“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması bizim üçün yaxşı olmayan situasiyadır”.
APA-nın məlumatına görə, bunu Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Azərbaycanda rus icmasının olduqca rahat və çox aktiv fəaliyyət göstərdiyini, 16 000 tələbənin burada rus dilində ali təhsil aldığını xatırladan M. Zabelin bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti də həmişə qanunauyğun olub: “Son həftə Rusiya Dövlət Dumasının deputatları ilə əlaqə saxlamışam. Bu məsələ bizi ciddi narahat edir”.
Deputat ümidvar olduğunu bildirib ki, məhkəmə ÜAK-ın bağlanmasına dair qərar verməyəcək və məsələ azərbaycanlıların xeyrinə nəticələnəcək.
Spiker Oqtay Əsədov isə bildirib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır: “Cənab Zabelin, siz məktubla Rusiya Ədliyyə Nazirliyinə müraciət edin və bunu onlara bildirin. İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin”.
M. Zabelin isə xatırladıb ki, artıq müraciət hazırlanıb və göndərilib. O əmin olduğunu bildirib ki, bu, nəzərə alınacaq.