Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər.
F.Volter
Bütün dövrlərdə istedadlı və müdrik insanlar olub və bəşəriyyət öz inkişafına görə məhz onlara borcludur.
Bu gün insanlar arasında tarixdə daha çox iz qoyan alimlərin kimlər olduğu haqda sorğu keçirsək, şübhəsiz, onların cavabı Eynşteyn, Qaliley, Nyuton və s. olar. Doğrudur, verilən cavablar həqiqəti əks etdirir. Bu alimlərin elmə bəxş etdikləri fikirlər və ixtiraları bəşəriyyətin tərəqqisində mühüm rol oynamışdır. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində əvəzolunmaz xidmətləri olmuş şəxsiyyətlər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə hər birimizin ümdə vəzifələrimizdən biridir. Məhz belə böyük şəxsiyyətlərin işığı inkişaf etməkdə olan nəslin həyat yolunda istiqamət verə, onlara düzgün yol göstərə bilər.
Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur.
(Puankare, fransız riyaziyyatçısı)
Zaman nə qədər dəyişsə də, elmi-tərəqqi yüksəlsə də keçmişimizi yada salmağa, yaşatmağa ehtiyac duyulur. Biz öz tariximizi, sözsüz ki, kitablarda yaşada bilərik. Əsrlər boyunca bizi bütün dünyada tanıdan Nizami, Füzuli, Nəsimi, Xəqani və s. - hamısı kitablarda yaşayır. Böyük dahilər kitabın heç nə ilə əvəz olunmayan bilik xəzinəsi olduğunu hər zaman qeyd ediblər. Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.
İnsanların yaxın dostu, məsləhətçisi olan kitabı dahi şairimiz Nizami Gəncəvi “tükənməz mənəvi qida” adlandırmışdır. İllər keçsə də bu kəlam öz aktuallığını itirmir, əksinə, həyatımızın süarına çevrilir. İnsan yaxşı kitab oxuduqca kamilləşir, savadlanır. Kitablarda axtardığımız sualların cavablarını taparaq təfəkkürümüzü qidalandırırıq. Buna görə də biz bildiklərimizi kitablara, ən başlıcası, dəyərli məlumatlarla zəngin olan kitabları qələmə alan və bizlərə təqdim edən müəlliflərə borcluyuq.
Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir.
(Ç.Aytmatov)
Professor Misir Mərdanov və professor Ramiz Aslanovun Moskvanın “Prometey” nəşriyyatında yeni çapdan çıxmış, 516 səhifədən ibarət, “Müasir riyaziyyatın Azərbaycan sələfləri” adlı kitabı gənc nəslə - Azərbaycanın dahi riyaziyyatçılarının həyatı, elmi irsi ilə maraqlanan hər kəsə bir ərməğandır.
Kitabın Moskvada rus dilində çap olunmasında əsas məqsədlərdən biri də müasir riyaziyyatın Azərbaycan sələflərini geniş oxucu kütləsinə təqdim etməkdir.
Yeni tərtibatda çap olunmuş bu kitab çox gərgin və məhsuldar əməyin bəhrəsi kimi diqqəti cəlb edir. Materialları toplamaq, sistemə salmaq, nizam vermək, onları kitab şəklində oxuculara təqdim etmək səbr və öz işinin mütəxəssisi olmağı tələb edir. Kitab öz yazılış forması, müdrik insanların maraqlı və dəyərli kəlamları ilə zənginləşdirilmiş məlumat yönlü oçerklər toplusu şəklində olması ilə riyaziyyatın inkişafı tarixi və bu tarixin Azərbaycanda yaradıcıları haqqında məlumatlandırma baxımından bizə kömək edəcək bir enerjiyə sahibdir.
Müəlliflərin təfəkkürünün məhsulu olan “Müasir riyaziyyatın Azərbaycan sələfləri” adlı yeni kitab sanki tarixə bir aynadır, fərqli bir aləmə, inkişafa açılan bir qapıdır, bizi keçmişdən xəbərdar edən, gələcəyə inamla və qürurla addımlamamız üçün bir qüvvədir.
Riyaziyyatı çox vaxt bəşəriyyətin dili adlandırırlar. O, bizim dünyanı və cəmiyyətimizi anlamaq üçün vacibdir. Polyak fiziki L.İnfeldin gözəl bir kəlamını sizlərə sitat gətirmək istərdim: “Riyaziyyat - canlı orqanizmdir... ...riyaziyyatı anlamaq üçün onun tarixini bilmək vacibdir”.
Doğrudur, zamanında keçmişimizi (tariximizi) qorumaq, tanıtmaq və ən başlıcası -inkişafda olan gənc nəslə təqdim etmək əsas vəzifələrdən biri olmalıdır. Şübhəsiz, müəlliflərimiz bu işin öhdəsindən layiqincə gəliblər.
