Yurd yeri kimi yaşı qədimdən qədim olan Şabranımız hər zaman sözlü-söhbətli, nağllı-havacatlı insanları ilə seçilib.
Klassik poeziyamızın bir çox maraqlı səhifələri məhz Şabranla bağlıdır. Fələki Şirvani Şirvanşahın əmri ilə Şabranda həbsə məhkum edilib və öz "Həbsiyyə"sini burada yaradıb. Fələkidən sonra poeziyamızın ən böyük klassiklərindən biri olan Xaqani də Şirvanşah Axsitanın qəzəbinə gələrək Şamaxıdan Şabrana sürgün edilib yeddi ay zindanda qalıb, burada yazdığı şeirləri, öz ustadına hörmət və ehtiram əlaməti kimi, o da "Həbsiyyə" adlandırıb. Aradan neçə əsr keçəndən sonra Xaqani yenidən Şabrana qayıtdı. Bu torpağa bu dəfə möhtəşəm bir abidə kimi...
2012-ci ildə Şabran şəhərində Xaqaninin möhtəşəm abidəsi ucaldıldı. Milli memarlıq üslubunda inşa edilən Poeziya evinə də Xaqaninin adı verildi. Abidənin və poeziya evinin açılışında respublikamızın adlı-sanlı qələm adamları iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə hər il rayonda Xaqani poeziya günlərinin keçirilməsi qərara alındı.
Elə o vaxtdan da Şabranda ədəbi aləmdə də bir canlanma yarandı. Yerli yazarların "ilham pərisi" də sanki oyandı. "Şabran" ədəbi məclisinin 30 yaşı təntənə ilə qeyd edildi. Məclis üzvlərinin yaradıcılıq nümunələrindən ibarət illik "Şabran nəğmələri" kitabı işıq üzü gördü. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap edilən rüblük "Çıraqqala" ədəbi-bədii, publisistik toplu isə bölgədə yaşayıb-yaradan yazıçı və şairlərin yaradıcılıq imkanlarını daha da genişləndirdi. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ədəbi-mədəni sahədə siyasətinin rayonda uğurla həyata keçirilməsinin təzahürü idi. Bölgədə ədəbi mühitin canlandırılmasında yazıçı-publisist Novruz Nəcəfoğlunun xidmətlərini də minnətdarlıqla qeyd etmək lazımdır. Novruz Nəcəfoğlu imzası oxuculara yaxşı tanışdır. Bir çox maraqlı roman, povest, hekayələr, publisistik kitabların müəllifi olan Novruz müəllimin respublika nəşriyyatlarında çapdan çıxan əsərləri ilə yanaşı, qardaş Türkiyədə də kitabları oxuculara təqdim edilib, əsərləri ingilis, rus dillərinə tərcümə olunub. Bir nasir kimi o, beynəlxalq mükafata layiq görülüb.
Son illər rayonda yazıçıların kitablarının "İmza günləri", paytaxtdan gələn qələm adamlarının iştirakı ilə görkəmli yazıçılarımızın yubileyləri, yerli müəlliflərin yaradıcılıq gecələri, kitab təqdimatları, anım günləri keçirilməsi ənənə halını alıb. Bu il iyunda keçirilən Xaqani Poeziya Günləri də əlamətdar, yaddaqalan oldu. AYB sədri, Xalq yazıçısı Anarın, millət vəkilləri Nizami Cəfərovun, Aqil Abbasın, tanınmış qələm adamlarından İradə Tuncayın, Tofiq Nurəlinin, Adil Cəmilin, Elçin Hüseynbəylinin iştirakı ilə keçirilən bu tədbir sözsevərlərə unudulmaz anlar bəxş etdi. Qərara alındı ki, gələn ildən Xaqani Poeziya Günləri respublika miqyasında keçirilsin. Bununla bağlı AYB katibliyinin qərarı ilə müvafiq komissiya da yaradıldı. AYB rəhbərliyinin şabranlı ədəbiyyatsevərlərə ən böyük diqqət və qayğısı isə Birliyin Şabran bölməsinin yaradılması ilə bağlı qərarla öz təzahürünü tapdı. AYB Şabran bölməsi öz ətrafında Xızı, Siyəzən və Şabran bölgələrinin yazarlarını birləşdirir. Bu gün Şabranda Aybəniz Əliyar, Qafar Süleyman, Məzahir Zeynal, Qurban Məmmədov, Ənvər Zeynaloğlu, Sabir Zöhramlı, Bayram Novruz, Təvəkkül Kərim, Çingiz Xalidoğlu kimi istedadlı yazarlar var. İnamla demək olar ki, bu və digər qələm adamlarımız onlara göstərilən diqqət və qayğıya öz yaradıcılıq nümunələri ilə cavab verəcəklər. Belə düşünməyə, həmin müəlliflərin ümumi ədəbi fəaliyyətilə yanaşı, "525-ci qəzet"in oxucularına təqdim etdiyimiz bu yaradıcılıq nümunələri də əsas verir.
