Kreyq Teyçerin “Bob Dilanın mahnıları niyə ədəbiyyatdır?” məqaləsini təqdim edirik.
Kreyq Morqan Teyçer şair və ədəbi tənqidçidir. “Delmor Şvartzdan seçmələr: Son olaraq” kitabının redaktoru, eyni zamanda “Bulanıq eşq bəsləmək” və gələn yaz işıq üzü görəcək “Titrək cavablar: Şeirlər” antologiyalarının müəllifidir.
Bir neçə gün öncə Bob Dilan “Ədəbiyyat üzrə Nobel mükafatı”nı qazandı. Yazıçıların bir qismi təəccüblənsə də, bir qismi xeyli sevindi – mən özümü ikinci qrupa aid edərdim. Onun musiqisi ilə yeniyetməlik dövrümdə tanış olmasam da, Dilanın böyük fanatıyam. Dilanı ilk dəfə dinləyəndə artıq ilk övladım dünyaya gəlmişdi.
Dilanı dinləyən sevən hər kəsin özünə görə səbəbləri var və bu səbəblərin sayı sonsuz nöqtələr qədərdir.
Buna baxmayaraq, Dilanın öz əvəzsiz kultural əhəmiyyətini sübut etməsi üçün Nobelə ehtiyacı yox idi.
Nobel Komitəsinin seçimi maraqlı bir sual ortaya çıxartdı: Musiqi ədəbiyyat ola bilərmi?
Dilanın Nobel qazanması barədə ən sevdiyim rəyi şair Metyu Zaprüder Feysbukda yazmışdı: insanlar Dilanın şair olmaması barədə ağız büzürdülər, o isə yazdı ki, “Düzdür. Razıyam, bu, poeziya deyil, amma bu mükafat da POEZİYA ÜZRƏ verilməyib”.
Bob Dilan şairdir? Mən belə düşünmürəm. Bəs onun yaradıcılığı ədəbiyyatdır? Şübhəsiz. Nobel də elə bu ədəbiyyata verilib. Onun yaradıcılığının böyük hissəsi müasir ədəbiyyatın bir parçasıdır. Və onun musiqisi sözləri ilə vəhdətdədir, o sözlər ayrılıqda poeziya deyil.
Nəticə olaraq, deyə bilərik ki, poeziya yoxsul dillər dünyasında mövcuddur, amma şeir əslində musiqi və sözlərin cəmidir. Poeziya səs oyunudur – hecalar, qafiyə, ritm, harmoniya-disharmoniya, vəzn – bunlar məzmunu əhatə edir, ovqat yaradır, şeirin emosiyaları və formaları ilə bağlı hissi təcrübəni ortaya çıxarır.
Eyni zamanda, bunlar səsləri və keçmiş ritmləri əks etdirən, şeiri tarixə qazıyan, əbədi ənənələrə söykənən dilin qədim tarixinə işıq salır. Dilanın lirikası təkcə şeirlə qarşılaşmır, sözlər, musiqi, aranjiman, instrumentasiya – onun mahnılarını birlikdə yaradır.
(Bu tezisdə bəzi ziddiyyətlər də ola bilər. Xüsusi ifa, mahnının, hətta notların yazılışı – mahnının abstrakt ideyası elə mahnının özü deməkdir? Fərz edək ki, uzun müddət öncə rəflərə yığılmış kitablara oxşayan mahnı yazılışı haqda danışırıq.)
Dilanın lirikasında poetik texnikalara praktik həmkarlarından daha çox rast gəlirik (Pol Simon və Coni Mitçel onun yaşıdlarıdır və amerikan mahnı yazarları arasında meyar hesab edilirlər). Onların yazdıqları şeir deyil, çünki musiqi olmadan o sözlər o qədər də məna ehtiva etmir, onların ədəbiyyat kimi xarakterizə edə biləcəyimiz məna dərinliyi və tarixi yoxdur. Əgər Dilanın lirikası əsl şeir deyilsə, bəs onda onların yazdığı nədir? “Kimsəsiz cərgələr” mahnısının birinci bəndinə baxın, ədəbi eyhamları burda rahatca görə bilərsiniz:
Sindirella – o çox rahat görünür. “Birini tanımaq üçün biri bəs edir”, – o gülümsəyir Və əllərini arxa ciblərinə salır Betti Deyviz tərzində Və Romeo gəlir. O inildəyir: “Mənə aidsən, inanıram”. Və kimsə deyir: “Sən səhv yoldasan, dostum, Yaxşısı, çıx get”. Və bircə səs eşidilir Ambulanslar gedəndən sonra: “Sindirella kimsəsiz cərgələri süpürürmü?”
