Professor İsmayıl Məmmədli haqqında yazmaq mənim üçün böyük şərəfdir, həm də məsuliyyətli bir işdir. İsmayıl müəllimi hələ 2001-ci ildən tanıyıram.
Mən o zaman Bakı Dövlət Universitetində təhsil alırdım. Bu gözəl alim Universitetdə mənim magistr rəhbərim olub. O müddətdə İsmayıl müəllim mənə xeyirxah məsləhətlər, tövsiyələr verib, təmənnasız olaraq köməklik edib, ondan çox razı qalmışam. Tale elə gətirdi ki, mən ali məktəbi bitirdikdən sonra AMEA Nəsimi adına Dilçilik İnstitutuna işə düzəldim. Xoş bir təsadüf nəticəsində şöbə müdirimin İsmayıl Məmmədli olduğunu biləndə çox sevindim.
Artıq 6 ildir ki, Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışıram. Bu müddətdə İsmayıl müəllimi daha yaxından tanımağım üçün imkan və şərait yarandı. Onun əməkdaşlara, o cümlədən də mənə göstərdiyi qayğı və səmimiyyətinə görə ona olan hörmətim daha da artdı. Gördüm ki, şöbə müdiri olaraq bu səmimi insan bütün əməkdaşların sevimlisidir - hər barədə onların arxasında durur, problemlərini çox zaman həll etmək iqtidarında olur.
İsmayıl Məmmədov dilçiliyin bütün sahələrində tədqiqat aparmaq imkanına malikdir. Belə ki, onun elmi yaradıcılığı təkcə leksikologiya ilə məhdudlaşmır. Görkəmli alim dilçilik elminin ayrı-ayrı sahələrinə aid kitablar yazır, məqalələr çap etdirir. Bir çox monoqrafiyaların müəllifidir, bəzi kitabların isə elmi redaktorudur. Professorun yetirmələri haqlı olaraq onunla fəxr edirlər.
İsmayıl Məmmədov öz insani keyfiyyət
lərinə və elminə görə institutda xüsusi hörmət sahibidir, o, Müdafiə Şurasının üzvü, Dissertasiya Şurası seminarının sədridir. Bundan başqa, alim uzun illərdir - 50 ilə yaxındır ki, ali məktəblərdə öz pedaqoji fəaliyyəti ilə seçilir.
İsmayıl müəllim alicənab, səmimi və güclü yumor hissi olan insandır. Şəxsən mən ondan həmişə atalıq qayğısı görmüşəm. Mənə elmi rəhbər qədər kömək edir, istiqamət və tövsiyələr verir.
Noyabrın 15-də dəyərli İsmayıl müəllimin 70 yaşı tamam olur. Bu münasibətlə görkəmli alimimizi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, elmdə uğurlar, sağlam həyat arzulayıram.
Sevinc SƏFƏROVA
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, doktorant