
2015-ci ilin 24 may tarixində Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətdə olan Qanun və Ədalət partiyasının (PİS) namizədi Andjey Duda 51,55% səslə qələbə qazanmışdır.
Hazırkı prezident Bronislav Komorovski (Vətəndaş Platforması partiyası) seçkilərdən bir neçə ay əvvəl keçirilən sorğulara əsasən qələbə ehtimalının böyük olmasına baxmayaraq 48,45% səslə məğlub olub. Hakimyyətdə olan Vətəndaş Platforması Partiyasının məğlubiyyətinə başlıca səbəblər kimi seçki kampaniyası dövründə əhalini əsas narahat edən aşağıdakı amillər çıxış etmişdir:
– Ölkənin makroiqtisadi göstəricilərinin Vətəndaş Platforması hakimiyyəti illərində güclənməsinə baxmayaraq, ölkədə işsizliyin yüksək səviyyədə olması və buna görə də gənclərin Qərbə axını, ölkədə ağır demoqrafik vəziyyətin yaranması;
– Təhlükəsizlik məsələləri- Ukrayna böhranı və Rusiyadan gələ biləcək təhlükələr;
– Kilsənin güclü olduğu ölkədə vicdan azadlığı (abortlar və s.) ilə bağlı olan məsələlər.[i]
Dudanın aktiv seçki kampaniyası keçirməsi, seçicilərlə canlı görüşlərə üstünlük verməsi ona uğur gətirən başlıca amil sayılır. Duda yerli şirkətlərin möhkəmlənməsi və yeni iş yerlərinin açılması üçün beynəlxalq korporasiyalara, xarici ticarət şəbəkələrinə və banklara münasibətdə vergilərin artırılması təklifləri ilə çıxış etmişdir.[ii] NATO, ABŞ ilə hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığa üstünlük verən Duda Polşa və Şərqi Avropada NATO-nun daimi hərbi bazalarının yaradılmasına çağırıb. Ukrayna məsələsində Polşanın sülh danışıqlarında Almaniya və Fransa ilə birlikdə iştirak etməli olduğunu bildirib. O rəsmi Brüsselin sərt mərkəzləşdirmə siyasətinə qarşı olduğunu və Avropa İttifaqı üzvlərinə daha çox fəaliyyət azadlığının verilməli olduğunu bildirmişdir. Mühafizəkar Qanun və Ədalət partiyasının nümayəndəsi olan Duda vicdan azadlığı məsələlərinə ənənəvi münasibəti ilə tanınır.
Komorovskinin kampaniyasının Vətəndaş Platformasının Qanun və Ədalət partiyasına qarşı ənənəvi tənqidi strategiyası üzərində qurulması əks effekt yaratmışdır. Ümumiyyətlə Prezident Komorovski və Vətəndaş Platforması partiyası Polşa ilə Aİ, xüsusilə Almaniya arasında münasibətlərin inkişafını dəstəkləyən, təhlükəsizlik məsələlərinə (o cümlədən Ukrayna böhranına) ümumi Avropa yanaşması, vicdan azadlığına liberal mövqeyi ilə tanınır. Belə baxışlar son illər Polşada nüfuzdan düşməyə başlamışdır. 2007-ci ildən hakimiyyətdə olan Vətəndaş Platformasından seçicilərin yorulması, son illər hökumət rəsmilərinin adlarının da hallandığı korrupsiya hallarının çoxalması, Komorovskidən əvvəl partiyanın rəhbəri olmuş və ölkədə nüfuzlu lider kimi qəbul edilən Donald Tuskun Avropa İttifaqının prezidenti seçilməsi ilə əlaqədar ölkədən getməsi partiyanın reytinqinin aşağı düşməsinə təsir etmişdir.[iii]
Yeni prezidentin seçilməsi və bundan sonra ölkə idarəçiliyinin əsas müəyyənedici orqanı olan parlamentə – Seymə oktyabrda keçiriləcək seçkilərdə Qanun və Ədalət partiyasının qələbə çalmaq ehtimalının artması ölkənin xarici siyasətinə hansı düzəlişlər gətirə biləcəyi haqqında suallar yaradır. Yeni seçilmiş prezident Andjey Duda əvvəllər baş nazir olmuş, Qanun və Ədalət partiyasının lideri Yaroslav Kaçinskinin yaxın adamı sayılır. Dudanın partiyadan namizəd kimi irəli sürülməsində Kaçinski əsas rol oynamışdır. Bir sıra ekspertlər Dudanın prezidentliyində Kaçinskinin böyük təsirinin olacağını ehtimal edirlər. Kaçinski qardaşları və bütövlükdə Qanun və Ədalət partiyası Amerikanpərəst siyasətin tərəfdarları kimi tanınırlar. Bu partiya həmişə rəsmi Brüsselin ciddi mərkəzləşmə siyasətinə qarşı olmuşdur. Rusiyadan mümkün təhlükələrin qarşısının alınması üçün Polşanın Şərqi Avropa və keçmiş Sovet respublikaları ilə əlaqələrinin genişləndirilməsinin tərəfdarı kimi çıxış etmişdir.