Bu, şair Lüsi Brok-Broydonun “uzunsaçlı bəndlər” adlandırdığı şeir tərzindədir: uzun sətirlərdə cüt qafiyələr. (Bunu Dilan yazmasaydı, hər sətir qırılıb yarımçıq qalardı və çox ehtimal ki, melodiyalar belə bu gərginliyi azalda bilməzdi. Axı poeziya həm də məzmunu necə yaratmaq deməkdir). Bu bəndin kinayə ilə dolu olduğu göz önündədir (Burda Sindirella və Romeo görüşürlər, eləcə də, Ofelia, Robun Qud və digər məşhur obrazlar sonradan mahnıya təşrif buyururlar). Ən yaxşı müasir poeziya kimi Dilanda qədimlik və müasirlik birləşir (Sindirella Betti Deyvizlə görüşür), gündəlik həyat (arxa ciblər, ambulans), yüksəklik (Romeo) və dərhal başa düşülməli olan hazırcavablıq nümunələri (“Yaxşısı, çıx get”) yer alır.
Dilanda ironiya və sözlərə hakim olmaq hissi çox güclüdür. Onun son şah əsərlərindən sayılan “Hələ qaranlıq deyil” mahnısı qarşılaşdığı ölümdən bəhs edir. Dilan deyir ki, “Ruhumun polada çevrildiyini hiss edirəm/Hələ də qorxuram ki, günəş sağalmayacaq”. Polad ruh – çoxalan yaş və itkilərlə birgə yaxınlaşan ölüm üçün gözəl metaforadır. Əgər bu misralara daha da texniki yanaşmaq istəsək, burda “polad” ifadəsi həm də obyektiv tarazlıq yaradır, T.S.Eliotun fantaziya termini obyekt üçün emosiya deməkdir. Əgər beyninizdə soyuq, hərəkətsiz və əyilməz metal canlandırsanız, onda özünüzü tənha və yorğun hiss edəcəksiniz. Bu, poeziyanın gücüdür.
Onun musiqisi yarı-ədəbiyyatdır. Dilanın üslub ehtiyatları, tərzi, melodiyaları və mahnılarındakı akkord keçidləri yüzillik, bəlkə də minillik kökə malikdir. Hətta mahnılara nə qədər yenilik qatsa da, həmişə ənənəvi mahnıların əvəzsiz təmsilçisi olub. Belə ki, onun gətirdiyi ən böyük texniki yenilik “Kimsəsiz cərgələr” və “Axmaq külək” mahnılarındakı kimi uzun tiradlardır. Bənd-nəqarət-bənd keçidlərinin təkrarı yadıma Homerin epik şeirlərini salır. Bu şeirlər dördlük bəndlər kimi formalaşmışdı və yazıya alınmamışdan əvvəl nəsillər boyu dildən-dilə keçərək yayılmışdı. Dilan bu qədim formanı yeniləyərək folk musiqiylə blyuzu birləşdirdi. Homer qədim döyüşlərdəki qəhrəmanları və düşmənləri sıralayırdı, Dilan da eyni şeyi ötən zaman kəsimindəki məcaz və miflərlə edir.
Əgər Nobel laureatı Şeymas Hini öz səs və ritmlərini Kits, Yeyts, ya da Vordsvord kimi sələflərindən götürübsə, Dilan öz müasirləri Led Belli və Vudi Qatri kimi sənətçilərdən, “Beat” nəslindən (əsasən, Bleyk, Bodler və Uitmen) və 50-60-cı illərin cazmenlərindən ilham alıb. Təbii ki, təkcə Dilan öz gəncliyindəki həmkarlarından təsirlənməmişdi, ötən 50 ildəki yazarların çoxu da Dilandan təsirlənmişdilər. Onun barmaq izlərini ədəbiyyatın hər küncündə görmək olar.
Dilan da Homer kimi önəmli bir yoldur. Onun blyuz və folk musiqi tarixindəki dərin kökləri “İliada” və “Odissey” kimi Yunan əsatirlərini mütləq şəkildə bir araya gətirən qədim şair, ya da yazıçı elementlərini əks etdirir. Düzdür, Dilan ədəbi kitabların müəllifi deyil, amma yaşayan heç bir sənətçi Bob Dilan qədər Amerikanın ruhunu dərindən və içdən duymağı bacarmayıb. Deyin görək, indi ədəbiyyat nədir və nə deyil?
Məqalə newrepublic.com-dan götürülüb Tərcümə etdi: Mənsut Matt Sim-sim.az