Bu gün tanınmış Türkiyə yazıçısı Yaşar Kamalın doğum günüdür.
O, 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib.
Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb.
Yaradıcılığa şeirlərlə başlayan Y.Kamalın ilk qələm təcrübələri Adana "Xalqevi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib.
Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suçu, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda, "Ülke", "Kovan", "Millet", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub.
1951-ci ildə İstanbula gələrək "Cumhuriyet" qəzetində müxbir işləməyə başlayıb.
"Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.
İlk romanı "İncə Məmməd" ilə 1955-ci ildə "Varlıq" roman mükafatını qazanıb.
1974-cü ildə "Dəmirçilər Çarşısı Cinayəti" adlı əsəri Madaralı roman mükafatına layiq görülüb.
"Yer dəmir, göy mis" əsəri Fransada 1977-ci ildə Ədəbiyyat tənqidçiləri sindikatı tərəfindən ilin ən yaxşı xarici romanı seçilib.
"Binboğalar əfsanəsi" 1979-cu il yay dönəmi üçün Böyük Ədəbiyyat jürisi tərəfindən seçilən kitablar arasında yer alıb.
1982-ci ildə beynəlxalq Del Duca mükafatına layiq görülən Yaşar Kamal, 1984-cü ildə Fransanın Fəxri legion ordeni ilə təltif edilib.
Əsərləri 39 dilə tərcümə olunub.
Y.Kamal 28 fevral 2015-ci ildə vəfat edib.