ADA Universitetinin Təhsilin İdarə Edilməsi fakültəsi və ABŞ-ın Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu imzalanıb.
ADA Universitetindən verilən xəbərə görə, memorandum universitetdə yeni yaradılmış fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsini, tələbə və müəllimlərin mübadiləsini, birgə konfrans-seminarların təşkil edilməsini nəzərdə tutur.
İmzalama mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov ADA Universitetində Yaradılan fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasına, ölkədə "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın məqsədlərinə nail olunmasına yardım edəcəyinə inandığını bildirib. Mərasimdə vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkədə təhsil sahəsindəki islahatlara öz töhfəsini verəcək.
Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universitetinin Təhsil Kollecinin dekanı Donald Heller və Beynəlxalq Proqramlar direktoru Todd Drummondun iştirakı ilə ADA Universitetinin rəhbərliyi, müəllim və professorları arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub. ADA Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramların və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir.
Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və direktorları dekan Donald Hellerin "Müasir təhsilin meylləri" mövzusunda mühazirəsini dinləyib. Qonaqlar ADA Universitetindəki həmkarları ilə birgə 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib, müəllim heyəti ilə görüşlər keçirib.
Vəfa MƏMMƏDLİ