Respublikamızın ikinci böyük şəhərinin poçt və rabitə tariximizdə öz izi var.
Hələ 198 il qabaq, Çar Rusiyasına birləşdirilmə prosesinin ilk illərində Azərbaycanlıların yaşadığı geniş arealın mərkəzi məntəqəsi olduğu nəzərə alınaraq, 1818-ci ildə Gəncədə ilk poçt kontoru fəaliyyətə başlayıb. Həmin ilin iyun ayının 1-də oradan ilk poçt göndərişi həyata keçirilib.
Bu tarixdən düz 100 il sonra, 1918-ci ilin mayında, Zaqafqaziya Seymində Milli Şura yaratmış Azərbaycan deputatları müstəqil Cümhuriyyətimizin yaradılması haqda rabitə vasitələrilə rəsmi xəbəri də ilk dəfə müvəqqəti paytaxt Gəncəyə veriblər.
Bu il rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramının Gəncədə qeyd olunması da tarixə düşən hadisə kimi yadda qaldı. Düz 10 ildir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Builki təntənələr həm də Azərbaycanda telefon rabitəsinin yaranmasının 135 illiyi ilə əlamətdardır. Bu münasibətlə Gəncə şəhərində təşkil olunan tədbirdə Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, veteran rabitəçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini anaraq, onun abidəsi önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzinin foyesində "Azərbaycanda Telefon Rabitəsi 135 il" kitabı və ölkəmizdə rabitənin inkişaf tarixini əks etdirən foto qalereya ilə tanışlıq olub.
Yubiley tədbiri Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə fəxri adların verilməsi haqqında sərəncamının səsləndirilməsi və qabaqcıl rabitəçilərə fəxri adların vəsiqəsi və medalları təqdim olunması ilə açılıb. Sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. O, Azərbaycan rabitəsi şərəfli inkişaf yoluna nəzər salan nazir onu da qeyd edib ki, dünyada ilk telefon aparatı icad ediləndən cəmi 5 il sonra ölkəmizdə ilk telefon xətləri çəkilib. Azərbaycanda telekommunikasiya sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edən nazir Prezident İlham Əliyevin bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Rabitəçiləri Gəncə sakinləri adından təbrik edən Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyev iqtisadi və ictimai həyatımızda əldə olunan uğurların ölkədə yaradılan münbit şəraitlə bağlı olduğunu diqqətə çatdırıb.
Tədbirdə həmçinin Azərbaycan rabitəsinin 135 illik inkişaf tarixinə həsr olunan "Yerdən Səmaya" filmi də nümayiş olunub. Qonaqlar Azərbaycanda Telefon Rabitəsinin yaradılmasının 135 illik yubileyinə həsr olunmuş markanın möhürlənməsi mərasimində iştirak ediblər.
Ölkəmizdə məsafəli danışıq tarixinə dair məlumat üçün bildirək ki, 1881-ci il yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də bu iş üçün rəsmi icazə alıb. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları" cəmiyyətinin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Bu, Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəmizin yaradılması bu tarixdən hesablanır.
Zakir Muradov
Gəncə