Cəmiyyətin diqqətində olan məsələlərdən biri də Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, onun tərkibinin kimlərdən formalaşdırılması məsələsidir.
Buna da birmənalı münasibət yoxdur. Təqdir edənlər də var, təqdir etməyənlər də. Parlamentin özündə də dəfələrlə bəzi millət vəkilləri tərəfindən sözügedən şura və onun tərkibi ilə bağlı məsələlər qaldırılıb, müzakirələr açılıb, irad və təkliflər səsləndirilib. Hətta, bir neçə il öncə parlamentin plenar iclaslarından birində millət vəkili Qüdrət Həsənquliyev bu məsələni qaldırmış və şuranın üzvləri arasında müstəqil mövqeyi ilə seçilən vətəndaş cəmiyyəti, o cümlədən, müxalifət təmsilçilərinin olmasının vacibliyini vurğulamışdı. Bəs görəsən, Məhkəmə-Hüquq Şurasının tərkibində doğrudan da, vətəndaş cəmiyyəti, həmçinin müxalifət təmsilçilərinin olması mümkün və yaxın zamanlarda gözləniləndirmi, eyni zamanda şuraya yönəlik iradlar haqlıdırmı?
Bununla bağlı "525"-ə açıqlamasında Milli Məclisi (MM) Məhkəmə-Hüquq Şurasında təmsil edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilk öncə bildirib ki, şuranın bütün tərəflərdən formalaşmasının heç bir halda məntiqini görmür. Çünki Məhkəmə-Hüquq Şurası ədalət mühakiməsini həyata keçirən bütün tərəflərdən formalaşıb. Şurada icra hakimiyyətinin - Prezident Administrasiyasının (PA) da nümayəndəsi təmsil olunur, ədliyyə, prokurorluq orqanlarının, o cümlədən, parlamentin, vəkilliyin nümayəndəsi də. Ancaq şurada əsas etibarı ilə hakimlər daha çox təmsil olunurlar.
Bununla yanaşı, şura formalaşdırılarkən Avropa Hakimlər Xartiyasına uyğun hazırlanıb. Yəni, Məhkəmə-Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır, orada əsas söz sahibi - əsas qərar qəbuledici hakimlərdir.
Say çoxluğu da qeyd olunduğu kimi hakimlərdədir. Və qərarların müzakirə edilib qəbul olunmasında da hakimlər iştirak edir. Şurada təmsil olunan digər tərəflər isə həmin qərarların qəbulunda iştirak etmir, səs vermirlər, sadəcə, fikir mübadiləsi aparırlar."Amma hər kəs burada öz baxışını söyləyir. Məsələn, hansısa intizam icraatı ilə, konkret bir işlə bağlı prokurorluğun nümayəndəsi də fikrini bildirir və yaxud mən - parlament nümayəndəsi kimi fikir söyləyirəm ki, qanunvericilikdəki hansısa boşluğu gördük, aşkarladıq, gəlin onu aradan qaldıraq və deyim ki, belə hallar da baş verir", - deyən komitə sədri bu baxımdan hesab edir ki, Məhkəmə-Hüquq Şurası həm reallığa - müasir Avropa reallığına uyğun formalaşıb, həm də burada ədalət mühakiməsinin bütün tərəfləri iştirak edir:
"İradlar bəzən icra hakimiyyəti nümayəndəsinin Məhkəmə-Hüquq Şurasına sədrlik etməsi ilə bağlı olur ki, burada da söhbət Ədliyyə Nazirliyindən, ədliyyə nazirindən gedir. Amma hamı bilməlidir ki, Məhkəmə-Hüquq Şurasının sədri həm də iclaslara sədrlik edən bir şəxsdir. Mən bir daha vurğulamaq istəyirəm və şuranın üzvü kimi bunu tam məsuliyyətimlə deyirəm ki, bu gün Məhkəmə-Hüquq Şurasının sədrliyi müzakirə prosesində iclaslara sədrlik etməkdən ibarət olub.Və orada bütün tərəflərin heç biri - hakimlərin, prokurorluq orqanlarının nümayəndəsi və sair, hansısa təsir-filan görmədən çox azad bir şəkildə müzakirələr aparırlar. Hesab edirəm ki, çox da ədalətli qərarlar qəbul edilir. Elə qərarlar ki, onlar həm cəmiyyətin fikrini özündə ehtiva edir, həm də hakim korpusu bununla razılaşır və deyərdim ki, bu konsensus, azad-açıq müzakirələr üçün Məhkəmə-Hüquq Şurası yaxşı bir nümunədir. Əgər iradı burada görürlərsə, mən bu məsələdə heç bir problem görmürəm, yəni, Məhkəmə-Hüquq Şurasının sədrliyi, şuranın özü də qanunla müəyyənləşdirilib ki, kimlərdən ola bilər..." Amma onu da qeyd edək ki, sədrlik məsələsini isə şura özü həll edir. Bu baxımdan, şuranın sədri həm də sədrlik edən funksiyasındadır. Bununla belə, o da var ki, Məhkəmə-Hüquq Şurasının tərkibində tez-tez rotasiyalar baş verir.
