|
|
|
|
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil olunan "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda İkinci Beynəlxalq elmi konfrans işinə başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq tədbirin məqsəd və vəzifələri haqqında məlumat verib. Mühacirət ədəbiyyatının kompleks araşdırılmasında 1991-ci ildə bu mövzuya həsr olunmuş Birinci konfransın əhəmiyyətini xüsusilə qeyd edən akademik İsa Həbibbəyli hazırda bu sahədə Nizami adına Ədəbiyyat İnstitutunda ciddi işlər aparıldığını söyləyib. Akademik İsa Həbibbəyli qeyd edib ki, mühacirət ədəbiyyatının obyektiv tədqiqi, o cümlədən, Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsinin yaradılması milli müstəqilliyin elmimiz qarşısında açdığı geniş imkanın təzahürüdür. İnstitut tərəfindən dövlət müstəqilliyimizin 25 illiyinə töhfə olaraq iki cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabının və "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından "Məhəmməd Əmin Rəsulzadə" cildinin hazırlandığını bildirən akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətini, onun tədqiq olunmasını zəruri edən amilləri, bu sahədə ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdən danışıb.
Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, türkiyəli alim, professor Yavuz Akpınar, AMEA-nın müxbir üzvü Nizami Cəfərov çıxış edərək Azərbaycan mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən və konfransın əhəmiyyətindən söz açıblar.
Daha sonra mühacirət ədəbiyyatının mühüm problemlərindən bəhs edən məruzələr dinlənib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı "Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri" adlı məruzədə Azərbaycan mühacirətşünaslığının qarşısında duran vəzifələr barədə məlumat verib.
Professor Yavuz Akpınar "Azeri edebiyatı (Mehmet Emin Resulzade'nin Türk Ansiklopedisin'e Yazdığı Maddeler ve "Azeri Edebiyatı" Maddesinin El Yazması Nüshası Üzerine)", fil.f.d. Abid Tahirli "Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü (Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür" memuarı) mövzularında məruzələrində Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı yeni elmi faktlara aydınlıq gətiriblər.
Fasilədən sonra konfransın işi müxtəlif bölmələr üzrə davam etdirilib.
Konfrans bu gün işini davam etdirəcək. Tədbir çərçivəsində eyni zamanda "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından "Məhəmməd Əmin Rəsulzadə" cildinin təqdimat mərasimi keçiriləcək.