Kitabın ilk oçerki elmin müxtəlif sahələri ilə maraqlanmış “Bəşəriyyətin ustadı” ləqəbli böyük alim Nəsirəddin Tusiyə həsr olunub. Onun qələmə aldığı yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, məntiq, fəlsəfə, tibb, etika və digər sahələrinə həsr olunmuşdur. Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Dahi alimin yaratdığı münbit elmi təməl astronomiya, riyaziyyat və tarix sahələrinin inkişafına səbəb oldu. Riyaziyyat və astronomiya sahəsindəki elmi araşdırmaları ilə dünya şöhrəti qazanaraq məşhur dəqiq elmlər məktəbi yaratdı. Bu məktəb gələcəkdə bir sıra görkəmli azərbaycanlı alimlər üçün (Fəxrəddin Marağayi, Şəmsəddin Şirvani və b.) “Alma mater” oldu. Təəssüf ki, XIV əsrdən başlayaraq İslam dünyasında, o cümlədən, Azərbaycanda riyaziyyat sahəsində kəşf və tədqiqatlar zəiflədi. XVI əsrdə Avropa riyaziyyatçıları və astronomları ön sıraya çıxdılar. XIV-XIX əsrlərdə Azərbaycanda riyaziyyatın inkişafı tarixində bir boşluq yaranır. Təbii, bu boşluğu doldurmaq, bu dövrün azərbaycanlı riyaziyyatçıları haqqında araşdırmalar aparıb məlumat toplamaq və biz, oxuculara, təqdim etmək, uzun müddətli, çətin, məhsuldar əmək tələb edir.
Yüksək ixtisaslı riyaziyyatçıların yetişməsi Azərbaycanda yalnız Sovet dövrünün 30-cu illərində özünü göstərməyə başladı. Maqsud Cavadov, Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov rus riyaziyyat məktəbinin yetirdiyi ilk riyaziyyatçılar oldular. 50-ci illərdə Azərbaycan riyaziyyatçıların sayı artmağa başladı. 70-ci illərdən başlayaraq Azərbaycanda riyaziyyatın geniş vüsət tapdığı, riyazi mədəniyyətin inkişaf etdiyi bir dövr hesab olunur. Riyaziyyatçılarımızın operatorların spektral nəzəriyyəsi, funksional analiz, xətti və qeyri-xətti tənliklər nəzəriyyəsi, funksiyalar nəzəriyyəsi, yaxınlaşma, harmonik və qeyri harmonik analiz, diferensial və inteqral tənliklər nəzəriyyəsi, sinqulyar inteqral tənliklər, riyazi fizika tənlikləri nəzəriyyəsi, optimal idarəetmə, həndəsə və topologiya, cəbr və riyazi məntiq nəzəriyyəsi və riyaziyyat tarixi sahələrindəki tədqiqatları və əsərləri dünya riyaziyyat cəmiyyəti tərəfindən qəbul edilmiş və yüksək qiymətləndirilmişdir. Fransız imperatoru Napoleon doğru demişdir: “Riyaziyyatın inkişaf etdirilməsi və təkmilləşdirilməsi dövlətin tərəqqisi ilə sıx bağlıdır”. Və bizim müəlliflərimiz tərəfindən bu kitabda Azərbaycanda riyaziyyat elminin inkişafına dəyərli töhfələr vermiş akademiklər - Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Fəraməz Maqsudov, Akif Hacıyev, akademiyanın müxbir üzvləri - Maqsud Cavadov, Qoşqar Əhmədov, Arif Babayev, Yəhya Məmmədov, Mais Cavadov, professorlar - Əmir Həbibzadə, Əli Novruzov, Rəşid Məmmədov və başqa riyaziyyatçıların şəxsiyyətləri, həyat və fəaliyyəti, elmin inkişafında rolu haqda, həmçinin onların elmi tədqiqatlarının nəticələri barədə çoxsaylı məlumatlar toplanılmışdır. Hər oçerkin sonunda isə oxucularımıza riyaziyyatçılarımızın bəzi elmi əsərlərinin siyahısı təqdim olunur. Həmkarlarımızın bizimlə bölüşdükləri görkəmli alimlərimiz haqqında xatirələri kitabı daha da maraqlı və fərqli edir, bizi sanki keçmiş zamana aparıb, onlarla daha yaxından tanış olmağımıza imkan yaradır. Kitabın səhifələrində çağdaş və qədim əsrlərə aid olan mühüm riyazi məsələlərin müzakirəsi ilə də rastlaşmaq olar.
