Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Qəlbdəki və qələmdəki Qarabağ” layihəsi çərçivəsində türksoylu ölkə və topluluqları təmsil edən (Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, QKTC-i ilə yanaşı Tatarıstan, Çuvaşıstan və Təbrizdən…) Bakıya gəlmiş araşdırmaçı-yazar, şair-tərcüməçi və yazıçı-publisistlərin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin (ümumən layihənin) yekunu olaraq “XAN” Nəşrlər Evində vahid mövzulu, ancaq fərqli janrlarda qələmə alınmış yazılardan ibarət “Qəlbdəki və qələmdəki Qarabağ” antologiyasının "Kitabevim.az" kitab evində təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər, gənc yazarlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri İntiqam Yaşar qonaqları salamlayaraq, layihə çərçivəsində görülən işlərdən, kitabda yer alan yazıların bədii keyfiyyətindən söz açdı.
O, kitabda Azərbaycan da daxil olmaqla Türk dünyasının müxtəlif nöqtələrindən olan yazarların Qarabağ həqiqətləri haqqında olan yazılarının cəm toplanmasını bu yolda atılmış çox önəmli addım olduğunu diqqətə çatdırdı.
Tədbirdə iştirak edən tanınmış yazarlar Şəmil Sadıq, İlqar İlkin, Fərqanə Mehdi, Məlahət Yusifqızı, Nazilə Gültac, gənc yazarlardan Afət Viləşsoy, Yusif Nazim Ərəbsoy, İltimas Səmimi, Ümid Nəccari və başqaları kitab haqqında fikirlərini bölüşdülər.
Sonda “Qəlbdəki və qələmdəki Qarabağ” kitabı müəlliflərə və qonaqlara təqdim edildi.