Qəhrəmanlıq, igidlik xalqın ruhundan doğan, tarixin bütün mərhələlərində zəruri ehtiyaca çevrilərək vətənin, el-obanın müdafiəsinə, xilasına hesablanmış müqəddəs mənəvi dəyərləridir.
Yaxın keçmişimizdə, hazırkı günlərimizdə özümüz də bunların şahidi olmuşuq. Qarabağ müharibəsi illərində vətənin, xalqın dar günündə silaha sarılaraq ayağa qalxan mərd oğul və qızlarımız döyüş meydanlarında böyük şücaətlər göstəriblər. Aprel döyüşləri zamanı qeyrətli vətən övladları işğal edilmiş torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə də igidliklə vuruşub, düşmənə ağır, sarsıdıcı zərbələr vurublar. Erməni faşistləri ilə bu qanlı çarpışmalarda igidlərimiz vətən, el-oba yolunda canlarından belə keçərək, şəhidlik zirvəsinə yüksəlib, qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıblar. Onların arasında Qarabağ müharibəsi cəngavəri, ələkeçməz kəşfiyyatçı Seymur Əhməd oğlu Abışov da var.
Ağcabədi rayonunun Kürdlər kəndində dünyaya göz açan Seymur bölgədə kifayət qədər yaxşı tanınan bir ailədə böyüyüb boya-başa çatıb. Onun atası Əhməd Abışov Qarabağın nüfuzlu ziyalılarından biri olub.Çevikliyi, qeyri-adi gücü, görkəmi ilə yaşıdlarından çox fərqlənən Seymur 1992-ci ilin iyununda Milli Ordu sıralarına çağırılıb. Lakin ayaqlarındakı ciddi problemlər üzündən onun orduya səfərbər edilməsinə icazə verilməyib. Torpaqlarımızın işğalı, qız və gəlinlərin erməni əsirliyinə düşməsi ilə barışmayan yenilməz gəncin qəlbi daim döyüşlərə atılmaq,düşməndən qisas almaq arzusu ilə alışıb,yanıb. Buna görə də təkidlə hərbi komissarlığa müraciət edib. Onun dönməz iradəsi,sonsuz inadı tibb komissiyasını öz fikrindən daşındırmağa vadar edib. S.Abışov Milli Ordumuzun artilleriya divizionuna hərbi xidmətə göndərilib. Burada o, xüsusi hazırlıq mərhələsindən keçdikdən sonra 1992-ci ilin avqustunda Laçın istiqamətindəki hərbi birləşmələrimizin tərkibində döyüşlərə atılıb. İlk günlərdən komandirlərinin tapşırıqlarını mərdliklə,cəsarətlə yerinə yetirən gənc əsgər qısa müddət ərzində yoldaşları arasında böyük hörmət və nüfuz qazanıb. Seymurun yüksək kəşfiyyatçılıq bacarığı sayəsində sözügedən batareya Laçın dəhlizini nəzarət altına götürüb. İgid kəşfiyyatçının verdiyi dəqiq koordinatlar sayəsində düşmənə ağır zərbələr endirilib.