Duda istər seçki kampaniyası dövründə, istərsə də əvvəllər ABŞ və NATO ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı kimi tanınıb. Polşa prezidenti olmuş Lex Kaçinskinin 2010-cu ildə Smolenskdə təyyarə qəzasında vəfat etməsinin araşdırılmasına həsr olunmuş sənədli filmdə (Mgła) Duda Rusiyanı ittiham edən fikirlərlə çıxış etmişdir.
Duda Avropa Parlamentində partiyasını təmsil edir. O, prezident seçkiləri kampaniyası dövründə də avroskeptik ritorikası ilə yadda qalıb. Bəzi təhlilçilər Dudanın partiyasının ənənəsinə uyğun olaraq, həm rəsmi Brüssel, həm də rəsmi Moskvaya münasibətdə konfrontasiyaya gedəcəyini ehtimal edirlər. Polşalı ekspert Jasek Kuçarjik bildirib ki, əgər Duda partiyasının ənənəsinə üstünlük verəcəksə, bu Polşa xarici siyasəti üçün fəlakət ola bilər. Belə vəziyyət Almaniya və Aİ ilə konflikt, Rusiya ilə aqressiv ritorika demək olacaqdır.[iv] Digər təhlilçi İqnasi Niemijskiy bildirib ki, yeni prezident Aİ çərçivəsində daha çox Böyük Britaniya ilə yaxınlaşmağa, təhlükəsizlik sahəsində ABŞ ilə əməkdaşlığın gücləndirilməsinə üstünlük verəcəkdir. Mərkəzi Avropa ölkələri ilə yeni blokların yaradılması Dudanın gündəliyində mühüm yer tutacaqdır.[v] Qeyd edək ki, Qanun və Ədalət partiyası Böyük Britaniya Mühafizəkarlar partiyasının da yer aldığı Avropa mühafizəkarları və islahatçıları Alyansının (Alliance of European Conservatives and Reformists (AECR) üzvüdür. Duda Avropa Parlamentində Mühafizəkarlar partiyasının nümayəndələrinin çoxluq təşkil etdiyi, anti-federalist və avroskeptik mövqeyi ilə tanınan Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvüdür (The European Conservatives and Reformists (ECR)). Almaniya ilə yanaşı Fransa ilə də münasibətlərdə soyuqluğun yaranması mümkündür. Belə ki, Duda dəfələrlə Airbus şirkətindən hərbi helikopterlərin alınmasını tənqid edib. The Wall Street Journal-ın təhlilçisi Martin Sobjik bildirib ki, Duda sələflərindən fərqli siyasət yürüdə bilər, lakin Polşa xarici siyasətinin əsas məqsədlərində radikal dəyişikliklər olmayacaqdır.[vi]
Dudanın avroskeptik siyasəti sanksiyalarla qarşılaşan Rusiya üçün Aİ-də vahid yanaşmanın pozulması üçün sərfəli hal sayıla bilər. Amma bu heç də Duda və ya onun partiyasının Rusiyayönümlü xarici siyasət yürüdəcəyi demək deyil. Rusiyalı ekspert İrina Kobrinskaya Dudanın rəsmi Moskva ilə konfrontasiyaya gedə bilmək ehtimalının daha çox olduğunu bildirib.[vii]
