|
|
|
|
Azərbaycan tarixinin qanlı günlərindən biri olan Xocalı soyqırımının 24-cü anım günü yaxınlaşır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi ən böyük terror-soyqırım aktlarından biri həyata keçirilib. Ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Lakin bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və ahıl insanlar olmaqla - 613 nəfəri düşmən gülləsinə tuş gələrək həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bu soyqırım aktı nəticəsində yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150-i isə itkin düşüb.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq işlər görülür.
Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyasına start verilib. İndiyədək bu qanlı faciəni 8 ölkə - Pakistan, Kolumbiya, Bosniya və Hersoqovina, Peru, Honduras, Sudan tanıyıb, Rumıniya Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb.
Bundan əlavə, 2010-cu ildə ABŞ-ın Massaçusets, 2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona, Yuta, 2016-cı ildə isə Nebraska, Havay, Montana ştatları Xocalı soyqırımını rəsmi olaraq tanıyıblar.
Başqa dövlət, ştat və təşkilatların da Xocalı soyqırımını tanıması istiqamətində fəaliyyət davam etdirilir.
Məsələ ilə bağlı Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırım aktının beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyət yüksək qiymətləndirilməlidir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya uğurla davam etməkdədir. Artıq Xocalı soyqırımını 10-a yaxın ölkə tanıyıb. Bu faciə ABŞ-ın 20 ştatında insanlığa qarşı həyata keçirilmiş böyük qətliam kimi qəbul olunub”.
R.Zeyni hesab edir ki, Azərbaycan həm dövlət, həm də ictimaiyyət səviyyəsində daha çox iş görməlidir: “Biz bu, soyqırım aktının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində təbliğat işlərini daha da sürətləndirərək Ermənistanın təcavüzkar mahiyyətini bütün dünya insanının diqqətinə çatdırmalıyıq. Hazırda həm dövlət, həm diaspor, həm də vətəndaş cəmiyyəti institutları səviyyəsində fəaliyyət aparılmaqdadır. Məqsəd beynəlxalq ictimaiyyətə daha çox məlumat ötürməklə soyqırıma hüquqi qiymətin verilməsinə nail olmaqdır”.
Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Ramiz Alıyev isə bildirib ki, Xocalı soyqırımı əsrin ən böyük faciələrindən biridir: “Çünki bu faciə təkcə Azərbaycan xalqına,türk dünyasına qarşı törədilmiş faciə yox, insanlığa qarşı yönəlmiş misli görünməyən dəhşətli bir faciədir. Bu faciəni bütün dünyanın görməsi və ona hüquqi qiymətin verilməsi vacibdir. Bu soyqırım 24 il öncə erməni hərbi birləşmələri tərəfindən törədilib. Təəssüflər olsun ki, dünyanın Azərbaycana və türk dünyasına qarşı olan iki standartlar siyasəti hələ də imkan verməyib ki, Xocalı soyqırımı bütün dünya dövlətləri və beynəlxalq təşkilatlarda öz hüquqi statusunu alsın. Düzdür, bir neçə ölkə, ABŞ ştatları Xocalı Soyqırımına hüquqi qiymət verərək soyqırım kimi tanıyıb, erməni təcavüzünü pisləyiblər. Ancaq haqq budur ki, insan hüquq və azadlıqlarından ağız dolusu danışan bütün ölkə və təşkilatlar bu soyqırımı tanımayıb. Lakin birmənalı şəkildə haqq-ədalətin yanında olan hər bir dövlət əsrin faciəsi olan Xocalı soyqırımını tanımalıdır. Bu faciəni törədənlər isə Haqqa Məhkəməsində mühakimə olunmalı, öz cəzasını almalıdırlar”.
R.Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev var gücü ilə çalışır ki, dünya dövlətləri ədalətli qərar çıxararaq Xocalı Soyqırımını tanısınlar: “Prezident xalqımızın seçdiyi və güvəndiyi bir lider olaraq bu yolda əlindən gələni artıqlaması ilə edir. Mən xüsusi ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu istiqamətdə apardığı uğurlu işləri qeyd etməliyəm. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın xidmətlərini xüsusi ilə vurğulamaq istərdim. Məhz onun ideyası əsasında “Xocalıya ədalət” kampaniyasına start verilərək dünyanın hər bir yerində təbliğat işləri aparılır. Aparılan uğurlu kampaniya nəticəsində dünyanın bir çox şəhərlərində Xocalı soyqırımı ilə bağlı məlumatlar insanlara çatdırılıb və aidiyyatı təşkilatlara bu faciəni özündə əks etdirən əyani vəsaitlər təqdim edilib”.
Politolaq hesab edir ki, hər bir azərbaycanlı Leyla Əliyevanın bu uğurlu təşəbbüsünə qoşulmalı və var gücü ilə dəstək olmalıdır: “Xüsusən də xaricdə yaşayan soydaşlarımız bu işdə fəal rol oynamalıdırlar”.
Qeyd edək ki, UBM Group “Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə, Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.
Məlumat üçün bildiririk ki, UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün, korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara alıb. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb. UBM Group Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.
UBM Group Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Justice for Khojaly! “Xocalıya ədalət!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib.
Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb .
UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir.
Ceyhun ABASOV