"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Rusiyanın Beynəlxalq Vnukovo Hava Limanına müntəzəm reyslərin sayını artırır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından “Vnukovo” aeroportuna hər gün iki reys yerinə yetiriləcək.
Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və Vnukovo Hava Limanının baş direktoru Vasili Aleksandrov noyabrın 29-da Moskvada ”2017-ci ildə AZAL aviaşirkətinin Vnukovo hava limanına uçuşlarının perspektiv proqramı”nı imzalayıblar. Bu münasibətlə Vnukovo hava limanında birgə mətbuat konfransı keçirilib.
Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev mətbuat konfransında bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuşlar yerli vaxtla səhər saat 08:00-da və 16:30-da yerinə yetiriləcək, Moskvaya eniş isə saat 10:10 və 18:40-a planlaşdırılıb. Vnukovo Hava Limanından uçuş yerli vaxtla saat 11:10 və 19:40-da, Bakıya eniş isə yerli vaxtla saat 15:00 və 23:30-da. O əlavə edib ki, Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi ilə komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir.
E.Hacıyev bildirib ki, hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" Hava Limanı ilə yanaşı, AZALJET Moskva Domodedovo Hava Limanına, Sankt-Peterburqun "Pulkovo" aeroportuna, Mineralnie Vodı və Kazan şəhərlərinə reysləri, eləcə də Gəncədən Sankt-Peterburqa müntəzəm aviareyslər həyata keçirilir”.
AZAL aviaşirkətinin Rusiyaya uçuşları ilə bağlı planlarından danışan E.Hacıyev vurğulayıb ki, şirkət qonşu ölkənin digər regionlarına da reydlər açmaq niyyətindədir.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, hava reyslərinin intensivliyi ölkəmiz arasında ticarət-iqtisadi, turizm sahələrində əməkdaşlığın genişlənməsinə təkan verəcək.
Vnukovo Beynəlxalq Hava limanının baş direktoru Aleksandr Vasilyev qeyd edib ki, Rusiya və Azərbaycan hakimiyyəti bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir: "Azərbaycan aviaşirkətinin Rusiyaya uçuşlarının sayının artırması iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha sürətlə inkişafından xəbər verir. AZAL şirkəti ilə əməkdaşlığın genişləndirilməsi hava limanın fəaliyyətinin prioritetlərindən biridir. Biz AZAL ilə əməldaşlıq əlaqələrimizin genişləndirilməsinə xüsusi önəm veririk”, - deyə o vurğulayıb.
Vnukovo hava limanının rəsmisi əlavə edib ki, aeroportda Azərbaycan reyslərinə xidmət göstərilməsi üçün hər bir şərait yaradılıb.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.