Bugünlərdə mərhum Xalq şairi Məmməd Arazın “Qarabağ simfoniyası” kitabı işıq üzü görüb.
Kitabda şairin publisistikası, məqalələri, eləcə də, müsahibə və ssenariləri toplanıb.
Azərbaycan ictimaiyyətini, tarixini, coğrafiyasını, mətbuat və mədəniyyətimizi, xüsusilə, 1990-cı illər ölkəmizin sosial-mədəni sferasının ümumi mənzərəsini canlandıran yazılarda M. Arazın vətəndaşlıq mövqeyi öz əksini tapıb. Məqalələr vətənə, torpağa sevgi, gənclərə saf duyğular aşılayır.
Tərtibçi və önsözün müəllifi Gülxanım Fətəliqızı kitabın çapından, yazıların toplanmasından danışıb: “Bu yazıların arasında yarımçıqları da var, bir səhifəsi itmiş yazıları da var, sualları tapılmayan müsahibələr də. Təbii ki, imkan daxilində çap etdirməyə çalışdığım mövzularda müasir dövrdə yerinə düşəsi fikirlər çoxdur”.
Önsözünü Nurlan Umudun yazısı izləyir. Nurlan Umud yazıb ki,topluda həm şair, həm də vətəndaş Məmməd Arazla qarşılaşırıq: “Məmməd Arazın yeni kitabı ilə və həm də deyərdim ki, yeni Məmməd Arazla üz-üzəyik. Bu kitab tanıdığımız, sevdiyimiz şair Məmməd Arazı bizə həm də başqa yöndən - təkcə bu yurdun, vətənin deyil, həm də dünyamızın əsl Məcnunu olan bir dünya vətəndaşını tanıdır”.
Kitab beş bölmədən ( “Qarabağ simfoniyası”, “Torpaq, kimdir sahibin?”, “Qələm yoldaşları haqqında”, “Müsahibələr”, “Ssenarilər”) ibarətdir.
İlk iki bölmədə publisistik yazılar və esselər verilib.
“Qələm yoldaşları haqqında” bölməsində şairin Süleyman Rüstəm, Söhrab Tahir, Tofiq Bayram, Rəfiq Zəka, Dimitri Dadaşidze, Vaqif Cəbrayılzadə və başqa yazarlara həsr olunan məqalələri var.
Dördüncü bölmədə M. Arazla söhbətlər yer alıb.
Sonuncu bölmədə isə şairin “Xurşudbanu Natəvan” və “Azərbaycan landşaftı” ssenariləri dərc olunub.