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin sədri
Qafar SÜLEYMAN
VƏTƏN
Kaş səni elə vəsf edəydim ki, mən,
Adına yaraşan sözüm olaydı.
Çıxaydım zirvənə sənin, ey Vətən,
Qoynunda əbədi izim qalaydı.
Keçəydim Muğandan, keçəydim Mildən,
Ayağım çöllərdən yığışmayaydı.
Bir çələng hörəydim çiçəkdən, güldən,
İsti qucağına sığışmayaydı.
Söz aça biləydim zəfərlərindən,
İlhamım ümmantək coşub-daşaydı.
Sənin bu günündən, səhərlərindən,
Eşidib yadların ağlı çaşaydı.
Açaydı qolların mənə dağ, dərə,
Baxıb vurulaydım hüsnünə, Vətən.
Günəş səcdə üçün enəydi yerə,
Bir dastan yazaydım şəninə, Vətən.
Budur həyatdakı arzum, diləyim,
Gecəni gündüzə mən qatmalıyam.
Nə qədər ki, sağam, vurur ürəyim,
Səninçün, ey Vətən, sənin adına,
Ən şirin nəğməmi yaratmalıyam.
Nəcməddin MÜRVƏTOV
Salam, Müşfiq yurdu!
Bu məkanda bir sehr var,
Dağ döşündə inləyir tar,
Ağrı, acı, nisgil, qübar.
Səbəbdir ki, susub qalam,
Salam, Müşfiq yurdu, salam!
Pıçıltıyla qoşa,qovaq
O illərdən verir soraq.
Dinlədikcə artır maraq,
Köks göynədir hər söz, kəlam
Salam, Müşfiq yurdu, salam!
Adi deyil hər dağ-dərə,
Göz oxşayan xoş mənzərə,
Nur yayılır, bax gözlərə,
Təbim gələ, şeirə dalam...
Salam, Müşfiq yurdu, salam!
Şərəf sanır bu yurd,ocaq,
Hal əhlinə aça qucaq.
Bir arzum var indi ancaq:
Göylərində qanad çalam.
Salam, Müşfiq yurdu,salam!
Xəyalımda ulu şair
Vəcdə gəlib nəğmə deyir.
Artır qəlbdə istək, mehr,
Söyləyə hey, mən zövq alam...
Salam, Müşfiq yurdu,salam!
Yanındayam, bu heykəl - daş,
Tək kəlməylə dinəydi kaş.
Nə yaşdadır, ona qardaş,
Ata deyim, yoxsa balam...
Salam, Müşfiq yurdu, salam!
Aybəniz ƏLİYAR
HARDAN BİLİM
Həyat necə bir oyun?!
Udmadım, hardan bilim?
Mənə tutulan toyu
Tutmadım, hardan bilim...
Vicdan dildə-dodaqda,
Xəstə qalıb yataqda,
Bir dostu bəd ayaqda
Atmadım, hardan bilim...
Dərdmi ömrün məhşəri?
Varmı görən oxşarı?
Bir xeyirə bir şəri
Qatmadım, hardan bilim...
Bu qatar nə qatarı?
İçində nə aparır?
Niyə haray qoparır?
Çatmadım, hardan bilim...
Asan oldu "yaz" demək,
Aldanıbdı göz demək...
"Üç badam - bir qoz" demək?
Satmadım, hardan bilim...
Bu nə vay, bu nə vuruş?
Qazancı da bir quruş.
Sevgi şirin yuxuymuş,
Yatmadım, hardan bilim...
Qollarım dar ağacı...
Hər gün qəmdən gül açır...
Nədir bunun əlacı?
Yetmədim, hardan bilim...
Bazarı var, malı yox...
Azarı var, yolu yox...
Məzarında ölü yox...
Getmədim, hardan bilim...
