Almaniya Bundestaqı qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsini qəbul etməklə türk və müsəlman dünyasına qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirib.
Bu, qondarma qətnamənin qəbulu Türkiyə kimi, Azərbaycanın da ictimai-siyasi həyatında böyük narazılıqla qarşılanıb. Cənubi Qafqazda himayədarlarının dəstəyi ilə işğalçı siyasət yürüdən, regionda sülh və təhlükəsizliyi təhdid altında saxlayan, Azərbaycan torpaqlarının 20 faizini işğal edən, qonşu dövlətlərə də saxta ərazi iddiaları ilə çıxış edən, Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımlarından birini törədən Ermənistan bu gün Qərb dünyasının-xristian təəssübkeşlərinin böyük səyi ilə "əzabkeş" xalq kimi təqdim olunur. Bununla onlar bir daha Ermənistanın işğalçı siyasətinə dəstək verdiklərini, dini və irqi zəmində toqquşmalarının qarşısının alınmaması, dünyada sülh və ədalətin bərqərar olunmamasında maraqlı olduqlarını ortaya qoymaqla ikili standartlar siyasətini davam etdirdiklərini göstəriblər.
Qərarın əleyhinə 631 deputatdan ancaq Almaniya kansleri Angela Merkelin lideri olduğu Xristian Demokrat Birliyi Partiyasının üzvü Bettina Kudla səs verib. Təəssüf doğuran haldır ki, qərar layihəsini parlamentdəki Yaşıllar Partiyasının lideri türk Cem Özdəmir hazırlayıb. Bundestaqda deputat mandatına sahib olan 11 nəfər türk millətinin nümayəndəsi də qondarma layihənin lehinə səs verib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, iyunun 2-də Almaniya parlamentində qəbul olunan qərəzli qətnamə qardaş Türkiyəyə təzyiq vasitəsi kimi ortaya atılıb: Bu "erməni soyqırımı" adlı absurd teatrının növbəti tamaşası idi: "Erməni soyqırımı" adlı tarixi saxtakarlıq faktına Avropanın bir nömrəli ölkəsi olan Almaniyanın parlamenti səviyyəsində qərəzli münasibətin bildirilməsi təəssüf doğurur. İndiyədək qondarma erməni soyqırımı kompaniyasına qoşulmuş digər ölkələrdə olduğu kimi, Almaniyada da qəbul olunan qətnamə əslində heç bir tarixi və hüquqi əsası, təsir gücü olmayan əhəmiyyətsiz, amma qərəzli bir kağız parçasıdır. Bu qətnamə ilə genosidin ən dəhşətli nümunələrinin daşıyıcısı olan Almaniya özünü həmin kompaniyada iştirak edən digər ölkələrlə müqayisədə ikiqat urvatsız edib. Bu qətnamə Türkiyənin getdikcə artan gücündən, onun perspektivlərindən qorxuya düşən və sən demə içərilərində daşımağa davam etdirdikləri alman faşizminin Xocalı soyqırımını törədən, ana və uşaq qatilləri olan erməni faşizminə dəstəyidir".
Deputat qeyd edib ki, Almaniya öz çəkisinə heç cür uyğun gəlməyən belə ucuz bir kompaniyaya qoşulub: "Bu ölkə öz düşüncəsiz addımı ilə özünə böyük ziyan vurub, nüfuzuna xələl gətirib, ölkədaxili gərginliyə yeni amil qoşub. Almaniya həmin qətnamə ilə Türkiyə və Azərbaycan ictimaiyyətinin bu ölkəyə qarşı formalaşmış xoşməramlı münasibətini müsbətdən mənfiyə dəyişdirməkdədir. Bu qətnamənin qəbulu Türkiyə ilə Almaniya arasında siyasi münasibətləri xeyli zədələyib, bəlkə də humanitar və iqtisadi münasibətlərə də mənfi təsir edəcək.
Bu qətnamə ikili standartın yeni nümunəsi olmaqla, həm də Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına davamlı xarakter verilməsinə xidmət edir".
Ə.Məsimli hesab edir ki, bu qətnamə qondarma erməni soyqırımının növbəti komediyalarına yeni nəfəs, impuls verə bilər: "Qondarma erməni soyqırımının növbəti komediyalarını əhəmiyyətsiz aksiyalara çevirməkdən ötrü türk dövlətlərinin və diasporanın birgə fəaliyyətinin və fəallığının artırılması lazımdır".
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, bəzi dərin siyasət biliciləri bu qərarı Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana qarşı atılmış addım kimi təqdim etməyə çalışırlar: "Ərdoğanın siyasət anlayışında qaneedici və ya tənqid oluna biləcək kifayət qədər məqamlar var. Ancaq tam əmin ola bilərsiniz, bu qərarı Türkiyə, Azərbaycan və eləcə də bütün türk millətindən olanlara qarşı çıxarıblar. Ona görə də bütün türklər bu qərarı əhəmiyyətsizləşdirmək üçün yaşadıqları məkanlardan asılı olmayaraq səylərini birləşdirməlidirlər".
Milli Məclisin deputatı Adil Əliyev də hesab edir ki, Almaniya kimi demokratik dövlətin qondarma erməni soyqırımını tanıması utancverici bir hadisədir: "Tarixdən məlum olan odur ki, Almaniya və Osmanlı imperiyası mütəffiq olublar, birgə hərəkət ediblər. İndi isə Almaniya heç bir araşdırma ortaya qoymadan tez-tələsik qondarma soyqırımı tanıyır. Prosesin arxasında hansı məkrli planların durduğu aydındır. Bu, daha çox siyasi təzyiq metodur. Bu yolla Türkiyəyə qarşı təzyiq edirlər. 20-ci illərdə İtaliyanın baş naziri Françesko Nittinin belə bir sözü var idi ki, Avropa dövlətləri Türkiyəyə nəsə vermək istəməyəndə və ya nəsə Türkiyədən almaq üçün genosid məsələsini yada salırlar. Nəzərdən qaçırmamalıyıq ki, qondarma soyqımı tanıyan Almaniya dövləti tarixdə böyük soyqırım siyasəti həyata keçirən dövlətdir".
A.Əliyev təklif edir ki,qondarma erməni soyqırımına səs verən türk əsilli Almaniya deputatlarının Azərbaycana girişinə qadağa qoyulsun.
Ceyhun ABASOV