İndiyənə kimi vəkilliyin nümayəndəsi dəyişib, həmçinin bəzi hakimlər dəyişib, yəni şurada təmsilçiliklə bağlı məhdudiyyətlər yoxdur, əvvəlki məhdudiyyət də aradan qaldırılıb. "İndi mən Məhkəmə-Hüquq Şurasının üzvüyəm və bu ilin aprel ayında mənim təmsilçilik müddətim bitir. Yəqin ki, parlament şuraya yeni bir nümayəndəsini təqdim edəcək və parlament kimi seçsə, o, həmin şurada təmsil olunacaq".
Ə.Hüseynli inanır ki, yeni bir təmsilçi üçün Məhkəmə-Hüquq Şurasındakı fəaliyyət də yeni və maraqlı olacaq:
"Demək istəyirəm ki, orada dəyişikliklər baş verib və bundan sonra da baş verəcək. Odur ki, Məhkəmə-Hüquq Şurasında müxalifətin nümayəndəsinin olmasının mənası anlamıram ki, ona nə ehtiyac var... Çünki bu, ədalət mühakiməsidir. Eyni zamanda, bu prosesə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunması məsələsi, doğrudan da, müsbət məsələdir və bizim bir necə iclasımız məhz şuranın sədri-ədliyyə naziri Fikrət Məmmədovun özünün təşəbbüsü ilə geniş vətəndaş cəmiyyətinin, mətbuatın cəlb olunması ilə də keçirilib. O zaman ki geniş, hansısa islahatlarla bağlı təqdimatlar olurdu - məsələn, elektron məhkəmənin təqdimatı baş verdi, həmin vaxt orada vətəndaş cəmiyyəti də-mətbuat da geniş iştirak etdi.
Bəzən Məhkəmə-Hüquq Şurası tərəfindən bölgələrdə layihələr həyata keçirilir, o zaman vətəndaş cəmiyyəti nümayəndələri ora daha geniş cəlb olunurlar. Amma bizim işgüzar müzakirələr, hakimlərin intizam icraatı ilə bağlı müzakirələr olanda orada nə vətəndaş cəmiyyəti, nə də mətbuat nümayəndələrinin iştirakına ehtiyac yoxdur, ehtiyac görmürük. Çünki bu, artıq sırf peşəkar bir müzakirədir. Bu yerdə onu demək istəyirəm ki, cəmiyyət də bu mənada Məhkəmə-Hüquq Şurasına etibar-etimad etməlidir və açığını deyim ki, biz də bunu görürük-müşahidə edirik. Görürük ki, bəzən qəbul edilən qərarlarla cəmiyyətin fikirləri arasında eynilik var.Bunu qəbullar zamanı da görürük. Məsələn, yaxşı fəaliyyət göstərən hakimlə bağlı təltiflər olur-bunu qəbula gələn vətəndaşlar da təqdirəlayiq hesab edirlər ki, filan hakim çox ədalətli hakimdir və sair.Bəzən olur ki, hakim buraxdığı nöqsanlara görə cəzalandırılır - işdən kənarlaşdırılır, yəni təqdimat vermişik və cənab Prezidentin fərmanı ilə də bu məsələ həll olunub.
Yenə də görürük ki, cəmiyyət Məhkəmə-Hüquq Şurasının gəldiyi qərarları dəstəkləyir. Demək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası elə bir orqandır ki, onun üzərinə təzədən hansısa bir ictimai nəzarətin əhəmiyyətini görmürəm". Amma komitə sədri o fikirlə razıdır ki, Məhkəmə-Hüquq Şurasının işini mətbuat üçün də, ictimaiyyət üçün də daha açıq etmək lazımdır. "Bu fikirlə razıyam. Yeri gəlmişkən, bu fikri şuranın sədri də, üzvləri də dəstəkləyir və mümkün olan addımlar atılır ki, bu açıqlıq baş versin - cəmiyyətin bizim işlər barədə daha geniş məlumatı olsun", - deyə, komitə sədri sonda sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU