İyulun 10-da M.F.Axundzadə adına Milli Kitabxanada “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Konfrans Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə iştirakçılar milli mətbuatın 140 illiyi münasibətilə təşkil edilən sərgi ilə tanış olublar.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün ölkəmizin hər yerində milli mətbuatımızın 140 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışan nazir bütün media təmsilçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Mətbuatın üzərinə düşən vəzifələrdən söz açan nazir media mənsublarını hər zaman milli mənəvi dəyərləri qorumağa, haqq işimizin təbliği naminə birlikdə mübarizə aparmağa səsləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev jurnalistləri təbrik edib, Azərbaycan mətbuatının inkişafından söhbət açaraq bildirib ki, konfransın mövzusu olduqca aktualdır. Milli mətbuat yaranan gündən etibarən keçdiyi tarix boyu milli mənəvi dəyərlərimiz aktual olaraq qalıb və geniş işıqlandırılıb: “Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetindən başlayaraq milli mənəvi dəyərlərimizə, milli düşüncəyə diqqət yetirilib. O dövrdən bu günə qədər mətbuatımızı izləsək, görərik ki, Azərbaycanın milli dəyərləri geniş şəkildə işıqlandırılıb. Bu gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burada böyük rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli və önəmlidir. Onun üzərinə böyük missiya və vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatı üzərinə götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcək”.
Konfrans mövzuya dair çıxışlarla davam edib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusundakı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Həmçinin mədəniyyət və turizm sahələrinin işıqlandırılmasında önəmli rolu olan bir qrup jurnalistə Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlar təqdim edilib.
S.ABDULLAYEVA