Qax rayonunun mətbəxinə aid xəmir xörəklərdən söhbət düşəndə, şübhəsiz ki, ilk növbədə, sürhüllünün adı çəkilir.
AzərTAc xəbər verir ki, İlisu kəndinin sakini Sevda Hacımuradova Qaxda hər hansı ailəyə qonaq gələndə sürhüllü xörəyinin bişirilməsinin adət halını aldığını bildirib.
S.Hacımuradova bu təamın bişirilmə qaydasından danışarkən deyib: “Sürhüllü qaxac edilən və ya təzə kəsilən ətlə bişirilir. Altı nəfərlik xörəyin bişirilməsi üçün 1 kiloqram un lazımdır. Xörəkdə istifadə olunacaq ətli şorba əvvəlcədən bişirilir. Xörək üçün ayrılan buğda unu ələndikdən sonra çox da bərk olmayan xəmir yoğrulur, ona azca duz vurulur. 10-15 dəqiqə mayalandıqdan sonra taxtanın üzərində kündələnir, əllə uzunsov formada yumrulanır, kəsilərək kiçik bərabər hissələrə bölünür. Həmin hissələr barmaqla çəkilir. Tez və yaxşı bişmək üçün sürhüllülər içərisi boş, xırda boruvarı formada olmalıdır. Daha sonra sürhüllülər qazanda qaynamaqda olan suya tökülür. Bişdikdə sudan çıxarılıb boşqablara yığılır. Sürhüllülərin üzərinə əvvəlcədən bişirilən ətli şorba tökülür, üstünə ət tikələri qoyulur. Xörək süfrəyə meyvə turşusu və sarımsaqla verilir.”
Qurudularaq qaxac edilən ətdən sürhüllü, əriştə, xingilli kimi xəmir xörəklərinin, həmçinin qozlu plovun bişirilməsi rayonun dağ kəndləri üçün daha xarakterikdir. Xəmir xörəkləri xüsusilə qış aylarında ailələrin menyusunun əsasını təşkil edir. Ümumiyyətlə, Qaxda qaxac hazırlamaq adəti qədim dövrlərdən gəlir. Qurudulan ətdən bişirilən xörəklər Qax mətbəxini daha da zənginləşdirib, onu digər bölgələrdən fərqləndirib.
Qeyd edək ki, Qax rayonunun milli mətbəxinin özünəməxsusluğu və zənginliyi nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Qax şəhəri 2015-ci ildə “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib.