Alimlər Yeni Zelandiya, Kaledoniya və onların yaxınlığındakı adaların 90 faizdən çox hissəsi Sakit okeanın suları altında gizlənən ümumi kontinental plitənin üzərində yerləşdiyini müəyyən ediblər. Bununla bağlı, həmin ərazinin vahid qitə hesab edilməsi təklif olunur.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, avstraliyalı, yeni zelandiyalı və kaledoniyalı alimlər burada Qondvana superqitəsindən söhbət getdiyini iddia edirlər. Plitənin sahəsi 4,9 milyon kvadratkilometrdir.
Tədqiqat müəlliflərinin fikrincə, suyun üstündə qalan ərazilərə gəldikdə, onlar qitənin bütün tələblərinə cavab verir: sərhədləri dəqiq müəyyən olunub, müxtəlif geologiyaya malikdir və dünyanın digər hissələrindən fərqlənir, faydalı qazıntı yataqlarına və geniş kontinental şelflərə malikdir.
Lakin bir sıra alimlər həmkarlarının “kəşfinə” skeptik yanaşırlar. Məsələn, Kaliforniya Universitetindən olan Brit Lendik hesab edir ki, tədqiqatın müəllifləri güclü sübut bazası toplasa da, bütün hallarda bu məsələ ilə bağlı problemlər yaranacaq.