Məzahir ZEYNAL
AYAĞIM TORPAQDA, ƏLİM GÖYDƏDİR...
Saf, təmiz könüldə bitib boy atan,
İlahi sevginin parasıyam mən.
Bir ömrü qismətə çəkib yaşadan,
Ayların, illərin sırasıyam mən.
Həm sözün dağıyam, həm dərəsiyəm,
Haqqına can atan haqq zərrəsiyəm.
Haqq - Günəş, mən isə Yer kürəsiyəm,
Başında dövrələr vurasıyam mən.
Yoxdur insanlığın bir asan yolu,
Şərəflə gedirəm Haqq yazan yolu.
Yolumdan düşəcək min insan yolu,
Gözlərin nur saçan qarasıyam mən?
Ağrayar, yanıltmaz bu başım məni,
Qoşun yaxşılığa qarışım, məni.
Vicdanın özündən soruşun məni,
Nə desə,o yerdə durasıyam mən.
Ayağım torpaqda, əlim göydədir,
Əyilməz, basılmaz belim göydədir.
Ağzıma sığmayan dilim göydədir,
Yer ilə səmanın arasıyam mən.
Təvəkkül KƏRİM
Qız gözəl
Bəzənibdir çəmən, yamac, dərə, düz,
Çəmən gözəl, çiçək gözəl, yaz gözəl.
Ovsunlayıb təbiəti elə bil,
Gözəlliyin arasında, qız gözəl.
Bu qız deyil, ya mələkdi, ya pəri,
Meh əsdikcə sığallanır tellə ri.
Ətrindən məst eləyib gülləri,
Yanaq əlvan, yeriş incə, naz gözəl.
Min bir bəzək vurub buna yaradan,
Doymaq olmur bu ilahi sonadan.
Gözəl gəlib, doğulubdur anadan,
Gülüş gözəl, baxış gözəl, göz gözəl.
Ruhum uçdu, ixtiyarım üzüldü,
Bir eşq axıb ürəyimə süzüldü.
Ay Təvəkkül, bu qız yaman gözəldi,
Tərəfinə nə yazırsan, yaz, gözəl.
Bayram NOVRUZ
MƏN HƏMİN ADAM DEYİLƏM
Dünya, dəyişmişəm tamam,
Mən həmin adam deyiləm.
Əl çək məndən, atam-anam,
Mən həmin adam deyiləm.
Kişi başına iş gələr,
Üzə, gözə qırış gələr.
Səsim sənə tanış gələr,
Mən həmin adam deyiləm.
Nə oldu yeyə bilmirəm,
Nə tapdım geyə bilmirəm.
Hər sözü deyə bilmirəm,
Mən həmin adam deyiləm.
Yaşım daha o yaş deyil,
Başım daha o baş deyil.
Mənim işim savaş deyil,
Mən həmin adam deyiləm.
Nə əməlli yerişim var,
Nə dövranda gərdişim var.
Mənim sənlə nə işim var?
Mən həmin adam deyiləm.
Buz kimiyəm, ərit görüm,
Ağlayıram, kirit görüm.
Mən ölmüşəm, dirilt görüm,
Mən həmin adam deyiləm.
Qışım gəlib, yarım gedib,
Neçə-neçə tayım gedib.
Sənlə haqq-sayım gedib,
Mən həmin adam deyiləm.
Günahımdan keçən gəlsin,
Tükü tükdən seçən gəlsin.
Kəfənimi biçən gəlsin,
Mən həmin adam deyiləm.
Qurumuş yarpaq kimiyəm,
Saralmış varaq kimiyəm.
Mən qara torpaq kimiyəm,
Mən həmin adam deyiləm.
Günahıma baxın, gedim,
Yanınızdan çıxım, gedim.
Qoy Allaha yaxın gedim,
Mən həmin adam deyiləm.
Qurban MƏMMƏDOV
BAYATILAR
Əziziyəm bu dağa,
Yolum düşüb bu dağa.
Könlümün quşu uçub,
Gedib qonub budağa.
Doğulmuşam bu dağda,
Ölüb qallam bu dağda,
Şəhid olsam, ay ellər,
Məzar qazın bu dağda.
Ellərimi qar aldı,
Ocağımız qaraldı.
Sar aldı yurdumuzu,
Gül bənizim saraldı.
Möhtəşəm qala dağlar,
Verib baş-başa dağlar,
Qəlbimdə bir düyün var,
Bəlkə açasan dağlar?!