1992-ci ilin 26 avqustunda igid kəşfiyyatçının çatdırdığı dəqiq məlumatlar əsasında ermənilərin xeyli sayda texnikası, zirehli maşını, döyüş sursatı və canlı qüvvəsi ordumuz tərəfindən məhv edilib. Onun və döyüş yoldaşlarının qəhrəmanlığı nəticəsində dəfələrlə Laçının kəndlərində mövqelərimizə edilən düşmən hücumlarının qarşısı alınıb. Həmin ərazidə Seymurun digər bir sərrast koordinasiyası düşmənin 33 ədəd döyüş maşını və texnikasının məhv edilməsinə səbəb olub. Seymur özü döyüşdən sonra müxtəlif silah-sursat, düşmən meyiti qənimət götürərək, sağ-salamat geri qayıdıb.S. Abışov bu dövrdə yerli sakinlər tərəfindən də sevilib, böyük hörmət hissi ilə sayılıb-seçilib. Təsadüfi deyil ki, qoçaqlığına, əməliyyatlarda göstərdiyi cəsarət və igidliyə görə onu "Qaçaq Nəbi" deyə çağırıblar. Seymurun iştirak etdiyi döyüş əməliyyatları bir qayda olaraq, həmişə uğurlu alınıb. 1993-cü ilin 16 avqustunda Topağac yüksəkliyinə edilən düşmən həmləsinin qarşısını alan zaman müasirəyə düşən döyüşçülərimizin xilas edilməsi onun göstərdiyi xidmətin uğurlu nəticəsi hesab olunur. Seymur həmin döyüş zamanı ağır yaralanmış əsgər yoldaşını çiyinlərində apararaq 6 kilometr aralıda yerləşən tibb məntəqəsinə çatdırıb.
Seymurgilin batareyası 1993-cü ilin sentyabrında Beyləqan istiqamətinə göndərilib. Bu zaman ayağındakı problem cəsur döyüşçünü ciddi narahat edib. Ona müalicə olunmaq təklif edilsə də, bununla razılaşmayıb, yenidən döyüş meydanına qayıtmaq istədiyini bildirib.Qorxubilməz kəşfiyyatçı 11 dekabr 1993-cü ildə Beyləqan istiqamətində hücum edən erməni tankının vurulmasında mühüm rol oynayıb. Onun göstərdiyi qəhrəmanlıqlar həmişə komandirləri tərəfindən yüksək qiymətləndirilib,haqqında dəfələrlə təşəkkürlər elan edilib. Döyüş əməliyyatlarının birində Seymurun xidmət etdiyi batareya rabitə əlaqəsinin kəsilməsi təhlükəsi ilə üzləşib. Gecə vaxtı təcili olaraq radio-stansiya üçün akkumulyator gətirilməsinə ehtiyac yaranıb. Bu iş S. Abışova tapşırılıb. Lakin o, döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək ağır yaralanıb. Buna baxmayaraq, özündə güc toplayan qəhrəman döyüşçü mövqelərimizə tərəf sürünüb, yoldaşlarının harada olması barədə məlumat verib.Onun bu məlumatı sayəsində döyüş yoldaşları xilas edilib. Seymur isə aldığı ağır yaralardan çoxlu qan itirdiyi üçün gözlərini əbədi olaraq yumub.
Seymur Abışovun göstərdiyi igidliklər o vaxtlar dillərdə dolaşıb. Haqqında respublika mətbuatında yazılar dərc olunub. Qəhrəmanın adı Kürdlər kəndində fəaliyyət göstərən kolxoza verilərək xatirəsi əbədiləşdirilib.Ancaq kolxoz quruluşunun dağılması ilə əlaqədar olaraq həmin təsərrüfatın fəaliyyəti sonralar dayandırılıb.Odur ki,Seymurun anası Şəndə xanım,qardaşları onun adının digər bir ünvana verilməsi, xidmətlərinin layiqincə mükafatlandırılması üçün dəfələrlə əlaqədar qurumlara müraciətlər ediblər. Şəndə xanım bu istəklə də 2015-ci il dünyasını dəyişib. Yeri gəlmişkən, qeyd edək ki, Seymurun böyük qardaşı Əlvan Abışov da müharibə illərində könüllü olaraq Milli Orduya yazılıb, Qarabağ uğrunda döyüşlərdə fəal iştirak edib.Abışovlar ailəsində Milli Orduda xidmət etmək ənənəsi bu gün də davam etdirilir. Seymurun qardaşı Bilal, digər qardaşı Rasimin oğlu Məmməd hazırda Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi ximət göstərirlər. Onlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə atılmağa,düşməndən qisas almağa hər an hazır olduqlarını bildirirlər.
Yəhya PAŞAZADƏ