Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb.
Ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan prezidentinə məlumat vermək, prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Həmçinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Məsələ ilə bağlı fikirlərini bildirən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək. "Trend"in məlumatına görə, o bildirib ki, fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılması asanlaşdırılacaq: "Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər".
Baş nazirin müavini deyib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni, burada heç bir şey ləğv edilmir. Ə.Həsənov əlavə edib ki, həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq: "Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək".
Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmanın əhəmiyyətindən danışıb.
F.Heydərov "Publika.az"a deyib ki, Azərbaycan xalqının yalnız və yalnız inkişafı, tərəqqisi, rifahı və həyatının yaxşılaşması naminə gedən proseslər içərisində bu fərmanın öz mühüm rolu var: "Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda mövcud olan sahibsizlik nəticəsində torapqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Həmin işğal nəticəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minlərlə insanımız şəhid olub, yaralanıb, 100 minlərlə vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşün insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğı hər zaman əsas olaraq qalacaq. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin tarixində silinməz iz qoyaraq, bu dövlətə sahib çıxıblar. Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan xalqının rifahı naminə bütün gücü ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman diqqətlə yanaşır".
F.Heydərov qeyd edib ki, indi dünyada təkcə iqtisadi böhran deyil, müharibələr, etnik və siyasi münaqişələr baş verir, böyük insan qırğınları müşahidə edilir: "Təbii ki, bunun nəticəsində də dünyada böyük qaçqın və miqrant problemi yaranıb. Xüsusilə də Yaxın və Orta Şərq, ərəb ölkələrində böyük insan qırğınları törədilir. Belə bir alovlu dövrdə Azərbaycan "yaşıl sabitlik adası" kimi inkişaf edir. Bütün bunlar da cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox ağıllı və məntiqli siyasətin nəticəsində mümkün olub. Çox təəssüf ki, dünyada gedən maliyyə böhranı Azərbaycanda da müəyyən iqtisadi çətinliklər yaradıb. Ancaq belə bir zamanda hörmətli Prezidentimiz qaçqın və məcburi köçkünlərlə bağlı çox humanist fərman imzalayıb. Bu fərman insanların maddi və sosial rifahının yüksəldilməsinə töhfə olacaq. Bununla həm də insanlar dərk etməlidir ki, çətinlik hər bir ölkədə olur və ağıllı siyasət yürüdülən ölkədə çətinliyin ömrü uzun olmur. Ona görə də dünyada yaşanan maliyyə böhranının Azərbaycana təsirini ötüşdürmək üçün hər birimiz əl-ələ verib, problemlərə sinə gəlməliyik. Çünki Azərbaycan daha çox inkişaf etdikcə, məcburi köçkünlərin problemləri də ardıcıl olaraq öz həllini tapacaq. Hörmətli Prezidentimizin məcburi köçkünlərlə bağlı son fərmanı bu yolda düşünülmüş çox ağıllı və insanların gələcəyə inamını artıran həyati əhəmiyyətli addımdır. Arzu edirəm ki, 2017-ci il Azərbaycan xalqının həyatında çox uğurlu olsun, iqtisadi planlarımız ləyaqətlə və uğurla həyata keçsin, torpaqlarımızı qaytarmaq istəməyən yağı düşmənlərin arzuları ürəklərində qalsın, yurdumuzda əmin-amanlıq və sülh davam etsin. Hörmətli Prezidentimizin çox ağıllı və mərdcəsinə insanlarımızın qayğısına qaldığı bu siyasət uğurla davam etsin".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə hesab edir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir. O "Trend"ə bildirib ki, fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq:
"İndiyə qədər məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özünə ödənsə də, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi. Məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idi. Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı bir maddi dəstəkdir".
Deputat əlavə edib ki, bu cür ödəniş mexanizminin tətbiqi eyni zamanda məcburi köçkünlərə özlərinin ailə büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədikləri kimi istifadəyə etməyə imkan verir.
"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev isə qeyd edib ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman vaxtında atılmış addımdır və həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir: "Məcburi köçkünlərə həm yemək xərci müavinəti, həm də kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər edilirdi, lakin bu birbaşa həyata keçirilmirdi. Yemək xərci kart vasitəsilə məcburi köçkünlərə, kommunal və digər xidmətlər üzrə ödənişlər isə müvafiq xidmət göstərən qurumlara edilirdi. Bundan sonra isə bu vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək. Bu isə məcburi köçkünlərə edilən ödənişləri xeyli asanlaşdıracaq. Müxtəlif ünvanlarda, o cümlədən, kirayədə yaşayan köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ödənişlərdə müəyyən problemlər yaranırdısa, bundan sonra artıq belə problemlər olmayacaq. Artıq bütün vəsait birbaşa məcburi köçkünlərin özlərinə veriləcək".
A.Nağıyev qeyd edib ki, əvəllər məcburi köçkünlər kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərdən istifadə etmək üçün müxtəlif idarələrdən sənədlər, arayışlar almalı idi və burada da müəyyən çətinliklər yaranırdı:
"Artıq bundan sonra heç bir sənəd almağa ehtiyac qalmayacaq və həmin məbləğ vahid formada kart vasitəsilə məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu vəsaitdən sərbəst şəkildə istifadə edə biləcək. Digər tərəfdən məlumdur ki, bir çox məcburi köçkün ailələri kommunal ödənişlərdən tam istifadə etmirdi və istifadə olunmamış müəyyən qalıqlar yığılırdı ki, məcburi köçkünlər bu qalığı pul şəklində əldə edə bilmirdi. Lakin bundan sonra həmin qalıq pul şəklində məcburi köçkünün özündə qalacaq və onlar bu pulu digər ehtiyaclarına sərf edəcəklər".
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də qeyd edib ki, prezidentin məlum fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq. O, APA-ya bildirib ki, əgər buna qədər istər enerji daşıyıcıları, istərsə də çörəklə bağlı qaçqın və məcburi köçkünlərə ayrılan normalar müvafiq qurumlar tərəfindən verilirdisə, bundan sonra hər məcburi köçkünə konkret 36 manat ayrılacaq və onlar birbaşa bu məbləğdən istifadə edə biləcəklər: "Eyni zamanda, vəsait itkisinin qarşısı alınacaq, mexanizmlər sadələşəcək və hər bir qaçqın, məcburi köçkün ona ayrılan vəsaiti özünə uyğun şəkildə istifadə etmək imkanı qazanmış olacaq. Bu mənada prezidentin fərmanı irəliyə atılmış bir addımdır".
M.Quliyevin sözlərinə görə, fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq, nəinki hansısa qurumdan: "Pul onların plastik kartına oturulacaq, yaxud nağd şəkildə veriləcək, bu, artıq prinsipial deyil. Əsas odur ki, birbaşa özlərinə veriləcək".
Ceyhun ABASOV