|
|
|
|
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan rəsmiləri ilə görüşlərində Dağlıq Qarabağ problemi müzakirə olunsa da, iki ölkə arasında strateji məsələlər ön planda dayanıb".
Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin sədri, politoloq Elçin Əhmədov Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lavrov bildirib ki, tərəflər problemin nizamlanması üçün qarşılıqlı faydalı, konsensusa söykənən əsaslar hazırlanması ilə bağlı səyləri davam etdirməlidir.
Azərbaycanın çətin geosiyasi şəraitdə müstəqil siyasət yürütdüyünü deyən politoloq hesab edir ki, bu siyasi xətt həm Rusiya, həm də Qərblə balanslı münasibətlərin qorunub saxlanılmasına xidmət edir.
Lakin Rusiyanın tarixən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təşkil etdiyini, münaqişənin yaranmasının da Sovet İttifaqının dağılması ərəfəsində baş verdiyini xatırladan Mərkəz sədri bütün bunlara Moskvanın apardığı ermənipərəst siyasətin səbəb olduğunu vurğulayıb: "Bunun nəticəsində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub".
E.Əhmədov bildirib ki, 2008-ci ildən bu yana Dağlıq Qarabağ problemi ilə bağlı münaqişə tərəfləri arasında 17 görüş keçirilib: "Bu, görüşlərin əksəriyyəti Rusiya prezidentinin vasitəçiliyi ilə təşkil olunub. Yəni, bu onu göstərir ki, Rusiya Cənubi Qafqazda maraqlarını qorumaq niyyətindədir. Bu region Rusiyanın radiolokasiya sisteminin əhatə dairəsindədir. Belə bir şəraitdə Moskvanın Ermənistan və Azərbaycana münasibətində balansı qoruya bilmədiyini başa düşmək olar. Rusiyanın Ermənistanla hazırkı hərbi geostrateji münasibətləri birbaşa Azərbaycana qarşı yönəlməsə də, Moskva Cənubi Qafqazda işğalçı ölkə ilə müttəfiqlik əlaqələrini qoruyub saxlayır. Çünki bu, münasibətlər Rusiyanın dövlət maraqlarına cavab verir. Moskva ilə İrəvan arasındakı hərbi tərəfdaşlıq əlaqələrinin tarixi köhnədir. Ona görə də, Qarabağda müharibənin başlayacağı halda, Rusiyanın kimin tərəfində dayanacağı sual doğurur. Təbii ki, Rusiyanın öz müttəfiqi qarşısında işğal olunan Dağlıq Qarabağın ərazisini müdaifə etmək üçün hər hansı bir öhdəliyi yoxdur. Lakin dolayı yolla Rusiya müharibəyə sürüklənəcək. Çünki Moskvanın İrəvanla vahid hava hücumundan müdafiə sistemi var. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazda yerləşən radiolokasiya sistemi informasiya müharibəsi şəraitində əldə etdiyi məlumatları Ermənistana ötürəcək".
Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsində Dağlıq Qarabağ üzrə məruzəçi Robert Volterin hazırladığı hesabat əsasında qətnamə qəbul olunduğunu yada salan politoloq münaqişənin nizamlanması prosesində fəaliyyətsizlik nümayiş etdirən ATƏT-in Misnk Qrupunun məsələ ilə bağlı mövqeyinə toxunub: "Amerikalı həmsədr Ceyms Uorlik qeyd edib ki, AŞPA Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul edərkən həmsədrlərlə məsləhət aparmalı idi. Bunun ardından Lavrov da Ermənistanda keçirdiyi mətbuat konfransında Avropa Şurasının münaqişəni həll etmək üçün mandatının olmadığını deyib. Rusiya xarici işlər naziri Uorlikin mövqeyini dəstəkləyib. Eləcə də Fransa mütəmadi olaraq bu tip mövqedən çıxış edir. Halbuki, onların bu mövqedən çıxış etməsi münaqişənin sülh yolu ilə həllinə kömək etmir. Məsləhətləşmələrə gəldikdə, ATƏT-in Minsk Qrupu müntəzəm olaraq ondan yüksəkdə duran BMT Təhlükəsizlik Şurasının mövqeyini nəzərə almalı, qəbul olunan qətnamələrin icrası istiqamətində iş aparmalıdır. Bundan əlavə həmsədrlər münaqişə ilə bağlı sənədlər qəbul edən Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulma Hərəkatı ilə məsləhətləşmələr aparmalı, onların qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır".
E.Əhmədov hesab edir ki, həmsədr dövlətlərin rəsmilərinin bu cür çıxışları qurumun fəaliyyətsizliyini gücləndirən amillərdir: "Minsk Qrupunun bu fəaliyyəti Ermənistanın status-kvonu saxlamaq üçün yeritdiyi siyasətlə üst-üstə düşür".
Ceyhun ABASOV