Azərbaycan Respublikası Tarif Şurasının 2016-cı il noyabrın 28-də keçirilən növbəti iclasında təbii qaz və elektrik enerjisinin satış tariflərinə baxılıb, müvafiq tarif tənzimlənməsi aparılıb.
Ekspertlər bu qərarın ölkədə sosial ədalət prinsipinin təmin olunması baxımından önəmli olduğunu bildirirlər.
Onlar hesab edirlər ki, bu qərar qəbul edilərkən ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb və qiymət artımı aztəminatlı ailələrə təsir etməyəcək. Ümumiyyətlə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan differensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Ötən illərə nəzər saldıqda məlum olur ki, Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə almaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Differensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Azərbaycanda isə tariflərin differensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Differensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, differensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.
Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək.
Eyni zamanda qiymət artımının əlillərə və pensiyaçılara da ciddi təsiri olmayacaq. Bununla bağlı açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, tariflərin artırılması differensiallaşdırılmış şəkildə həyata keçirilib. Əlilliyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerji daşıyıcılarının istehlak olunma həcmi və qiymətləri var. Gördüyünüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələyə toxunulmadı. İstehlak səbətinə daxil olan həcmdə həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni bu kateqoriyadan olan şəxslər də aztəminatlı təbəqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək. Digər tərəfdən, pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilməsi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək və indeksləşdirmə bu artımların əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il “Pensiya haqqında” qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalaşdırılması isə bilavasitə onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlillər üçün bütün güzəştləri saxlayacağıq, hətta onların genişləndirilməsi istiqamətində işləyəcəyik”.
Mövzu ilə bağlı münasibətini bildirən deputat Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır. Onun sözlərinə görə, bu gün anti-Azərbaycan şəbəkəsinin siyasi direktivlərilə hərəkət edən bəzi qruplar Tarif Şurasının qərarı ilə manipulyasiya edərək, ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar: “Xüsusilə də, sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə “kütləvi narazılıq fonu” yaratmağa cəhd göstərirlər. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı prezident İlham Əliyevə inanır və onun addımlarını dəstəkləyir. Dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün dövlət başçısı bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini stabil saxlamağa çalışır. Dünya ölkələrində, xüsusilə də, Avropanın planetar miqyasda “nümunə” kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən, nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar belə verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə, vətəndaşların xeyrinə qərarlar verilir. Dünya ölkələrində kommunal xərclər Azərbaycana nisbətən, dəfələrlə yüksəkdir. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin effektivliyindən irəli gəlir. Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarus timsalında götürdükdə, qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisi 1 kvs-a. görə 18-55 qəpikarası dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə, ildə 800-850 avro xərcləməli olur. Elektrik enerjisinin hər 1 kvs.-a görə alman, fransız və belçikalı ailələr 11 avrosent ödəyirlər. İslandiyada 4 nəfərlik ailə isə hər ay 200-300 avro kommunal xərclərə pul ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay 600-700 dollar kommunal xərclərə pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manatarası dəyişir”.
Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstəricisi oldu: Çünki Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan, kommunal tariflərin hesablanmasında differensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da, bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır”.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev isə düşünür ki, radikal müxalifət bu qərarın tutumunu, nəyə, hansı vaxta hesablandığının fərqinə varmadığından, özünə qapanıb çıxışlar edir: “Müxalifət yalnız boş və mənasız, cəfəng fikirlər səsləndirə bilir. Bu da onların xaricdən üzərilərinə qoyulan şərtlərdəndir. Müxalifət düşərgəsi Tarif Şurasının bu qərarını iqtisadi cəhətdən təhlil edib. Baxın, radikal müxalifət həmişə qiymət artımına etiraz edib, hay-həşir qoparır, bəyanatlar verir və s. Amma pensiya, müavinət və maaş artımı olanda susur. Qarabağ məsələsi gündəmə gələndə susur, erməni işğalına etiraz gələndə susur, milli, dövlət və dövlətçiliklə bağlı maraqlarımız gündəmə gətiriləndə kənara çəkilirlər. Bu da, onu deməyə əsas verir ki, Azərbaycanın radikal müxalifəti kənardan idarə olunur, onların pultu Avropadadır. Düyməni basanda, hərəkətə gəlirlər.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə vurğulayıb ki, əhalinin müəyyən bir hissəsinin istehlak tələbatının həddi nəzərə alınıb:
“Tarif Şurasının son qərarı cəmiyyətimizdə birmənalı qarşılanmasa da, müəyyən nüansları var ki, ədalətli yanaşma baxımından ona mütləq nəzər yetirilməlidir. İnsanlar qazın, işığın kütləvi istehlakçısı olduqlarına görə, qazda və işıqda müəyyən qiymət dəyişiklikləri olanda, onların düşüncəsini hərəkətə gətirə bilir. Yəni insanlar kütləvi istehlakçı olduqlarına görə, qazın və işığın bahalaşmasına tam şəkildə laqeyd yanaşmırlar, müəyyən reaksiyalar göstərirlər, müzakirə edirlər. Amma bir şeyi başa düşmək lazımdır ki, bu qərarlarda müəyyən nüanslar var ki, onlara mütləq toxunmaq və bunu ictimaiyyətə demək lazımdır. Məsələ burasındadır ki, burada, bildiyiniz kimi, müəyyən limitlər müəyyənləşdirilir, yəni hədlər tətbiq olunur. Bu da, əhalinin müəyyən kateqoriyasının istehlak tələbinə tamamilə uyğundur. Bəli, Azərbaycanda ailələr var ki, onlar ay ərzində 250 kilovat-saat elektrik enerjisi, 1500 kubmetr qaz işlədə bilir. Onun istehlak tələbatı yalnız bu qədərdir. Özü də belə istehlakçıların sayı çoxdur. Bu mənada, qərarın təqdirəlayiq tərəfi ondan ibarətdir ki, əhalinin müəyyən bir hissəsinin istehlak tələbatının həddi nəzərə alınıb. Nəzərdə tutulan limitdən artıq sərfiyyatın olmasından müəyyən əhali təbəqəsinin maddi vəziyyəti ilə uyğun gəlməsə də, bu, israfçılığın aradan qaldırılmasına imkan yaradacaq. İki nüansı xüsusi qeyd etmək istəyirəm: Birincisi, əhalinin daha təminatlı hissəsi üçün istehlak tələbatının uyğun bir formasının tapılması və istehlakın həmin səviyyədə olduğu təqdirdə, qiymətin köhnə qaydada saxlanması, ikincisi isə əhalinin başqa bir təbəqəsinin göstərilən normadan artıq sərfiyyat üçün elektrik enerjisi və qaz sərf olunduğu təqdirdə, onun ailə büdcəsi daha çox itirməsin deyə həmin kateqoriyanın daha ciddi qənaət rejiminə keçməsi ilə bağlıdır. Düşünürəm ki, bu iki nüans çox qısa müddətdə əhalinin yeni tariflərə uyğunlaşmasını təmin edə biləcək”.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov isə vurğulayıb ki, Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır: “Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır. Kommunal xidmətlərlə bağlı hər bir dövlət cəmiyyətin və xalqın maraqlarına uyğun siyasəti var. Azərbaycan hakimiyyəti bütün məqamlarda və qəbul etdiyi qərarlarda və atdığı addımlarda, birinci növbədə, xalqın maraqlarını düşünüb. Bu baxımdan, düşünürəm ki, Tarif Şurasının qiymətlərlə bağlı verdiyi qərar ölçülüb-biçilmiş bir qərardır. Bu qərarın aztəminatlı ailələrə heç bir mənfi təsiri olmayacaq. Qərarın qüvvəyə minməsi qaz və elektrik enerjisi sahəsində yarana biləcək israfçılığın qarşısını alacaq. Həm də, iş adamlarının məsuliyyətini artıra bilər ki, bu da sosial-iqtisadi inkişafın yüksəlməsinə yalnız xeyir verə bilər”.
PƏRVANƏ