Pablo Pikassonun “Qadın başı” adlı rəsm əsəri “Sotheby's” satış evinin Londonda keçirilən impressionizm və modernizm əsərlərinin axşam hərraclarında ən bahalı lot olub. Satış evinin nümayəndəsi əsərin 18,9 milyon funt sterlinqə (27,1 milyon dollar) satıldığını bildirib.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 16-20 milyon funt sterlinq arası qiymətləndirilən əsərdə rəssamın hamilə sevgilisi Mariya-Tereza Valter təsvir olunub.
Klod Monenin 1908-ci ildə çəkdiyi və 12-18 milyon funt sterlinq arası qiymətləndirilən “Venesiya peyzajı” əsəri hərracda öz alıcısını 11,6 milyon funt sterlinqə tapıb. Monenin Venesiya rəhbərlərinin sarayının təsvir edildiyi əsərlər seriyası və digər rəsmləri bir çox məşhur muzeylərdə, həmçinin Nyu-Yorkdakı “The Metropolitan” muzeyində nümayiş olunur.
Anri Matissin 12-18 milyon funt sterlinq dəyərində qiymətləndirilən “Fortepiano dərsi” əsəri isə hərracda 10,8 milyon funt sterlinqə satılıb. Bu əsər 89 il ərzində Britaniyada şəxsi kolleksiyada saxlanılıb.