"Azərbaycan MDB məkanında elmə ən çox vəsait ayıran ölkədir".
Bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev parlamentin dünən keçirilən plenar iclasında "Elm haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı məlumat verərkən deyib.
Ş.Hacıyev qeyd edib ki, elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır. Onun sözlərinə görə, son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib: "Bu gün bu sahədə həllini gözləyən problemlər də çoxdur.
Bunların yaranma səbəblərini araşdırmaq və onları həll etmək üçün mükəmməl qanunvericilik orqanının yaradılmasına ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bugünkü iclasa təqdim etmişik". Ş.Hacıyev bildirib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən, qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: "Cəmiyyət miqyasında qanun qəbul olunmalıdır ki, təhsil sahəsində rəqabət qabiliyyətli inkişafa nail ola bilək. Layihənin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Düzdür, Azərbaycan super dövlət deyil, ancaq iqtisadiyyatın bir çox sahələrində mühüm irəliləyişlərə nail olunub. Bu da imkan verir ki, ölkədə elmin inkişafına nail olaq və elmi tədqiqatların keyfiyyətini daha da artıraq". Onun sözlərinə görə, elmin inkişafı sahəsində qanunvericilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: "Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir".
Qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc qanun layihəsinin əhəmiyyətindən danışaraq təklif edib ki, oğlan tələbə magistrantlara möhlət hüququ verilsin.
Onu da qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı qalmaqal da yaşanıb. Buna səbəb də millət vəkili Fəzail Ağamalının qanun layihəsinin müzakirəsində çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər olub.Millət vəkili çıxışında iddia edib ki, bu qanunun qəbulu ilə ancaq Azərbaycan elmi ölü nöqtəsindən tərpənə bilər.
İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun millət vəkilinin xüsusilə, bu fikrinə etirazı sərt olub: "Fəzail müəllim, sizin çıxışınıza şərh vermək istəmirəm. Amma demək ki, bu qanunun qəbulu ilə Azərbaycan elmi ölü nöqtədən tərpənəcək, bu, düzgün deyil. Azərbaycanda elm var və inkişaf edir".
Sonra isə birinci vitse-spikerlə millət vəkili arasında belə bir dialoq baş verib.
Ziyafət Əsgərov : Fəzail müəllim, əgər Azərbaycanda elm yoxdursa, diplomu haradan almısınız?.."
Fəzail Ağamalı (yerdən) : "Diplomu Sovet dövründə almışam..."
Ziyafət Əsgərov : "Onda gedin Sovet dövlətində oturun...Belə demək düzgün deyil, axı?!".
Digər millət vəkili Aytən Mustafayeva da deputat həmkarına etiraz edib. "Azərbaycanda Elmlər Akademiyası ölməyib. Azərbaycanda elm də var, alim də. Amma bizdə elm adamlarına münasibət başqadır-həmin münasibət dəyişməlidir. Çox təəssüflər olsun ki, bizdə elm adamlarına hörmət yoxdur..."-deyə, o, sözlərinə əlavə edib.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Kamil HƏMZƏOĞLU