"Prezident İlham Əliyevin apardığı siyasi, iqtisadi, beynəlxalq kurs ən doğru yoldur və onun müvəffəqiyyətlə yerinə yetirilməsi hər bir məmurdan, vətəndaşdan da asılıdır".
Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ölkənin hər bir vətəndaşı bu kursu düzgün başa düşməlidir və onun həyata keçirilməsi istiqamətində hər kəs əlindən gələni etməlidir: "Prezidentin bütün çıxışlarında ölkənin təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması, insanların sosial rifahının yaxşılaşdırılması önə çəkilir. Prezident İlham Əliyevin "Ölkənin müdafiə gücünün artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin ən birinci vəzifəsidir. Biz hec vaxt imkan verməyəcəyik ki, Azərbaycan ərazisində ikinci bir dövlət yaradılsın" fikri alqışa layiqdir. Hazırda əsas götürülən iqtisadi, siyasi, beynəlxalq kurs müvəffəqiyyətlə yerinə yetirilir və Prezident İlham Əliyev tərəfindən bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək". Prezidentin dövlətin idarəetmə strukturunun təkmilləşdirilməsinə xüsusi önəm verdiyini deyən T.Rzayev qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün rəhbər işçilərin də məsuliyyəti artırılmalıdır: "Prezident İlham Əliyev bunu öz çıxışlarında qeyd edir. Hər bir rəhbər işçi də bunu başa düşərək ölkənin inkişafı naminə işlər görməyə çalışmalıdır".
Digər millət vəkili Eldəniz Səlimov hesab edir ki, yaxın zamanlarda ölkə prezidentinin həyata keçirdiyi ciddi struktur islahatlarının şahidi olacağıq.
Millət vəkili deyib ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilən referendumun nəticələrini təsdiqləyəcək. "Bildiyiniz kimi, MSK qanunvericiliyə uyğun olaraq 25 gün ərzində referendumun nəticələrini təsdiq etməlidir. Prezident və parlament seçkilərindən fərqli olaraq referendumun nəticələrini Konstitusiya Məhkəməsi təsdiq etmir. Referendumun nəticələri MSK tərəfindən təsdiqləndikdən qısa müddət sonra ciddi idarəetmə sistemində islahatlara start veriləcək"- deyə, millət vəkili vurğulayıb. Onun dediyinə görə, ölkə başçısı 2016-cı ili "islahatlar ili" elan edib: "Lakin referendum bu islahatlara təkan verəcək. Belə ki, referendumun nəticələrinə uyğun olaraq idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlara başlanacaq". Millət vəkili əlavə edib ki, ölkə başçısının bu günlərdə son 9 ayın yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında da dediyi kimi, dünyada iqtisadi böhran hökm sürür, ancaq böhranlar öz-özlüyündə pis bir əlamət olsa da, bir sıra islahatların sürətli və səmərəli həyata keçirilməsində katalizator rolunu oynadı. "Ümumiyyətlə, həmin iclas çox tarixi və əlamətdar bir iclasdır.
Orada ölkəmizdə, o cümlədən, bölgəmizdə və bütövlükdə dünyamızda baş verən proseslərlə bağlı çox ciddi fikirlər səsləndi, mesajlar verildi, çağırışlar edildi. Ölkə başçısı bir daha dünyada hökm sürən siyasi-iqtisadi-hərbi gərginliklərə, kataklizmlərə rəğmən Azərbaycanın ciddi inkişaf yolunda olduğunu, ölkəmizin heç nəyə fikir vermədən bundan sonra da öz yoluyla gedəcəyini, addımlayacağını inamla vurğuladı. Bu da onu deməyə tam əsas verir ki, biz qısa zamanda ölkədə islahatların növbəti dalğasının və bu islahatlar nəticəsində də Azərbaycan xalqının maddi- rifah halının bir daha yaxşılaşmasının şahidi olacağıq. Buna da hər kəs əmin olsun"- deyə, millət vəkili daha sonra bildirib.
KAMİL