Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Türk dünyasının məşhur siyasət və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin vəfatından 13 il keçir: "2003-cü il dekabr ayının 12-i sözün həqiqi mənasında xalqımız, millətimiz üçün çox ağır və kədərli bir gündür. Çünki xalqımız həmin gün öz böyük oğlunu, millətsevər rəhbərini itirmişdi. Qədirbilən xalqımız böyük kədər və sıxıntı içində öz müdrik, vətənpərvər rəhbəri ilə vidalaşırdı. Hamı bir nəfər kimi Ulu Öndərə öz mənəvi borcunu vermək üçün Fəxri Xiyabana üz tutmuşdu, dahi liderimizə olan ümumxalq sevgisi, ümumxalq məhəbbəti özünü hər yerdə göstərirdi".
Cəfər Cəfərov qeyd edib ki, ümummilli lider son 35-40 ildə dövlətin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir: "Biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Heydər Əliyevin hakimiyyətə gəlişi qısa müddətdə istehsalın, elmin, mədəniyyətin inkişafına, milli ruhun, milli özünüdərkin və milli qürurun yüksəlməsinə səbəb oldu. Ümummilli lider Heydər Əliyev XX əsrin sonu və XXI əsrin əvvəllərində böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi hədələyən bütün bəlaları dəf etmiş, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə əmanət edib".
Rektor deyib ki, Heydər Əliyev həmişə elm və təhsilə böyük qayğı və diqqət göstərib: "Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır. Ulu Öndər ADPU-nun tədris və elmi həyatı ilə daim maraqlanmış, Pedaqoji Universitetin yenidən qurulması, genişlənib möhkəmlənməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. Bu qayğı və diqqət Azərbaycan prezident İlham Əliyev tərəfindən davam etdirilir".
ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük tarixi xidmətlərdən danışıb, onu qüdrətli siyasi xadim, görkəmli dövlət rəhbəri kimi səciyyələndirib.
Anım mərasimində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
S.QARAYEVA