Elmin bir çox sahəsində elə simalar olmuşdur ki, onlar ancaq mənsub olduqları xalqa yox, bütün bəşəriyyətə xidmət etmişlər. Azərbaycanda da riyaziyyatın inkişafında rol oynamış, öz töhfələri ilə iz qoymuş qeyri millətin nümayəndələrindən olan bir çox alimlər fəaliyyət göstərmişlər. Və bu kitabda müəlliflərimiz bizə belə alimlər haqqında, onların Azərbaycandakı fəaliyyəti və riyaziyyatın bir çox sahələrində apardıqları tədqiqatları ilə bizi yaxından məlumatlandırırlar. Yaroslav Lopatinski - xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi sahəsi üzrə mütəxəssis, 1926-cı ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, 1945-ci ilədək həmin Universitetdə çalışmış; Aleksandr Buxştab - ədədlər nəzəriyyəsi sahəsində görkəmli tədqiqatçı, 1930-1939-cu illərdə Azərbaycan Dövlət Universitetində çalışmış; Boris Rozenfeld - həndəsə və riyaziyyatın tarixi sahələrində mütəxəssis, 1950-1955-ci illərdə Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərmişdir. Kitabda yuxarıda adı çəkilən görkəmli alimlərə həsr olunmuş maraqlı oçerklərlə tanış ola bilərsiniz.
Əsrlər boyu elm dünyasında alimlər və onların yetirmələri olub. Hər bir alim tələbələrinə elmi dərindən, təkamül tarixinə dair faktlarla zənginləşdirərək, öyrətməli və müxtəlif sahələrdə tədqiqatlar aparılmasına, yeni kəşflərə daim cəhd göstərməsinə həvəsləndirməlidir. Doğru deyilib:
Elm bölüşüldükcə artan xəzinədir.
(Bhartrihari)
Müəlliflərimizin bizə təqdim etdikləri yeni kitabda Azərbaycan riyaziyyatçılarına həsr olunmuş “Alimlər və yetirmələri” bölümü öz yerini tutur. Bu bölümdə oxucular Məmmədbəy Əfəndiyev, Vladimir Tartakovski, Bəhram Yusifzadə, Rüstəm Sultanov və başqa riyaziyyatçıların elmi fəaliyyətləri və tədqiqatları ilə yaxından tanış ola bilərlər.
Kitabın əlavələr bölməsində riyaziyyata dair (riyaziyyat sahəsində Filds və Abel mükafatları kimi) bəzi maraqlı faktlar verilmişdir. Oxuculara təqdim olunan dəyərli məlumatlar kitabı daha da aktuallaşdırmış və müasirləşdirmişdir.
Yeni kitabın bir maraqlı tərəfi də ondan ibarətdir ki, müəlliflər oxucuları keçmişin, indiki zamanın və gənclərin simasında gələcəyin alimlərinə həsr olunmuş fotoqalereyaya dəvət edirlər. Müəlliflərin məqsədi - kitab oxucuların, ilk növbədə həyatlarını elmə həsr etməyi qərara almış gənclərin marağına səbəb olsun.
Yer üzündə ən böyük varlıq insandır. İnsanda isə ən qiymətli sərvət bilik və elmdir. Məhz bunlarla insanlar inkişafa doğru gedir, kamilləşirlər. Elmli insan həmişə sənət əldə edib, özündən sonra gələcək nəsillərə xeyirli bir iz qoymağa çalışır. Bütün bunlara ancaq elmin gücü ilə yiyələnmək olar. Azərbaycan şairi, dramaturqu Abdulla Şaiqin sözlərilə desək, “Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”.
Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesi, Azərbaycan alimlərinin bəşəriyyətin inkişafında oynadığı rolun dərk olunması məhz elm tariximizin öyrənilməsi vasitəsilə mümkün ola bilər.
Elm tarixində parlaq əsərləri ilə əhəmiyyətli izlər qoymuş bir sıra görkəmli alimlərimiz, onların elmi-ədəbi irsi, bəşəriyyətə ərməğan etdikləri ölməz əsərləri ilə bizi tanış edib, riyaziyyat elminin tarixinə dair maraqlı faktlarla biliyimizi zənginləşdirən Misir Mərdanova və Ramiz Aslanova öz dərin minnətdarlığımızı bildiririk.
Oxucular yeni kitabla Azərbaycanın kitabxanalarında tanış ola bilərlər.
Kitabın sonunda dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri, şəxsi mütaliə yolu ilə astronomiya, həndəsə, tibb, tarix, fəlsəfə elmlərini mükəmməl mənimsəmiş, Azərbaycan və dünya ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edilir. Nizami Gəncəvinin fikrincə, dünya birliyinin dərk edilməsi arifmetika, həndəsə və musiqi vasitəsi ilə mümkündür. Lirikası məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilən, insan şəxsiyyətinə, insan əməyinə ehtiram göstərən dahi şairə həsr olunmuş oçerkin sonunda Nizami Gəncəvinin ömrünün sonlarına yaxın, təqribən 1200-1203-cü illərdə bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İskəndərnamə” poemasından misralarla müəlliflərimiz oxucularımızı poeziya aləminə aparır.
Mən də yeni çıxan “Müasir riyaziyyatın Azərbaycan sələfləri” adlı kitab haqqında sizinlə bölüşdüyüm təəssüratlarımı Nizami Gəncəvinin kəlamı ilə bitirmək istərdim:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət!
Aynur HƏSƏNOVA
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, Riyaziyyat üzrə fəlsəfə doktoru