Dudanın Ukrayna prezidenti Petro Poroşenko ilə 27 may tarixində görüşdən imtinası bir sıra suallar yaratsa da, bunu Rusiyaya müsbət mesaj kimi qiymətləndirmək mümkün deyil. Qeyd edək ki, aprel ayında Ukrayna parlamenti tərəfindən Ukrayna üsyançı ordusu (UPA) iştirakçılarının xatirəsinin yad edilməsi və onlara dövlət tərəfindən müəyyən imtiyazların verilməsi ilə bağlı qanun qəbul edilmişdir.[viii] UPA Polşa ictimaiyyəti tərəfindən mənfi qarşılanır. Bunun səbəbi II Dünya müharibəsi zamanı UPA-nın Polşa hərbi dəstələrinə qarşı vuruşmasıdır. Həmin dövrdəki hərbi əməliyyatlar zamanı minlərlə polyak hərbçi həlak olmuşdu. Digər tərəfdən aqrar sektoru güclü inkişaf etmiş Polşada yerli fermerlər Rusiyaya Aİ tərəfindən tətbiq olunmuş iqtisadi sanksiyalardan ziyan çəkirlər. Dudanın Poroşenko ilə görüşdən imtinasını yuxarıda göstərilən amilləri nəzərə almaqla, oktyabr ayında keçiriləcək parlament seçkilərində partiyasının reytinqini sığortalamaq cəhdi kimi izah etmək mümkündür. Real hakimiyyətin parlamentə məxsus olduğu Polşada Seymə keçiriləcək seçkilər siyasi qüvvələr üçün başlıca məna daşıyır. Dudanın nümayiş etdirdiyi avroskeptik mövqeni digər Aİ ölkələrindəki radikal sağların mövqeyi ilə eyniləşdirmək düzgün deyildir. Dudanın da üzvü olduğu Qanun və Ədalət partiyası mərkəz sağ, mühafizəkar və yumşaq avroskeptik (soft euroscepticism) mövqeyi ilə tanınır. Qeyd edək ki, müstəqillikdən sonra Rusiya ilə münasibətlərin daha çox kəskinləşməsi məhz bu partiyanın hakimiyyətdə olduğu dövrə təsadüf edir.
Parlament idarəçiliyinə malik Polşa qanunlarına əsasən prezidentə böyük səlahiyyətlər verilməsə də, dövlət başçısı qanunların qəbulunu təklif etmək, beynəlxalq müqavilələri təsdiq etmək, qanunların icrasına veto qoymaq kimi səlahiyyətlərə malikdir. Prezident ölkənin silahlı qüvvələrinin baş komandanı sayılır. Prezident beynəlxalq tədbirlərdə ölkəsini təmsil edə və Polşa adından bəyanatlar verə bilər ki, bu da ölkənin xarici siyasətinə təsir edən amillərdəndir. Avqustda rəsmən səlahiyyətlərinin icrasına başlayacaq Dudanın oktyabr ayına qədər xarici siyasətdə sərt addımlar atacağı az ehtimal olunur. Oktyabr ayında keçiriləcək parlament seçkilərinə qədər isə Dudanın partiyasının qələbəsinə hesablanmış fəaliyyətə üstünlük verəcəyini söyləmək olar. Yeni prezidentin xarici siyasətinin əsas xəttinin rəsmi Brüsseldən daha çox imtiyazlar əldə etmək, ABŞ və NATO ilə əlaqələrin genişlənməsi, Mərkəzi və Şərqi Avropa ölkələri ilə yeni əməkdaşlıq modellərinin qurulması, keçmiş Sovet respublikaları ilə əlaqələrdə fəallığın artırılmasından ibarət olacağını söyləmək mümkündür.
Newtimes.az
Nurlan Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti



