
Fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Trampın dəvəti ilə iclasda iştirak edib. Qeyd edək ki, Sülh Şurası konsepsiyasının praktik icrasına dair ilkin addım Şarm əl-Şeyx şəhərində keçirilmiş sammit çərçivəsində atılıb. Həmin sammitə Prezident İlham Əliyev şəxsən dəvət olunub, bu da Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində artan rolunun göstəricisidir.
İlkin nəticə olaraq Qəzzada hərbi əməliyyatların dayandırılması və qan tökülməsinin önlənməsi təmin edilib. Humanitar sahədə mühüm addım kimi əsir və girovların qaytarılması prosesi həyata keçirilib. Növbəti mərhələdə ABŞ tərəfindən irəli sürülmüş bu konsepsiyanın təsisatlandırılması istiqamətində işlərə başlanılıb
Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına qoşulmaqla bağlı dövlətlərə açıq müraciət edilib. Bu müraciət fonunda Azərbaycan Sülh Şurasına təsisçi üzv statusu ilə qoşulub. Azərbaycanın bu statusda təmsil olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Ölkəmizin beynəlxalq problemlərin qarşısının alınması və idarə olunmasında oynadığı rol konstruktiv yanaşma, dialoq və nəticəyönümlü diplomatiya prinsiplərinə əsaslanır. Azərbaycanın Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri də Ermənistanla sülh gündəliyinin irəli aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model regionda uzun illər davam edən münaqişənin İlham Əliyevin liderliyi ilə həll olunmasını mümkün etdi.
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan liderinin iştirakı Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və ona olan hörmətin təzahürüdür. Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarı və ən fəal təşviqaçılarındandır. Tədbir zamanı Donald Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə xitab etməsi bunun bariz göstəricisidir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu 525.az-a deyib ki, Azərbaycan Prezidentinin əldə etdiyi böyük zəfər, sülh üçün apardığı müharibə və sonda sülhə nail olması bu gün 21-ci əsrin ən ədalətli sülh modeli kimi qəbul olunur. ABŞ-da Azərbaycan Prezidentinə olan diqqət, ABŞ liderinin çox böyük hörmətlə, ehtiramla İlham Əliyevlə ünsiyyət qurması bu hadisənin təsdiqidir.
“Ayrıca Prezident Tramp ehtiyac duydu ki, onun yaratdığı Sülh Şurasının brendi də, manşet səhifəsi də Azərbaycan və Ermənistan arasında paraflanmış və yaxud əldə edilmiş sülh olsun. Ona görə də iki liderin birgə əl sıxmasının Sülh Şurasının brendinə çevrilməsi üçün elə bir foto meydana çıxmış oldu. Çünki doğrudan da son bir ildə Birləşmiş Ştatlar çoxsaylı sülhyaratma missiyasını üzərinə götürsə də, əldə edilən fundamental əsaslı, uzunmüddətli və daimi sülh ancaq və ancaq Azərbaycanla Ermənistan arasındakı sülhdür ki, bunun müəllifi də Azərbaycan Prezidentidir. Ona görə də bu model məhz ABŞ Prezidentinin, Sülh Şurasının da bir növ brendi kimi dünya ictimaiyyətinə təqdim edilmiş oldu”.
Pərvanə Sultanova



