Gənclər Fondunun dəstəyi ilə “İrəli” İctimai Birliyi “Gənc Əkinçi-2” layihəsinin icrasına başlayır.
“İrəli”dən verilən məlumata görə, ictimai birliyin gənc jurnalistlərin iştirakı ilə həyata keçirdiyi yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib.
2015-ci ildə İsmayıllıda baş tutmuş layihənin davamı olaraq bu dəfə Qubada keçiriləcək “Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən, asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.
“Azad İradəli Əkinçi”, “Natiqlik və nitq mədəniyyəti”, “Araşdırma jurnalistikası”, ”Münaqişə tərəfi Azərbaycan”, “ KİV-də texnikanın rolu”, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, “Sosial media və ya ənənəvi media” kimi mövzularda peşəkarlar tərəfindən keçiriləcək təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simuliyasiya oyunları gənc jurnalistlər üçün fəaliyyətlərində yeni stimul yaradacaq.
Qeyd olunub ki, 2015-ci ilin iyulun 22-də - Milli Mətbuat Günündə “Gənc Əkinçi” qəzetinin ilk nömrəsi 4000 tirajla çapdan çıxıb. Bu ay ərzində keçiriləcək layihə çərçivəsində “Gənc Əkinçi” qəzetinin növbəti sayının hazırlanması da nəzərdə tutulub.