
Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
525.az-a Vəkillər Kollegiyasından verilən məlumata görə, bu istiqamətdə növbəti hüquqi yardım aksiyası kollegiyanın Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Probasiya xidmətində həyata keçirilib.
Aksiya çərçivəsində “Praym Leqal” Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinin qeydiyyatında olan 25 nəfər qəbul edilib.
Məhkumların qarşılaşdıqları hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.



