Onun adı İradədir. İradə Malik qızı Məmmədova. O, Azərbaycanın gözəl guşəsi Masallının adlı-sanlı Əhmədli nəslində dünyaya göz açanda bir ailənin sevinci idi. Bu gün isə İradənin yubileyi bizim hamımız üçün sonsuz sevincdir. İradə bir ailənin deyil, onu tanıyan yüzlərlə insanın sevincinə necə çevrildi?
Deyirlər, ot kökü üstə bitər. Tarixi mənbələrin məlumatına görə, kökü oğuz türklərinə - Bayandur boyundan olan Ağqoyunlulara bağlı Əhmədli tayfası daha çox Şərqi Anadoluda, Qarabağda və Muğanda məskunlaşmışdı. İradənin Masallıda Əhmədli kəndinin əsasını qoyan ulu babası Əhməd Göyünün nəslindən olanlar sonralar məscid tikdirmək, mədrəsə açmaq, Qahirə, Nəcəf, Bağdad və Tehranda oxuyan tələbələrə maddi yardım göstərməklə öz xeyirxah əməlləri sayəsində Ərdəbildən Salyana qədər ərazidə sözü eşidilən hörmət və nüfuz sahibinə çevriliblər. Babası Məhəmməd Hacı İmran oğlu Müsavat ordusunun tərkibində bolşeviklərə qarşı vuruşduğu üçün həbs edilsə də, Lənkəran xanının qızı, bolşevik hakimiyyətində vəzifəsi olan Suğra (və ya Tuğra) xanımın və onu müdafiə edən Əhmədli camaatının himayəsi sayəsində ölüm hökmündən və sürgündən qurtara bilir...
... İllər keçir. Masallı şəhərində Malik kişinin ailəsində 7 uşaq böyüyür və hamısı da ali təhsil alır. İradədən başqa, bütün bacı-qardaşlar öz ixtisas seçimlərini dəqiq və təbiət elmləri ilə bağlayırlar. Nəsildən-nəslə ötürülən ağır və şərəfli tarixi keçmiş, bəlkə də, genetik yaddaşda həkk olunmuş ecazkar bir qüvvə İradəni öz həyatını məhz tarix elmi ilə bağlamağa sövq edir. Azərbaycan Slavyan dilləri Universitetində rus dili və ədəbiyyatı ixtisası üzrə ilk ali təhsilini başa vurduqdan sonra, ikinci ali təhsil kimi Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini seçir.
İradənin məhz bu universitetdə tarix elminin sirlərinə yiyələnməsi, görünür, heç də təsadüfi deyilmiş, bunda da taleyin bir hökmü varmış. Bir qədər sonra ata-baba ocağının yerləşdiyi Lənkəran bölgəsinin tarixi, xüsusilə Lənkəran xanlığının Rusiya işğallarına qarşı göstərdiyi mətanətli mübarizə, gələcəkdə müvəffəqiyyətlə müdafiə edəcəyi namizədlik dissertasiyası işinin mövzusu olur. Lənkəranda təhsil aldığı illər həm də tarixçi-alim, t.e.d., professor Tofiq Mustafazadə ilə tanışlığı ilə əlamətdardır. Elmə olan həvəsi və istedadı ilə müəlliminin diqqətini cəlb edən İradə onun tövsiyəsi ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına daxil olur. İradənin bir tarixçi kimi istedadını institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov xüsusilə qiymətləndirir. İradə 2003-cü ildən bu elm ocağında çalışmağa başlayır və iki ildən sonra "Lənkəran xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
Əski slavyan yazılarını mükəmməl oxuya bilməsi ona Rusiyanın müxtəlif arxivlərində gərgin axtarışlar aparmaq imkanı verdi. Təkzibedilməz ilkin qaynaqlar əsasında Lənkəran xanlığının real tarixini, xanlığın banisi, Səfəvilər nəslindən olan Seyid Abbas haqqında bilmədiklərimizi, Lənkəran xanlarının kimliyini, xanlığın I Rusiya-İran müharibəsi dövründəki vəziyyətini hərtərəfli tədqiqata cəlb edə bildi. İradənin 2007-ci ildə işıq üzü görən Azərbaycan tarixşünaslığını yeni məlumatlarla zənginləşdirən "Lənkəran xanlığı Birinci-Rusiya-İran müharibəsi dövründə" monoqrafiyası qardaş Türkiyədə də "Rusya ile İran arasında Azerbaycan (Lenkeran Hanlığı)" adı ilə nəşr edilib.
AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi altında hazırlanmış "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyasının müəlliflərindən biri kimi İradə Məmmədova 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı kimi yüksək fəxri ada layiq görülüb...
İradənin qazandığı fəxri adlar, mükafatlar çoxdur. Amma bu adlar içində bizim və onun üçün ən qiymətlisi DOST adıdır.
Canımız qədər əziz dostumuz! Sənə olan ən ülvi duyğularımızı məşhur türk şairi Can Yücelin misraları ilə bölüşürük:
Dostlar ırmak gibidir -
Kiminin suyu az, kiminin çox,
Kimində əlləriniz ıslanır yalnızca,
Kimində ruhunuz yıkanır boydan boya.
İnsanlar da vardır; bərrak, pırıl-pırıl bir dəniz.
Boşa gitməz nə qədər güvənsəniz.
Dibini görürsünüz her şey meydanda.
Qorxmadan dalarsınız, sizi sarar bir anda.
İçi dışı birdir çəkinmə ondan.
Hər sözü içtəndir, hər davranışı candan...
Tofiq Mustafazadə, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri, professor
Güntəkin Nəcəfli
Fərəh Hüseyn
Nərminə Əmirbəyova
Mehri Xanbabayeva
Emilya Əliyeva
Aynur Bəşirli