Azərbaycana qarşı aqressiv, qərəzli münasibət bəsləyən və bu münasibətini hər zaman öz reportajlarında nümayiş etdirən 62 yaşlı italyan jurnalist Milena Qabanelli yenə də öz "ənənəsinə" sadiq qalıb.
İtaliyanın RAİ 3 telekanalındakı "Report" proqramının müəllifi olan jurnalist ölkəmizə qarşı növbəti dəfə yalan, böhtan, qərəz dolu bir proqram yayımlayıb.
"Milli az" portalında dərc edilən məqalə də məhz Qabanellinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe ilə bağlıdr. Müəllif hələ ötən il Qabanellinin "Corriere della Sera" qəzetində Azərbaycanın aqressiv şəkildə ittiham olunduğu məqaləsinin dərc olunduğunu xatırladıb. Həmin məqalənin leytmotivi rəsmi Bakının guya öz maraqlarını Avropa Şurasında və AŞPA-da "qeyri-etik, qanunsuz yollarla müdafiə etməsi, lobbiçiliklə məşğul olması" barədə iddialar idi. Qabanelli yazırdı ki, sən demə, 2013-cü ilin yanvarında AŞPA-da Azərbaycanda insan haqları ilə bağlı qətnamə səsə qoyulanda (həmin sənəddə Azərbaycanda guya 85 siyasi məhbusun olduğu iddia edilirdi) sənədin qəbul olunmamasının başlıca səbəbi bəzi deputatların mövqeləri olub.
Xatırladaq ki, həmin müzakirələrin sonucunda qətnamə layihəsinin lehinə 79, əleyhinə 128 deputat səs vermişdi. Nəticədə layihə "gerçəkliyə uyğun olmayan" kimi rədd olunmuşdu. Qabanelli isə aşkar və həyasızcasına Avropa Xalq Partiyasının (AXP) rəhbərliyini, xüsusilə də bu partiyanın AŞPA-dakı fraksiyasının mənsublarını "Azərbaycanın maraqlarını müdafiə etməkdə, Bakıya satılmaq"da suçlamışdı.
Məqalədə onun Ermənistana və ordan Dağlıq Qarabağa yollanıb, Xankəndidə separatçı rejimin nümayəndələri və rəhbərləri ilə görüşməsindən, Fransa, İtaliya, Almaniya, İspaniya və Yunanıstandakı erməni diaspor təşkilatlarının rəhbərləri ilə ifrat dərəcədə sıx təmaslarından bəhs olunub. Müəllif yazıb ki, o, Roma ilə Bakı arasındakı çox sıx siyasi, iqtisadi, ticari əlaqələrin varlığını, Azərbaycanla münasibətlərin sürətli inkişafında İtaliyanın maraqlı olduğunu da başa düşmək istəmir: "Qədim İtaliyanın tarixində dahi yalançılar, möhtəşəm saxtakarlar, siyasət dəllalları, intriqa və məkr ustaları olub. Onlar adlarını siyasət xalçasına xəyanət, saxtakarlıq, yalan və satqınlıq naxışları ilə toxuyublar... Belələrindən biri Mussolini dönəmində mətbuat və təbliğat naziri olmuş Dino Alfieri idi. O Alfieri ki, həmişə "sizə həqiqəti danışacağam" deyir, amma yalanları sıralayırdı. İtalyanların nifrət etdikləri Alfieri 1966-cı ildə Milanda öldü, amma son aylarda İtaliyada onun adı yenə gündəmə gəlib. İş ondadır ki, özünü ölkənin ən məşhur jurnalisti sayan Milena Qabanellini hazırda Alfieri ilə müqayisə edirlər. O da eynən Alfieri təki utanmadan, çəkinmədən yalan danışır və eyni vaxtda bir neçə sahibə xidmət edir. "Report"un dünənki buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut etdi.
Proqramda M.Qabanelli Luka Volonteyə qarşı məhkəmə prosesindən danışandan sonra sevimli mövzusuna keçib. Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyəti barədə paroksizm həddinə çatan yalanlardan sonra jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, Almaniyanın insan haqları üzrə ombudsmanı Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele Emiliano ekranda bir-birlərini sıraladılar. Bəli, tanış simalardır. Özünü ölkə mediasının Janna D-Arkı hesab edən X.İsmayıl, çoxdan siyasi kunst-kamerada yer alan Əli Kərimli həmişəki ampluada idilər: Onlar "Azərbaycandakı siyasi məhbuslar" barədə dəfələrlə təkrarlanmaqdan klişeyə dönən, mantraya çevrilən ifadələri səsləndirdilər. Azərbaycandakı "köçəri" müxalifətin, habelə "demokratiya fədailəri"nin dostu sayılan Kristof Ştrasserə gəldikdə isə, bu insanın ümumiyyətlə, insan haqlarından danışmağa haqqı yoxdur. Nədən ki, bu insan 1977-1982-ci illərdə Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər arasında yer alır. Apuliyanın rəhbəri Mikele Emiliano isə Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq Transadriatik boru kəməri (Trans Adriatic Pipeline, TAP) layihəsinə qarşı isterik çıxışları, "zeytun ağacları məhv olacaq bu boru çəkilsə" təki marazmları ilə tanınır.
