"Qardaşlaşmış məktəblər" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı çərçivəsində həyata keçirdiyi davamlılığı yüksək səviyyədə olan layihələrindəndir.
Mahiyyəti adında tam əks olunub. Müxtəlif bölgələrin məktəbləri arasında körpü yaratmaq, ünsiyyət formalaşdırmaq, bilik inteqrasiyasına nail olmaq, yeniyetmələrə dostluq dəyərinin ali hiss olduğunu aşılamaq, azərbaycanlıların əsirlərdən bəri tapındığı qardaşlıq ənənəsini təbliğ edərək, dəyər kimi yaşatmaq, bir-birinin qonağı olan şagirdlərə vətəndaşı olduqları ölkəni qarış-qarış tanıtdırmaq, genimizdə yaşatdığımız multikultural həyat tərzinin, həm psixoloji, həm də fiziki mənada insan rahatlığını təmin etdiyini aşılamaq "Qardaşlaşmış məktəblər" layihəsinin məqsədidir.
Məqsəd aydın, hədəf ali olanda ona doğru daha mətin addımlarla gedirsən. Məktəblilər arasında imzalanan hər bir "Qardaşlaşma sazişi" haqqında xəbər həm yerli, həm də xarici KİV orqanlarında dərc olunur. Oxucular bu yazılara böyük maraq göstərirlər. Sosial şəbəkələrdə aparılan müzakirələrdə dəyərli fikirlər səsləndirilir. Beləcə layihə özünün davamlılğını təmin etmiş olur.
2014-cü il, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsinə həmin ilin sentyabrından başladı. Layihə ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsinin davamıdır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məslələr üzrə Dövlət müşaviri Kamal Abdullayevin ideya müəllifliyi ilə qısa müddət ərzində müxtəlif bölgələri təmsil edən 39 məktəb arasında 18 "Qardaşlaşma sazişi" imzalandı. Bakı Şəkinin, Tovuzun, Ağstafanın, Şuşa Gəncənin, Astara Ağdamın, Biləsuvar Gədəbəyin, Sumqayıt Qubanın, Oğuz Beyləqanın, Mingəçevir Fizulinin, Şamaxı Bərdənin qonağı oldu. İki günlük görüşdə şagirdlər təhsil aldıqları məktəblə yanaşı, sakini olduqları bölgəni də yüksək səviyyədə təqdim etdilər. Bir-birilərini yaxından tanıdılar, gəzdilər, gördülər, öyrəndilər, oxudular, oynadılar, ailələrdə qonaq qaldılar, bilik və idman yarışları keçirdilər, qalib oldular... hə, ancaq qalib oldular. Qardaşlar arasında məğlubiyyət yaşanmaz. Onların qələbəsi qardaşlaşmalarıdır.
Növbəti mərhələdə Fondun qardaşlaşma layihəsinə könüllü olaraq qoşulan məktəblərin sayı artmağa başladı. Bu dəfə Qubadlı İsmayıllının, Qax və Astara Bakının, Sabirabad Lənkəranın, Qazax Qəbələnin, Balakən Yevlaxın, Bakı-Qəbələ-Xocavənd Beyləqanın, Zaqatala-Qəbələ Qaxın qonağı oldu.
Günlər keçdi, şagirdlər sazişdə əksini tapan fikirləri reallığa çevirməyə başladılar. Məktəblərin pedaqoji və şagird kollektivləri arasında mənəvi, sosial və tədrislə bağlı əlaqələrin davamlılığının proqramı hazırlandı, icrası təmin edildi.
Proqrama görə, məktəblərdə yaradılan qardaşlıq guşəsi zənginləşdirilir, milli köklərə, Vətənə, Dövlətə sədaqət ruhuna xidmət edən mövzularda dəyirmi masalar keçirilir, uğurların bölüşdürülməsi, çatışmazlıqların aradan qaldırılması yolları birgə müzakirəyə çıxarılır, müsabiqələr təşkil olunur, qardaşlaşma ideyasının üstünlüklərinin digər məktəblər arasında təbliğatı aparılır, qardaşlaşan məktəblər Bilik Fondunun layihələrində fəal ştirak edirlər. Azərbaycanın bütün sahələrdə tərəqqisinə dəstək olurlar.
Bilik Fondu məktəblilərin qarşılıqlı səfərlərini də təşkil edir. Bu dəfə Qəbələ Xocavəndlə Beyləqanı, Şamaxı Bakı ilə Bərdəni qarşıladı. Məktəblilər arasında yaranan dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, yeniyetmələrin yaşadıqları ölkəni dərindən tanımalarına, Vətən sevgisinin əməldə təsdiqini tapmasına xidmət edən qarşlıqlı səfərlər "Qardaşlaşmış məktəblər" layihəsinin ikinci mərhələsində uğurla davam edir.
"Qardaşlaşmış məktəblər" artıq beynəlxalq səviyyədə tanınmağa başlayıb. Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Türkiyə və Rusiya məktəbliləri 2016-cı il fevralın 13-dən 16-dək Bakıda qonaq oldular. Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında "Qardaşlaşma sazişi"imzalandı. Xəbər hər üç ölkənin mediasının manşetlərini bəzədi - "Rusiya, Türkiyə, Azərbaycan məktəbliləri Bakıda qardaşlaşdılar".
Martın 30-u daha bir "Qardaşlaşma sazişi" imzalandı. Nardaran məktəbliləri Qubaya səfər etdilər. Quba şəhər Texniki Təmayüllü Lisey və Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin şagirdləri bu qardaşlığın davamlı olacağına söz verdilər. Elə davamı oldu da. Qubalılar Nardarana səfər etdilər. Onları qardaşlıq sazişi imzaladıqları dostları qarşıladı. İki gün Nardaranın və Bakının tarixi yerləri ilə tanış oldular, müsabiqə keçirdilər, gələcək planlar üzərində müzakirələr açdılar.
Qardaşlaşan məktəblərin sayı çoxalır. Noyabrın 18-i Bakı şəhər Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin şagirdləri Salyan rayonu Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyi ilə qardaşlaşdı. Bununla 47 məktəbin adı tarixə düşdü.
Dekabarın 10-da multikultural hadisə baş verdi. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu nəzərə alaraq, bu dəfə "Qardaşlaşma sazişi" müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları məktəblər arasında imzalandı. İmzalanma mərasimi Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsi Şəmkir şəhərində təşkil edildi. Layihəyə İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi, Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli tam orta məktəbi və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin şagirdləri cəlb olundular .
İsmayıllı məktəbindən hapıtlar, Qəbələ məktəbindən ləzgilər, Şəmkir məktəblilərinin ailələrində qonaq qaldılar. Mətbuat bu qardaşlaşmanı belə təqdim etdi: ""Qardaşlaşmış məktəblər" - 50 - Multikultural hadisə".
Bütün "Qardaşlaşma sazişləri"nin imzalanması qonaq qəbul edən rayonların icra hakimiyyəti başçılarının, rəsmi qurumların nümayəndələrinin, ziyalıların xeyir-duası ilə gerçəkləşdi.
Qardaşlaşan məktəblər bir-biri ilə mütamadi əlaqələr saxlayır, bu münasibətin şaxələnməsinə çalışırlar.
Bilik Fondu missiyasını davam etdirir. Şüarımız var: "Qardaşlaşmayan məktəbli qalmasın".
Ceyhun Musaoğlu
Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun mətbuat katibi