam?
İndi özün söylə, Tanrı
Haqqım varmı mələklərin ömründən oğurlayam?
Bu sevgiyə bircə ömür yetməz axı,
qorxuram.
“Olmaz”lara ağı
Gözlərimi yummaq istəyirəm
İnsanlara,
Dünyaya,
Tanrıya.
Bütün inancların qulaqlarına pıçıldayacam
əslində heç bir işə yaramadıqlarını.
Bir gecə sahibsiz küçənin ən qaranlıq küncündə
qəfil yanan işıq dirəyi də ola bilərəm, məsələn,
Aydınlatmaq üçün nabələd qonağın yolunu.
O məsum körpənin dodaqlarında gülüş olaydım,
Saflığın gözündən öpmək üçün.
Taqətini ömrün yoxuşlarında itirmiş
qocanın dizlərinə taqət olsam
ayaqlarını torpağa daha inamla basardım.
Qaçdığımız bütün "olmaz"ların ayağımıza dolaşıb
bizlə sürükləndiyini öyrənərik
gizləndiyimiz o daş divarın arxasında...
Beləcə bitər ömür dediyimiz nağıl,
Gözümüzə bir ovuc sevgi atıb,
peşmanlığımızla örtərlər üstümüzü...
Göydən üç "kaş ki" düşər...
Elə gəldin ki...
Bir səhər bir ömrü dəyişə bilərmiş,
Xəbərim yoxdu.
Günüylə, günəşiylə,
Saatı, dəqiqəsiylə,
Küçədən şütüyən maşınları,
İnterneti axsaq komputeri,
Barmaqlarımı məngənəsinə həbs edən məqalələri,
İş yerimin qapısı ağzında yemək gəzən pişiyi,
Pəncərəm önündə dən axtaran sərçələri...
ilə adidən adi bir gündü o gün.
Yenə də tələsirdim, hara, nəyəsə.
Saatın dəqiqəsini tutdum,
Məqalənin son nöqtəsini qoydum,
Komputeri söndürdüm,
Sərçələrə gülümsəyib, pişiyin yanından keçdim,
Küçədəki maşınları ötdüm...
Planımdakı yerə,
Bilmədiyim ömrə doğru yol aldım.
Sənə imiş qaçaqaçım,
Sənə imiş gəlişim,
Xəbərim yoxdu.
Gözləmədiyim, ummadığım zamanda qarşılaşdıq
iki yad doğma kimi.
Günəşin ziyasıyla nurlanan dünya kimi
Nura qərq oldu dünyam
Gözlərinin gecəsindən doğan günəşlə...
Mən səni axtarmırdım ki,
Aramadığım səhərlərdə,
Rast olmadığım günlərdə,
Yolum düşməyən təqvimlərdə gəldin
ömrümə.
Elə gəldin ki,
"get" deməyə cəsarətim,
"Qal" deməyə gücüm olmadı.
Gözlədim,
Gözlədim ki, anlayasan susqunluğumu,
Gözlədim ki, görəsən əllərimi...
Hə...
Kimi gözdən, kimi ürəkdən,
kimi gülüşdən sevər.
Mən də əllərdən sevdim.
Əllərinin qabarında açan xoşbəxtlik çiçəklərinə
su verdim öpüşlərimlə,
O çiçəklərlə bəzəndi saçlarım
hər gecə, hər səhər.
Sevdim səni.
Sorğusuz, sualsız,
Gözləntisiz sevdim.
Mən səni sevmək üçün yox,
Sənin üçün sevdim...
Təzə “mən” gəlir...
Dağlara xəbər verməyin
Gecə çən gəlir, çən gəlir.
Başımı alan dumanlar
Çənlə tən gəlir, tən gəlir.
Buludam, göylərdə gəzmə,
İtginəm, düşmə izimə,
Elə üzüldüm, əynimə
Ömür gen gəlir, gen gəlir
Allah da bezib əlimdən,
Çırpır əllərin dizinə.
Hər çırpdıqca tellərimə
Yeni dən gəlir, dən gəlir.
Günah vicdana od vurur,
Yandırır, içim qovurur,
Simurqtək külündən doğur,
Təzə "mən" gəlir, "mən" gəlir



