Məlum olduğu kimi, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib.
Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması kimi hər hansı qurumun ləğvi üçün yetərli olmayan səbəblərin tam subyektivliyindən bəlli olur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi iki ölkə arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar.
Halbuki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. İki ölkə prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Ölkəmizdə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılıb və bu siyasət hazırda da davam etdirilir.
Bütün bunlarla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Bu mənada, qərar qəbul olunarkən Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşaması, qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilməsinin nəzərə alınmaması şübhələrin əsassız olmadığını göstərir.
Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolu oynayır və bu əlaqələrin sağlam məcrada saxlanması istiqamətində məqsədyönlü fəaliyyət aparır. Bu qərar isə Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.
Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salacaq. Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?
Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib, həmçinin Prezident V.Putin ona təbrik məktubu göndərib. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?
Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib. APA-ya daxil olan bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb: "16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşməsində böyük rol oynayıb. Lakin qeyd etmək lazımdır ki, ötən illər təşkilatın fəaliyyətində tələb olunan sənədlərin qeydə alınması və baxılması sahəsində yanlışlıqlara yol verilib, Rusiya Ədliyyə Nazirliyinin məktubuna operativ reaksiya verilməyib, Mərkəzi Şuranın iclaslarının keçirilməsi üçün verilən müddətlə bağlı tələbə riayət edilməyib və digər texniki səhvlər buraxılıb. Bununla yanaşı, regional toplantılarda nöqsanlara yol verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən əsassız ittihamlar irəli sürülüb. Bu iradlar hətta əsaslı olsa belə, həmin nöqsanlar iclaslarda yetərsay məsələsinə və qəbul olunan qərarların legitimliyinə təsir etməyib. Üstəlik, həmin nöqsanlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz".
Bəyanatda deyilir ki, Ədliyyə Nazirliyi bu iradların hüquqi əsasının olmaması ilə bağlı bütün yazılı dəlilləri qəbul etməkdən imtina edib: "Bütün bunlar onu sübut edir ki, nazirliyin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayrılmaz hissəsi olan diaspor təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir. Bütün ittihamlar, əsaslı və əsassız olmasından asılı olmayaraq, tam texniki xarakter daşıyır və təşkilatın fundamental vəzifələri ilə əlaqəsi yoxdur".
F.Qurbanov qeyd edib ki, bu gün iki ölkə prezidenti arasında dostluq münasibətləri və əlaqələrin səviyyəsi bütün problemləri həll etməyə imkan verir: "Ali Məhkəmənin qərarı uzağagedən nəticələrə səbəb ola bilər. Mən regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək sakitliyi qorumağa və ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıram. Biz Ali Məhkəmənin qərarını qəbul etmirik və ümid edirik ki, Rusiyanın ali məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq. Mən ölkənin siyasi rəhbərliyindən və şəxsən Vladimir Putindən xahiş edirəm ki, baş vermiş hadisəyə diqqətlə yanaşsın".
Milli Məclisin plenar iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var: "Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bunu onların politoloqları, siyasətçiləri də açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir".
AZƏRTAC-ın məlumatına görə, B.Muradova bildirib ki, bu vəziyyət ciddi narahatlıq doğurur: "Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir. Bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir, vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Düşünürəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil".
Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir: "Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin. Başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var".
Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı qərardan narahatlığını bildirib.
M.Zabelin Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara tolerant münasibətini yüksək qiymətləndirib. O deyib ki, Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndirirlər: "Konqresin ləğvi ilə bağlı qərar bizi də narahat edir. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar məsələyə münasibətlərini ifadə etdilər".
Parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi Azərbaycan ictimaiyyətini ciddi narahat edir: "Bu addım Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Rusiyada bəzi qüvvələr öz maraqlarını üstün tutaraq iki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışır. Bunun qarşısı alınmalıdır. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edir. Azərbaycan həmişə Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir və bunun da qarşılığını görmək istəyir. Azərbaycan parlamenti, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı Rusiya tərəfinə ciddi müraciət etməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri də bu məsələyə münasibət bildirməlidirlər".
Deputat, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli isə bildirib ki, Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib: "İndi isə növbə Rusiyanındır".
Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə etirazını bildirən Ə. Hüseynli qeyd edib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: "Rusiya tərəfi bilməlidir ki, ali məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək".
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev da konqresin ləğvinə münasibət bildirib. O qeyd edib ki, Rusiyada məhkəmənin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin ləğvi xoş hadisə deyil: "Təsirli apellyasiya şikayəti hazırlamaq, hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmaq lazımdır. Madam ki, məsələ məhkəməyə kimi gedib, onda bu problemi Rusiya qanunvericiliyinə əsasən, həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istəyirəm. İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur. İllərlə, onilliklərlə, əsrlərlə qurulan, qorunan bu münasibətlərə lokal bir hadisə xələl gətirməməlidir. Məsələni həll etmək mümkün olmayacaqsa, yeni təşkilat yaratmaq, onun formalaşmasında qanunu bütün dəqiqliyi ilə əsas götürmək və tam həcmdə Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyini bərpa etmək lazımdır. Əminəm ki, nizamlı və keyfiyyətli işi bütün Rusiya və Azərbaycan vətəndaşları istəyər. Çünki xalqlarımız arasında dostluq hamımız üçün baza dəyəri olaraq qalır".
Deputat Hikmət Babaoğlu isə APA-ya bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub: "Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir. Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır, bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya, eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktorlardan biridir. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır".
H.Babaoğlu hesab edir ki, Rusiyanın müvafiq strukturları özlərində müdriklik taparaq qarşıdakı bir aylıq hüquqi prosesdə ÜAK-ın qeydiyyatını yenidən bərpa edəcək: "ÜAK Rusiyanın ictimai-siyasi həyatında məhz ictimai ahəngdarlığın qorunması, ictimai münasibətlərdə harmoniyanın yaradılması, eyni zamanda Rusiya və Azərbaycan arasında bir xalq diplomatiyasının, ictimai körpünün mövcud olması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə münasibətə layiq deyil".
Ceyhun ABASOV