Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Fermer olmaq istəyirəm” layihəsi başa çatıb.
“İrəli”dən verilən məlumata görə, gənclərin maarifləndirilməsi, habelə onların sahibkarlıq bacarıqlarının artırılması, məşğulluğunu təmin etmək, kənd gənclərinin təsərrüfatçılığa sövq edilməsi, kənd təsərrüfatı üçün olan innovasiyalar haqqında məlumatlandırılması, onların aqrar sahəyə marağının artırılması məqsədi ilə Masallı, Lənkəran və Cəlilabad rayonlarında “Fermer olmaq istəyirəm” layihəsi həyata keçirilib.
Layihədə 16-29 yaş arası, ümumi sayı 100 nəfərdən çox Masallı, Lənkəran, Cəlilabad rayonlarından olan gənclərlə yanaşı, digər bölgələrdə yaşayan gənclər də iştirak ediblər.
“Fermer olmaq istəyirəm” layihəsinin əsas məqsədi kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənclərin bu sahədə biliklərinin artırılması, gənclərin məşğulluq probleminin həlli, onların aqrar sahəyə marağının artırılması, Sahibkarlığa Kömək Milli Fondu haqqında məlumatlandırılması və güzəştli kredit üçün müraciətin qaydalarını öyrətməkdən ibarət idi.
Layihə çərçivəsində iştirakçılara bələdçi kitab, disklərdə elektron məlumatlar verilib. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşaları və almaniyalı ekspertlər tərəfindən “Kənd təsərrüfatı haqqında ilkin anlayışlar”, “Suvarmanın növləri”, “Heyvandarlığın növləri”, “Əkinə yararlı torpaqları necə müəyyən etməli”, “Hansı növ torpaqlarda hansı kənd təsərrüfatı bitkiləri əkilməlidir?”, “Gübrələrin növləri”, “Torpağa və bitkilərə aqrotexniki qulluğun qaydaları”, “Yeni texnika və texnologiyalar, onların necə əldə edilməsi və təsərrüfata tətbiqi haqqında”, “Sahibkarlığa Kömək Milli Fondu haqqında və ora necə müraciət etməli”, “Aqrar sahədə sahibkarlıq”, “Kənd təsərrüfatı ilə məşğul olmağın üstünlükləri” və s. kimi mövzularda görüşlər keçirilib, iştirakçılar ekspertlər tərəfindən məlumatlandırılıblar.
Qeyd edək ki, layihənin rəhbəri Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi Şahin Rəhmanlıdır.
Ceyhun ABASOV