Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin bir qrup sakini redaksiyamıza müraciət edərək yaşadıqları ərazidə standartlara cavab verməyən çoxmərtəbəli binanın tikintisinə başlanılmasından narahatlıqlarını ifadə ediblər.
Müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq.
"Hörmətli redaksiya, qarşılaşdığımız problemlə bağlı son vaxtlar bir sıra rəsmi qurumlara, müxtəlif idarə və təşkilatlarla etdiyimiz müraciətlərə cavab verilmədiyindən sizə üz tutmağa məcbur olduq.
Müraciət etdiyimiz instansiyalar dövlətin qanunlarına və şəhərsalma prinsiplərinə məhəl qoymayan, icra etdiyi işlərə bazar təfəkkürü ilə yanaşan bir tikinti şirkətinin əlində sanki aciz qalıb. Halbuki həmin rəsmi qurumlar unudurlar ki, onların vətəndaş müraciətlərinə laqeyd münasibəti istər-istəməz ciddi narazılığa səbəb olur, əhalidə inamsızlıq hissi formalaşdırır. Amma biz tam əminik ki, artıq ictimailəşməyə doğru gedən bu insident haqqında birbaşa bu sahəyə nəzarət edən ən yüksək dövlət qurumlarının müfəsssəl məlumatı yoxdur. Biz inanırıq ki, həmin dövlət qurumlarının bu barədə dəqiq məlumatları olsaydı, bu qədər haqsızlıq baş verə bilməzdi".
Müraciətdə daha sonra deyilir: "Bizim üzləşdiyimiz problemin mahiyyəti bundan ibarətdir: Əvəz Şükürov adlı şəxs dövlətin qanunlara nümayişkəranə şəkildə məhəl qoymayaraq Bakı şəhəri, Nəriman Nərımanov rayonu, Nəcəf Nərimanov kücəsi 909-cu məhəllədə yaşadığımız 5A saylı binaya paralel olaraq çoxmərtəbəli binanın tikintisinə başlayıb. Bu binanın tikintisi indi bizim yaşadığımız, bir vaxtlar Əvəz Şükürovun şərikliyi ilə "Fəxri İnşaat" MTK tərəfindən tikilmiş 12 mərtəbəli yaşayış binasına paralel olaraq aparılır. Bu bina ilə tikinti arasındakı məsafə cəmi 5 metrdir. Halbuki qəbul olunmuş standartlara görə, paralel inşa edilən binalar arasındakı məsafə o binaların hündürlük ölçüsündən az ola bilməz. Lap qanun və standartları da bir kənara qoyaq, Əvəz Şükürov heç adi insani dəyərlərə də məhəl qoymadan bir vaxtlar biz sakinlərə satdığı mənzillərdən qazandığı sərvət hesabına indi yaşadığımız binaya paralel, 5 metr məsafədə yeni çoxmərtəbələri bina tikdirərək sakinlərin mənzillərinə düşən gün işığının və təbii havalanmanın qarşısını kəsir. Buna nə ad verəsən, nə deyəsən?
Biz şikayətçilər əvvəlcə tikintini aparan Əvəz Şükürova, daha sonra xeyli qurumlara müraciət etsək də, heç bir nəticə əldə olunmayıb. Bəlkə də, tikinti sahibini haradasa başa düşmək olar ki, adam öz mənfəətini güdür. Bəs, görəsən rəsmi qurumlar hansı maraqlar müqabilində vətəndaşlara qarşı baş verən bu haqsızlığa göz yumurlar? Tikintinin özül çalası 69 saylı uşaq bağçasına, Təhsil Nazirliyi Təhsil Sisteminin İnnovasiyalaşdırılması İdarəsi Məlumat və Resurs Mərkəzinin hasarına bitişik, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin inzibati, Kooperasiya Universitetinin tədris binalarından bir neçə metr məsafədə yerləşır. Amma hansısa bəlli olmayan, müəmmalı səbəblərdən bu idarə və təşkilatların rəhbərləri məsələyə laqeyd yanaşır, biganəlik göstərirlər".
Müraciətin sonunda şikayətçilər qəzetimiz vasitəsilə əlaqədər qurumlardan üzləşdikləri bu acınacaqlı məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirlər.