Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunmuş Elmi Sessiya keçirilib.
APA-nın xəbərinə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, M. Nağısoylu əlyazmaçı kimi əlyazmaların dilini bilən ciddi tədqiqatçı alimdir.
O qeyd edib ki, M. Nağısoylu elmi yaradıcılığının ən məhsuldar mərhələsini yaşayır.
Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli deyib ki, M. Nağısoylu özünün yaradıcılıq həyatında çox böyük uğurlar qazanıb, sanballı elmi əsərlər yaradıb. Direktor müavini əlavə edib ki, M. Nağısoylu bundan sonra da hələ çox dəyərli əsərlərə imza atacaq.
Daha sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, xalq şairi Nəriman Həsənzadə və digərləri M. Nağısoylu barədə çıxış ediblər.