20-ci əsrin 30-cu illərinin Sovet repressiya rejiminin qurbanı olmuş lirik şairimiz Mikayıl Müşfiqin adı son günlər məlum bir hadisə ilə bağlı ictimaiyyətin diqqət mərkəzindədir.
İnsanların Müşfiq sevgisinin bir daha özünü biruzə verməsi ilə yaranan ab-hava bizi də Gəncədən onunla bağlı təsirli bir epizodu xatırlamağa sövq etdi.
Azərbaycan romantizminin doğan günəşi Mikayıl Müşfiq 1938-ci ildə, ölkəni bürümüş qaba inkvizisiya tərəfindən məhv edildi. Nəşinin yeri belə ilim-ilim itiriləcək incə qəlbli oğlunun güllələnməsi xalqın qəlbini göynətsə də nadanların ritorikası ilə hipnoza düşmüş cəmiyyətdə neçə-neçə işıqlı zəkaların qeyb olması kimi, bu itki də müti bir sakitliklə qarşılandı.
Belə bir mühitdə Gəncədə, ədəbiyyat və poeziya ilə bağlı olan bir nəfər Müşfiqin başına gətirilənlərə dözməyərək, qəlbinin üsyanını şeirə köçürdü. Üstəlik, aşkar etirazının öz başına bəla gətirəcəyini bilə-bilə şeiri “Ədəbiyyat qəzeti”nə göndərdi.
Müşfiq - nə qədər də mənalı, dərin,
Adi şeiriyyəttək incə, nazənin.
Əbəd yolçusudur, yol verin ona,
İlhamdan düşmüşdür od buluduna.
Həyat atəşi var nəşidəsində,
Müşfiq yaşayacaq xalqın səsində!
Amma “Ədəbiyyat qəzeti” əvəzinə müəllifə NKVD cavab verdi. Onsuz da xeyli müddətdir “Hüseyn Cavid, Əhməd Cavad kimi pantürkistləri yamsılayan arzuolunmaz element” kimi “tənqid” olunduğundan, onu - Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsi sədrinin müavini Səlman Əhmədlini ailəsi ilə birlikdə dörd illiyinə Türkmənistana, Krasnovodska sürgünə göndərdilər.
Səlman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu “Difai” milli təşkilatının üzvü idi və sonra 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə Üsyanında həlak oldu (elə 18 yaşlı Səlman da o vaxt üsyançılara yemək apararkən düşmən mərmisinə tuş gələrək ağır yaralanmış və həmin mərminin qəlpələrinin bir qismini bütün ömrü boyu bədənində gəzdirmişdi). Anası Münəvvər Saleh bəy qızı, Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.
1927-ci ildə Azərbaycan Pedaqoji Universitetinin ilk məzunlarından olan gəncəli ədəbiyyatşünas, müəllim və şair Səlman Əhmədli yaradıcı mühitdə tanınmaqla, bu çevrədə olan bir sıra şəxslərlə, o cümlədən, Müşfiqlə dostluq edirdi. Hətta Əhməd Cavad, Hüseyn Cavid, Səməd Vurğun və Mikayıl Müşfiq Gəncə pedaqoji texnikumunda bir müddət müəllim işləməklə burada onun həmkarları olublar.
Müşfiq və Cavadla dostluğu Səlman Əhmədlinin yaradıcılıq yönünə də təsirini buraxmışdı. Onun 20-30-cu illərdə Azərbaycan mətbuatında çap olunmuş şeir və poemalarında bu ruh yaxınlığını hiss etmək olur.
“1928-ci ildə Gəncə pedaqoji texnikumunda müəllim işləyərkən atama bu böyük ismlərlə həmkar və dost olmaq şərəfi nəsib olmuşdu. Bu haqda o, bizə - mənə və qardaşım Mobilə həmişə qürurla danışardı. Xüsusən çox sevdiyi Müşfiq haqda deyərdi ki, onun hər misrası elə adının verdiyi mənaya uyğun olaraq, şəfəq saçır! Bizim babamız zərgər məşədi Ağamirzənin tikdirdiyi bu evimizin dili olsaydı, bura gələn qonaqlar, onların seir məclisləri haqda nələr danışmazdı?” - bu sözlər görkəmli sənətkarımız mərhum Mobil Əhmədovun qardaşı, 2012-ci ildə özü də haqqın rəhmətinə qovuşan dəyərli ziyalı Bəşir Əhmədovun bu sətirlərin müəllifinin 2011-ci ildə çəkdiyi bir film üçün verdiyi müsahibədəndir.
Bəşir müəllimin atasının söylədiklərindən gətirdiyi xatirələr maraqlı məqamlarla doludur. Fikir verin, 1932-ci ildə, Mikayıl Müşfiqin Dilbər xanımla nişan mərasimində iştirak edən Səlman Əhmədli mətbuatda yenicə çap olunmuş “Leyla” poemasını məclisdəkilər üçün oxuyur. Buradaca Müşfiq Səlmana yarızarafat, yarıgerçək “Leyli ilə Məcnunun əhvalatını ilk dəfə Nizami Gəncədə qələmə alıb, bəlkə sən də bu işə girişəsən, bir “Leyli və Məcnun” yazmaqla bu əsəri Gəncədə də bitirəsən” deyə, məsləhət verir. Və Səlman, dostlarının onun bacarığına verdikləri yüksək qiymətdən ruhlanaraq, bu işə girişir.
Ruhuna yaxın olan Cavad, Cavid, Müşfiq kimi ismlər gedər-gəlməzə göndərildikdən, həmçinin sürgündən dönüb burada həqiqəti yarımhəqiqətə dəyişmiş mühitlə rastlaşdıqdan sonra özünə çox az qəlb sirdaşı tapan Səlman Əhmədli həmin “Leyli-Məcnun”u düz 33 il ərzində yavaş-yavaş, sanki könül təsəllisi naminə sakitcə yazaraq, 70 illik ömrünün bitməsinə bir müddət qalanacan tamamlaya bilir.
Zakir MURADOV
Gəncə