Doğuşa və hamiləliyə görə məzuniyyətin müddətinin artırılması məsələsi yenidən gündəmdədir.Xatırladaq ki, hələ bir neçə il öncə bu məsələ gündəmə gəlsə də, sonradan onun reallaşması mümkün olmadı. Bu dəfə isə sözügedən məsələni Milli Məclisin (MM) Sosial siyasət komitəsinin (MM) sədr müavini Musa Quliyev gündəmə gətirdi. O, üzvü olduğu komitənin parlamentin yaz sessiyası ilə bağlı bir müddət öncə keçirilən ilk iclasında, həmçinin MM-in yaz sessiyasının iş planı müzakirə olunarkən bu məsələni qaldırdı.
Görəsən, bəs bu dəfə bu məsəllənin taleyi necə olacaq, o, reallığa çevriləcəkmi, müvafiq qanunvericiliyə dəyişiklik ediləcəkmi və ümumiyyətlə, analıq məzuniyyətinin müddəti nə qədər artırılacaq? Bununla bağlı sözügedən təklifin müəllifi M.Quliyev “525”ə açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan qadınlarının, analarının sosial müdafiəsi baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev, ümummilli lider, mərhum Heydər Əliyev həmişə Azərbaycan qadınlarına çox böyük önəm verib, onlara dövlət səviyyəsində qayğı, diqqət göstərib, həmçinin ölkədə analıq institutunun güclənməsi üçün mühüm işlər görülüb. Yəni, bu yöndə müvafiq fərmanlar verilib, dövlət proqramları qəbul olunub, ailə-qadın-uşaq problemləri ilə bağlı müvafiq dövlət komitəsi yaradılıb, bir sıra vacib qanunlar qəbul edilib. Bütün bunlar da nəticə etibarı ilə analığın mühafizəsi, sosial müdafiəsi ilə bağlı doğuşa və hamiləliyə görə məzuniyyətin müddətinin artırılması məsələsini yenidən aktuallaşdırıb.
“Bu məsələ bir neçə il qabaq Milli Məclisdə, o cümlədən, bizim komitədə müzakirə olundu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyinin ekspertlər səviyyəsində çıxışları oldu, böyük müzakirələr getdi. Yəni, o zaman da bununla bağlı müxtəlif fikirlər səslənmişdi və hamı da bunun tərəfdarı idi ki, qadınların hamiləliyə və doğuşa görə məzuniyyət müddəti artırılsın”.
M.Quliyev qeyd edib ki, o zaman bəziləri bu müddətin 200 gün, bəziləri 250 gün artırılmasını təklif etsələr də, sonda 180 günün üzərində dayanılıb: “Bu yerdə onu da qeyd edim ki, bu gün Azərbaycanda qadınlara 70 gün doğuşa qədər məzuniyyət verilir, doğuşdan sonra isə 56 gün. Mən o zaman da söyləmişdim, indi də deyirəm ki, bu rəqəmlər – nə o zaman üzərində dayanılan, nə də indiki rəqəmlər real rəqəmlər deyil. Ən real rəqəm – həm doğuşa, həm də hamiləliyə görə daha iki həftə artırılmaqla, yəni, hər ikisi 70 gündən ibarət olmaqla 140 gündür. Hesab edirəm ki, qadınlara hər ikisi 70 gündən ibarət olmaqla hamiləliyə və doğuşa görə 140 günlük tam haqqı ödənilən məzuniyyət verilməsi daha məqsədəuyğundur.
Onu da qeyd edim ki, o zaman Maliyyə Nazirliyi də buna razılıq vermişdi, rəsmi məktubu da bizdə var.
Ancaq sonradan yenə fikirlər haçalandığına görə biz bu məsələni Milli Məclisin plenar iclasına çıxarmadıq.
İndi də ola bilər ki, deyərlər ki, neftin qiyməti düşüb, bu ilin büdcəsində bu məsələ nəzərdə tutulmayıb və tutula bilməz. Amma bunu bu il qəbul edib, gələn ildən də icrasına başlamaq olar. Bu bilirsiniz, nəyə görə vacib lazımdır? İnsanların ictimai-sosial fəallığı ildən-ilə artır. Qadın daha çox ictimailəşir. İşləyən qadınların sayı ildən-ilə artır. Və biz bu işlək qadınların sosial statusun bir qədər də qaldırmaqdan ötrü bu imkanı onlara verməliyik ki, hər bir işləyən qadın əlavə iki həftə artıq öz körpəsi ilə bir yerdə olmaq imkanı qazansın və həm də öz maaşını ala bilsin. Ona görə də hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və deyim ki, bunun çox böyük büdcə vəsaiti də lazım olmayacaq. Hər halda o büdcə vəsaiti də hədər yerə xərclənmir. Azərbaycan körpəsinin sağlam, belə deyərdim, qayğı içərisində böyüməsinə xərclənəcək. Ananın rahatlığına xərclənəcək və buna getmək lazımdır...”
Onu da qeyd edək ki, bu məsələ ilə bağlı ilkin olaraq belə bir qərara gəlinib ki, vitse-spiker Bahar Muradovanın rəhbərliyi, iştirakı ilə müxtəlif təşkilatlarla birgə dinləmələr keçirilsin. Yəni, yalnız bu dinləmələrdən sonra bu məsələni özündə ehtiva edən qanun layihəsini Sosial siyasət komitəsinin iclasında müzakirə və tövsiyə edib, ya yaz sessiyasının sonu, ya da payız sessiyasında MM-in plenar iclasında qəbul etmək olar ki, gələn ildən bu məsələ büdcədə də öz əksini tapsın. “Dünyanın bir çox ölkələrində, demək olar ki, bizdəkinə oxşar məzuniyyət rəqəmləri var. Elə ölkələr də var ki, daha çoxdur. Məsələn, 180 gün olan ölkələr var, 160 gün olan ölkələr var. Avropanın inkişaf etmiş ölkələrində, digər ölkələrdə də bilirsiniz ki, qadınlar ictimai həyatda daha çox tanınmağa çalışırlar və bir çox ölkələrdə, təəssüflər olsun ki, qadınlar təkbaşına uşağı doğub böyütmək zərurəti ilə üzləşirlər”– deyn komitə sədrinin müavini qeyd edib ki, ona görə də onlarda daha artıq məzuniyyət müddəti müəyyənləşdirilir: “Amma azərbaycanlı üçün ilkin olaraq hesab edirəm ki, 140 gün tamam normal və real rəqəmdir. Bir də Azərbaycan ailəsində çox zaman uşağın sonrakı qayğısını çəkən ailə üzvləri olduğuna görə uzunmüddətli məzuniyyətə elə bir ehtiyac yoxdur. Hesab edirəm, hökumət də bu fikri dəstəkləyir”.
Kamil HƏMZƏOĞLU