M.Qabanellinin proqramında TAP da hədəfə alınmışdı. Guya yerli "ekoloji lobbi"nin nümayəndələrini danışdıran aparıcı anlamaq istəmirdi ki, TAP qonşu Yunanıstan və Albaniya ilə yanaşı, İtaliyanın özündə minlərlə yeni iş yeri yaradacaq. TAP-ın Apuliya regionunun ekologiyasına və landşaftına ziyan vuracağı barədə iddialarsa yalandır.
Daha sonra M.Qabanelli Vatikanla Bakı arasındakı əlaqələri tənqid etdi, Roma Papasını "reallıqları görməmək"də suçladı".
M.Qabanelli bütün bunlardan sonra tamaşaçılara "Dağlıq Qarabağ ermənilərinin həyatı barədə" reportaj təklif edib və deyib ki, guya hadisə yerində obyektiv və qərəzsiz informasiya almaq üçün Dağlıq Qarabağa, Azərbaycanın erməni işğalında olan ərazilərinə yollanan "Report"un çəkiliş qrupu öncə qarabağlı erməni separatçılarının "XİN başçısı" Karen Mirzoyanla görüşüb.
Daha sonra sifarişin icrası başlanır. "Report"un əməkdaşı erməni səngərlərinə yollanır, orada keşişlə "təsadüfən" qarşılaşır. O keşiş isə səsinə miskinlik çalarları verərək söyləyir: "Bilirsinizmi, bu barədə danışmaq çətindir, ağırdır. Amma həqiqət odur ki, Azərbaycan bizə qarşı yalnız xristian olduğumuz üçün vuruşur. Onlar müsəlmandırlar, biz - xristian. Baxın, o təpənin başında böyük, əsgərlərimizin tikdikləri dəmir xaçı görürsünüz?! Azərbaycanlılar fasiləsiz olaraq o xaçı atəşə tuturlar. Biz xristianların yükü budur - azadlıq və torpaq uğrunda vuruşmaq".
Məqalədə "qərəzsiz" jurnalistin digər görüşlərindən də bəhs edilir. Azərbaycanın ittiham olunduğu, Bakının ünvanına hədyanların səsləndiyi proqramda Azərbaycanın dövlət qurumlarının mənsubları, deputatlar, siyasətçilər, ekspertlər, "demokratiya qəhrəmanı" sayılmayacaq normal, adekvat jurnalistlər belə, yoxdur. Milena Qabanelli Dağlıq Qarabağ münaqişəsini "xristianlarla müsəlmanlar arasında konflikt" kimi qələmə verir və bununla da qərəzkarlıqda, yalanda, üstəlik islamofobiyada bir zamanlar "müsəlmanlar siçovul kimi artırlar" demiş başabəla italyan yazıçı Oriana Fallaçini də üstələyir.Ən maraqlısı isə odur ki, Milena Qabanelli "ermənilərdən dəstək və yardım" aldığını etiraf edir. Milena Qabanelli İtaliya rəhbərliyini və Vatikanı "reallıqları" görməməkdə suçlayır. Görünür o, Azərbaycanın İtaliyaya ən böyük neft satıcısı olduğunu, ölkələrimiz arasında əməkdaşlıqla bağlı çoxsaylı planların mövcudluğunu, hər iki tərəfin təmasların inkişafında maraqlı olduğunu bilmir. Söhbət ilk əvvəl 2020-ci ildə tam hazır olacaq Transadriatik boru kəmərindən gedir. Üstəlik, Azərbaycan TAP layihəsinin maliyyələşdirilməsinin əksər hissəsini öz üzərinə götürüb.
Bu sinyoranın ölkəmizə nifrətini körükləyən məqamlardan biri də onun erməni işğalındakı ərazilərimizə yollandığı üçün adının XİN-in "qara siyahı"sına salınmasıdır. Qabanelli bu il Bakıya gəlmək üçün dəfələrlə cəhd etsə də, ölkəmizçün arzuolunmaz şəxs sayıldığından niyyətləri puça çıxıb. Belə halda adekvat jurnalist nə edir? XİN-ə müvafiq məktub yollayır, üzr istəyir, yanlışlığını etiraf edir və vəssalam, adı "qara siyahı"dan çıxarılır. M.Qabanelli isə sahiblərinə, sifarişçilərinə və havadarlarına "xəyanət" etmək istəmədiyi üçün Azərbaycandan rəsmi qaydada üzr istəməyib.
Milena Qabanelli İtaliyada "sensasiya ovçusu", yoxlanmamış faktlara əsaslanaraq "araşdırma"lar aparan, insanların şərəf və ləyaqətini aşağılamaqdan çəkinməyən, saxtakarlıqdan usanmayan adam kimi də ad çıxarıb. Elə bu səbəbdən İtaliyanın müxtəlif məhkəmələrində mənəvi təzminat tələbi ilə ona qarşı qaldırılmış mülki iddialarında Qabanellidən istənilən məbləğin ümumi həcmi 300 milyon avronu keçib. “Report"un müəllifi və aparıcısının çirkabı çox sevdiyini nəzərə alsaq, həmin məbləğin artacağı şübhə doğurmur.
Aşkar görünür ki, Qabanellinin verilişi erməni lobbisinin, onun Azərbaycanın daxilində və xaricində maliyyələşdirdiyi "5-ci kolon"un, habelə Azərbaycanın İtaliya ilə birgə həyata keçirdiyi birgə enerji layihələrinin əleyhdarlarının birgə fəaliyyətinin məhsuludur.
Gerçəkdən də, bəzən ikiüzlülər sifətdən bir-birlərinə nə qədər bənzəyir...
PƏRVANƏ