Noyabrın 9-u Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir Heydər Əliyev Mərkəzində 16 noyabr Beynəlxalq Toleranlıq Gününə həsr olunmuş tədbir keçirib.
Fonddan 525.az-a verilən məlumata görə, Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi Mübariz Süleymanov, ziyalılar, rayonda yaşayan müxtəlif xalqların nümayəndələri, gənclər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən S.Əliyeva bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Millət vəkili Ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq, nəticədə ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığına diqqət çəkib.
Şəmkir Bilik Evinin direktoru onu da vurğulayıb ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir.
Tədbirdə qonaqlar da çıxış ediblər. Onlar Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu deyiblər.
Şəmkir rayonunda yaşayan xalqların nümayəndələri də çıxışlarında Şəmkirdə multikultural ənənələrin tarixən qorunduğunu qeyd edərək, burada yaşayan bütün xalqların nümayəndələrinə daim sayğı göstərildiyini bildiriblər və bu sahədə görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını dilə gətiriblər.